Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:19

Akif Çovdarovun həyat yoldaşı və övladları məhkəməyə nə yazıb?


A.Çovdarov
A.Çovdarov

MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinə rəhbərlik etmiş general Akif Çovdarovun 12 illik həbsi barədə hökmdən onun özü ilə yanaşı, həyat yoldaşı və övladları da şikayətçidir. İbadət Çovdarova və övladları Ruslan Çovdarovla Aidə Qasımova hökmün mal-əmlak hissəsindən şikayət verib. Çovdarovun övladları onların adlarına olan əmlakların da müsadirə olunmasına etiraz edirlər.

A.Çovdarovun ailə üzvlərinin də hökmdən şikayət verməsi mayın 8-də məhkəmədə məlum olub. Bakı Apellyasiya Məhkəməsində A.Çovdarov və onun tabeliyində işləmiş polkovnik Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun haqqındakı hökmdən şikayət üzrə məhkəmənin ilkin baxış iclası keçirilib. Sabiq MTN-çilərin apellyasiya şikayətini Faiq Qasımovun sədrlik etdiyi hakimlər kollegiyası araşdırır.

***Buna da bax-Eldar Mahmudovun vəkili bəlli oldu: 'Onun məcburi gətirilməsinə ehtiyac yoxdur'

A.Çovdarov məhkəməyə həkim müşayiəti ilə gətirilib.

Çovdarovlar ailəsinin vəkili Azər Tanrıverdiyev hakimlərə müraciət edərək, generalın övladlarının apellyasiya şikayəti haqqında məlumat verib. Bu zaman məlum olub ki, generalın oğlu R.Çovdarov şikayətində həm də atasının həbsindən sonra evlərində axtarış aparılan zaman pullarının oğurlandığını yazıb.

Vəkil Çovdarovun həyat yoldaşı və övladlarının maraqlı şəxs qismində tanınmasını və onların da apellyasiya şikayətinə baxılmasını istəyib.

Hakim deyib ki, qanunvericilikdə tərəf olmayan şəxslərin şikayətinin icraata götürülməsi məsələsinin necə tənzimlənməsi araşdırılacaq, bundan sonra qərar veriləcək.

A.Çovdarovun vəkili Kamandar Nəsibov məhkəmənin qapalı keçirilməsi barədə vəsatət qaldırıb: «Bu işdə dövlət sirri təşkil edən məsələlərdən bəhs olunur».

***Buna da bax-MTN generallarına hökm oxundu

Vəsatət təmin olunub və jurnalistlər məhkəmə zalından çıxarılıb.

AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, məhkəmə prosesinin davamında Çovdarovun vəkili K.Nəsibov və S.Məmmədovun müdafiəçisi Elçin Sadıqov apellyasiya şikayətlərinə qismən məhkəmə istintaqı aparılmaqla (sübutların araşdırılması, şahidlərin dindirilməsi və s.) baxılması barədə vəsatət qaldırıblar. Amma bu vəsatət təmin olunmayıb.

MTN generalı və işçilərinin məhkəməsi mayın 22-də davam edəcək.

Xatırlatma

A.Çovdarov və işçiləri 2015-ci ilin oktyabrında MTN ətrafındakı məlum hadisələrdən sonra həbs olunub. Ümumilikdə həbs edilən MTN-çilərin sayı 20-dən artıq olsa da, istintaqın sonunda onlar bir neçə qrupa bölünüb və işləri ayrı-ayrılıqda məhkəməyə göndərilib.

Məhkəmənin oktyabrın 30-da elan etdiyi hökmlə A.Çovdarova 12 il, S.Məmmədova 11 il, A.Əliyevə 5 il, O.Osmanova isə 4 il həbs cəzası verilib. Həmçinin, onların hərbi rütbələrdən məhrum edilməsi üçün prezidentə və Dövlət Təhlükəsizliyi Xidmətinə təqdimat göndərilməsi haqda xüsusi qərar çıxarılıb.

2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Daha iki ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG