Keçid linkləri

2024, 06 Dekabr, Cümə, Bakı vaxtı 21:34

Avropa Məhkəməsi Gülalıyevin işi üzrə qərarını açıqlayıb


Oqtay Gülalıyev
Oqtay Gülalıyev

Martın 5-də Avropa İnsan Hüquqları Məhkəməsi hüquq müdafiəçisi Oqtay Gülalıyevin şikayəti üzrə qərarını açıqlayıb. Məhkəmə şikayəti baxılacaq işlər siyahısından çıxarıb.

Bu barədə AzadlıqRadiosuna Xalid Ağalıyev məlumat verib.

Hüquqşünasın sözlərinə görə, Oqtay Gülalıyev AİHM-ə 2012-ci ildə şikayət edib:

“Həmin ildə Gülalıyevə cinayət işi açılmışdı, ona qarşı həbs qətimkan seçilmişdi. Avropa Məhkəməsində mübahisələndirilən məsələ məhz bu idi. Ərizəçi kommunikasiya zamanı qarşı tərəfin şikayəti dostca həll təkliflərini rədd etmişdi. Dövlət isə iddia olunan pozuntunu (maddə 5.3) etiraf edib və ərizəçiyə 3500 avro ödəməyi üzərinə götürüb. Sonra isə məhkəməyə təktərəfli deklarasiya təqdim edib, şikayətin Konvensiyanın 37-ci maddəsinə uyğun olaraq siyahıdan çıxarılmasını istəyib".

Xalid Ağalıyevin dediyinə görə, AİHM qərarında qeyd edir ki, təktərəfli deklarasiya haqda Gülalıyevə məlumat göndərilib, amma o, həmin məlumata cavab verməyib.

"Beləliklə, məhkəmə şikayətin siyahıdan çıxarılmasını məqsədəuyğun hesab edib. Dövlət Ərizəçiyə 3500 avro təzminat ödəyəcək".

XATIRLATMA

Oqtay Gülalıyev hazırda Türkiyədə müalicədədir.

Ötən il oktyabrın 29-da axşam saatlarında hüquq müdafiəçisini avtomobil vurub. Şahidlərin sözlərinə və sosial şəbəkələrdə yayılan videogörüntülərə görə, hadisə Gülalıyev piyadalar üçün nəzərdə tutulan keçiddən keçərkən baş verib. Məlumatlara görə, qəza baş verəndən sonra avtomobil sürücüsü özü Oqtay Gülalıyevi xəstəxanaya çatdırıb.

Bəzi ictimai fəallar qəzanın qəsdən törədilmədiyi ilə bağlı hüquq-mühafizə orqanlarının açıqlamasına şübhə ilə yanaşırlar.

Oqtay Gülaliyev Repressiya və İşgəncələr Əleyhinə Komitənin koordinatorudur. O, həmin gün, oktyabrın 29-da Repressiya və İşgəncələr Əleyhinə Komitənin “İşgəncələrə son qoyulsun!” adlı 10-günlük ictimai kampaniyaya start verdiyini açıqlamışdı.

Hakimiyyət rəsmiləri isə saxlanma yerləri və cəzaçəkmə müəssisələrində işgəncə olması ilə bağlı şikayətləri adətən əsassız sayırlar. Onların demələrinə görə, belə şikayətlər həqiqəti əks etdirmir və qərəzli olur.

XS
SM
MD
LG