Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 12:56

Ailəsi ölkədən qaçan general buna görə suçladığı qaynını bağışladı


E.Şəkinski

Nazirliyin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, general-mayor Emin Şəkinskinin keçmiş həyat yoldaşı Gülnarə Şəkinskaya və dörd övladının Azərbaycandan qaçıb xarici ölkədə sığınacaq almasına görə cinayət məsuliyyətinə cəlb olunanlardan biri də generalın keçmiş qaynı Fərid Yusubdur. O, E.Şəkinskinin ailəsinin saxta sənədlərlə ölkədən qaçırılmasıyla yanaşı, həm də generalın evindən 60 min manatın oğurlanmasında ittiham olunur.

Zərərçəkmiş qismində tanınan general artıq şikayətçi deyil. Martın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində onun nümayəndəsi belə deyib.

E.Şəkinskinin ailəsinin ölkədən qaçmasıyla bağlı bir neçə il əvvəl bu məhkəmədə 12 nəfər haqqında hökm çıxarılıb. Onların bir qisminə şərti cəza, bəzilərinə isə 8 ilə qədər həbs verilib. F.Yusub xaricdə olduğundan beynəlxalq axtarışa verilib və 2017-ci ildə Rusiyada tutulub Azərbaycana təhvil verilib. İndi məhkəmədə onun işinə baxılır.

Şahidlər nə deyir

Martın 5-də məhkəmədə öncə şahidlər dindirilib. Onların ikisi əvvəl bu cinayət işi üzrə məhkum edilmiş şəxslər olub.

Şahidlərdən Şaban Hüseynov deyir ki, taksi sürücüsüdür. Bu işə görə əvvəl məhkum olunmuş Pənah Dadaşovu tanıyır, onu uşaqlarla birlikdə Gürcüstana aparıb. Amma həmin uşaqların kimin övladları olduğunu bilməyib.

Digər şahid Tahir Hüseynov isə özü bu olaya görə cəzalandırılanlardan biridir. O, E.Şəkinskinin keçmiş həyat yoldaşı Gülnarə Şəkinskayanın uşaqları ilə birlikdə Gürcüstana keçirilməsində iştirakına görə məhkum edilib.

Generalın övladları üçün başqa adla şəxsiyyət vəsiqəsi və pasport alınmasında iştirak etmiş Pərvin Dadaşov da məhkəmədə dindirilib. O da bu işə görə cəzalandırılanlardan olub.

Dindirilən daha bir şahid Adəm İsgəndərov olub. Generalın qızlarının ikisi A.İsgəndərovun uşaqlarının sənədi ilə ölkədən çıxarılıb. A.İsgəndərov deyir ki, hadisədən xəbəri yoxdur, özü də Gürcüstana getməyib.

Uşaqlardan birinə Bərdənin kəndində hələ 1 yaşı olarkən ölmüş uşağın doğum haqqında şəhadətnaməsi əsasında şəxsiyyət vəsiqəsi, ardınca da pasport hazırlanıb. Həmin sənədlə də o, ölkədən çıxarılıb.

Dindirilən şahidlər təqsirləndirilən F.Yusubu tanımadıqlarını, Gürcüstanda G.Şəkinskayanın yanında da onu görmədiklərini deyiblər.

İttihamda isə yazılıb ki, F.Yusub ölkədə olmasa da, bacısına Skype vasitəsilə təlimatlar verib, G.Şəkinskaya da onun dedikləri əsasında hərəkət edərək, atalarından gizli şəkildə uşaqları ölkədən qaçırıb.

60 min manat üzrə bəraət alıblar

Hakim elan edib ki, iş üzrə şahid kimi tanınan şəxslərin hamısı dindirilib və məhkəmə istintaqını tamamlamaq olar. Bu zaman zərərçəkmiş E.Şəkinskinin nümayəndəsi bildirib ki, general təqsirləndirilən şəxsə qarşı şikayətçi deyil. O, növbəti məhkəmə iclasına E.Şəkinskinin şikayət və tələbinin olmaması barədə ərizə təqdim edəcək.

Məhkəmədə o da məlum olub ki, bundan əvvəl baxılıb, haqqında hökm çıxarılan adamlara Ali Məhkəmə generalın evindən 60 min manatın oğurlanması ittihamı üzrə bəraət verib.

F.Yusub CM-nin 177.3.2 (külli miqdarda ziyan vurmaqla oğurluq), 318.2 (dövlət sərhədini qanunsuz keçmə) və 320-ci (saxta sənədlər hazırlama və ya belə sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunur. Lakin o, özünü təqsirli bilmir. Deyir ki, o, 2008-ci ildə Azərbaycanı tərk edib və 2014-cü ildə bacısıgil xaricə gedəndə də ölkədə olmayıb. F.Yusubun sözlərinə görə, bacısı Gülnarə 1998-ci ildə Emin Şəkinski ilə ailə həyatı qurub, 2008-ci ildə isə rəsmi qaydada ayrılıblar. Heç vaxt bacısının ailə işlərinə qarışmayıb: «İttiham əsassızdır. Bacım uşaqlarını da götürüb ölkəni tərk etmək haqqında mənə heç nə deməyib. Oğurlandığı iddia edilən 60 min bacımın evində olub. O pulun Emin Şəkinskiyə aidiyyəti yoxdur. Bacımın pulu olub, istifadə edib».

XS
SM
MD
LG