Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:05

Azərbaycanda qanında HİV tapılmış cütlüklər nə edirlər?


Qan analizi
Qan analizi

“Nikahdan əvvəl ikimiz də tibbi müayinədən keçdik. Məndə talessemiya daşıyıcılığı çıxdı, nişanlımda yox. Bu vaxtadək daşıyıcı olduğumu bilmirdim. Düzdür, bu, xəstəlik deyil. Ancaq ikimiz də daşıyıcı olsaydıq, risk qrupuna düşəcəkdik. Nişanlım da mənim kimi daşıyıcı olardısa, bilmirəm, ailə qurmaq haqqında düşünərdikmi?”.

Adını çəkmək istəməyən 25 yaşlı qız bir neçə aydır ailə qurub. O da indi, bütün yeni ailə quranlar kimi, nikahdan əvvəl tibbi müayinədən keçib.

Ötən il iyunun 1-dən Azərbaycanda cütlüklər nikahdan əvvəl məcburi qaydada tibbi müayinədən keçirlər. Yeni ailə quranlar talassemiya, sifilis və AİDS-lə bağlı müayinə olunurlar. Müayinələr dövlət hesabına – pulsuz aparılır.

9 min 131 nəfər talassemiya daşıyıcısı...

B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva AzadlıqRadiosu-na deyir ki, sentyabr ayında nikaha daxil olmaq istəyən 10 min 990 nəfər tibbi müayinədən keçib:

Zöhrə Əlimirzəyeva: 'İndiyədək 849 nəfərdə sifilis, 133 nəfərdə isə AİDS aşkarlanıb'
Gözlə

No media source currently available

0:00 0:01:41 0:00

“Nikaha daxil olmaq istəyənlərdən 420 nəfəri talassemiya daşıyıcısı, 54 nəfəri sifilis, 8 nəfəri isə AİDS-ə yoluxub. Bir cütlüyünsə talassemiya daşıyıcısı olduğu meydana çıxıb”.

Buna da bax:​ Nikahdan əvvəl 74 nəfərdə QİÇS tapılıb

Zöhrə Əlimirzəyevanın sözlərinə görə, indiyədək bütövlükdə 197 min 554 nəfər müayinədən keçib. Onlardan 9 min 131 nəfərinin talassemiya daşıyıcısı olduğu üzə çıxıb, 849 nəfərdə sifilis, 133 nəfərdə isə AİDS aşkarlanıb. İndiyədək 71 cütlüyün hər ikisinin talassemiya daşıyıcısı olduğu aşkarlanıb. Üç halda hamiləlik pozulub.

Direktor deyir ki, bu proqram ilk növbədə talassemiyanın profilaktikası istiqamətində həyata keçirilir:

“Azərbaycanda talassemiyalı xəstələrin sayı az deyil. Bir çox ölkələrdə bu proqramla talassemiya ilə doğulan uşaqların qarşısı alınır. Bizdə də bu uşaqların sayı az deyil. Xəstə uşaqlar tək bir ailənin ağrısı-acısı deyil, cəmiyyətin ağrısıdır. Talassemiya daşıyıcısı sağlam insandır, ancaq iki talassemiya daşıyıcısı evlənəndə, xəstə uşaq doğulma riski artır. Bu ailədə 25 faiz talassemiya xəstəsi olan uşaq, eləcə də valideynləri kimi daşıyıcı və sağlam uşaqlar doğula bilər. Bu üzdən, nikahöncəsi müayinələr aparılır, talassemiya daşıyıcıları və cütlüklər aşkarlanır. Həmin cütlüklərə öz razılıqları əsasında genetik, tibbi-genetik, psixoliji və ailənin planlaşdırılması istiqamətində konsultasiya verilir ki, sabah ailədə xəstə uşaq doğulmasın. Hamiləliyin 12-18-ci həftəsində belə hamilələrdən dölyanı maye götürülür və həmin mayenin genetik müayinəsi aparılır. Bu müayinə nəticəsində dölün xəstə, sağlam, yaxud daşıyıcı olduğu aşkarlanır. Burda da qərarı valideynlər verir ki, hamiləlik dayandırılsın, yoxsa uşaq dünyaya gəlsin. İndiyədək müayinələr nəticəsində 3 uşaqda xəstəlik üzə çıxarılmışdı. O ailələr hamiləliyi pozmaq qərarı verdilər”.

Zöhrə Əlimirzəyeva: 'İndiyədək 70 cütlükdən 6 nəfəri ailə qurmaqdan imtina edib'
Gözlə

No media source currently available

0:00 0:01:06 0:00

Həkim deyir ki, müayinə nəticəsində heç bir cütlüyün ailə qurması yasaqlanmır və seçim haqqı özlərinə verilir. İndiyədək 70 cütlükdən 6 nəfəri ailə qurmaqdan imtina edib.

Buna da bax:​ Talassemiyalı xəstələrin sayı artır

“Bu, epidemiyadır”

Müayinəsonrası üzə çıxan rəqəmlər mütəxəssisləri təlaşlandırır. Uzun illər Respublika AİDS Mərkəzinin direktoru işləmiş həkim-ekspert Qabil Əliyev deyir ki, yeni ailə quranlarda aşkarlanan infeksiyaların sayı onu narahat edir. Özəlliklə AİDS-lə bağlı:

Qabil Əliyev: 'Bu rəqəmlər narahatedicidir. Əlimdə bunlara inanmamağa elə bir əsas yoxdur'
Gözlə

No media source currently available

0:00 0:01:21 0:00

“Bu rəqəmlər, özlüyündə, narahatedici rəqəmlərdir. Əlimdə bunlara inanmamağa elə bir əsas yoxdur. Ancaq təbabətin qanunları, hər hansı bir infeksiyanın yayılma tendensiyası, yayılma yolları var. Bu, hansı əhali qrupları arasında baş verib? Konkret AİDS-dən söhbət gedirsə, bunun homoseksuallar, narkomanlar, seks-biznes nümayəndələri və s. riskli davranış qrupları arasında yayılması üzə çıxarılırsa, həmin rəqəmlər, təbii ki, yüksək olmalıdır. Ancaq nikaha girən cütlüklər arasında, özü də istər oğlan, istərsə qızlarda aşkar olunursa, bu, anlaşılan deyil. Əgər infeksiya sadalanan risk qruplarından kənara çıxır, hətta ailə quran insanlar arasında da bunun artım tendensiyası müşahidə olunursa, demək, artıq epidemiyadan söhbət gedir. Bu cütlüklər kimlərdir? Desələr ki, ikisi də narkomandır, qəbul etmək olar. Desələr ki, bu 133 nəfərin, ən azı, 60 faizi narkomandır, razılaşmaq olar. Desələr ki, qalanları seks-bizneslə məşğul olarkən yoluxub, yenə qəbul olunandır. Yoxsa bu nə deməkdir?!”.

“Müayinələr üzə çıxarıb”

Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyir ki, infeksiyalara – sifilis və AİDS-ə yoluxmamaq üçün sağlam həyat tərzi sürülməlidir. Rəqəmlərə gəlincə, həkim bildirir ki, bunu müayinələr ortaya çıxarıb:

“Niyə inandırıcı deyil ki? Bunu müayinələr üzə çıxarıb. Onlar özləri də bunu bilir. Bir də, nikaha girənlərin hamısı gənclər deyil ki. Bəziləri müəyyən müddətdən sonra ailə quran şəxslərdir. Biz şübhəli çıxırsa, diaqnozu o dəqiqə təsdiqləmirik. Şübhəli çıxırsa, bu barədə mütləq AİDS Mərkəzinə məlumat veririk. Eləcə də sifilis çıxarsa, Dəri-Zöhrəvi Xəstəliklər Dispanserini bilgiləndiririk. Bu şəxslər dəvət olunur, təkrar müayinələr aparılır və onlara məlumat verilir. Biz bunları aşkarlamasaq, desək ki, bizdə yoxdur, onda yanlışlıq olar. AİDS Mərkəzindən deyilənə görə, bəziləri Rusiyaya gedib-gələn vətəndaşlardır. Bu faktların aşkarlanması özü göstərir ki, müayinələr çox düzgün aparılır. İnfeksiyaya yoluxanlar arasında kişilər daha çoxdur, amma qadınlar da var”.

Buna da bax:​ Evlənmək istəyən 484 nəfərdə xəstəlik tapıldı

Həkim Mehdi Mehdiyevin fikrincə, nikaha girənlərdə xəstəlik aşkarlama proqramı gələcək nəsillərin sağlamlığı baxımından çox önəmlidir. Üzə çıxarılan xəstəliklərsə reallıqdır. O üzdən, həm insanlar sağlam həyat tərzi sürməli, həm də belə yaşam tərzi onlara aşılanmalıdır.

Nikahöncəsi müayinədə talassemiya daşıyıcısı olduğu üzə çıxan gənc xanım deyir ki, təkcə talassemiya, sifilis və AİDS-lə bağlı deyil, vərəm, hepatit və başqa xəstəliklərlə də bağlı müayinə aparılmasını istərdi. B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun AzadlıqRadiosu-na danışan direktoru Zöhrə Əlimirzəyeva gələcəkdə başqa xəstəliklərin də aşkarlanmasının nəzərdə tutulacağını bildirir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG