Keçid linkləri

2025, 28 Mart, Cümə, Bakı vaxtı 04:40

Aİ-nin bir neçə rusiyalı oliqarxı sanksiya siyahısından çıxaracağı gözlənilir


Macarıstanın baş naziri Viktor Orban Brüsseldə Aİ liderlərinin sammitindən əvvəl slovakiyalı həmkarı Robert Fiko ilə danışır.
Macarıstanın baş naziri Viktor Orban Brüsseldə Aİ liderlərinin sammitindən əvvəl slovakiyalı həmkarı Robert Fiko ilə danışır.

Avropa İttifaqı (Aİ) rusiyalı biznesmen Vyaçeslav Moçe Kantor, ölkənin idman naziri Mixail Deqtryaryov və oliqarx Alişir Usmanovun bacısı Gülbohar İsmayılovanı özünün sanksiya siyahısından çıxaracaq.

Qərarın martın 14-də Aİ səfirlərinin Brüssel görüşü zamanı açıqlanacağı gözlənilir.

Macarıstan Slovakiyanın dəstəyiylə blokun Rusiyaya qarşı sanksiyalarını daha altı aylığa uzatmasına yaşıl işıq yandırmayacağı ilə hədələyirdi. Söhbət Rusiyanın 2 min 400-dən çox şirkət və fərdinə qarşı aktivlərin dondurulması və viza qadağaları sanksiyalarından gedir. Məhdudiyyətlər Moskva üç il öncə Ukraynaya qarşı tammiqyaslı işğala başlayandan sonra tətbiq olunub.

Aİ sanksiyaları dalanamı dirənib? Macarıstan və Slovakiya Brüsselə təzyiq göstərir

Yanvarın sonunda Macarıstan Avropa İttifaqının (Aİ) Rusiyaya iqtisadi sanksiyalarının hamısının altıaylıq uzadılmasına veto qoymaqla hədələyib. Söhbət Brüsselin üç il öncə, Moskva Ukraynaya qarşı tammiqyaslı işğala başlayanda qoyulan sanksiyalardan gedir.

Sanksiyalara Rusiyadan kömür, almaz, qızıl və alüminium idxalına qadağa da daxildir. Amma sonucda Budapeşt Aİ-nin digər üzvlərindən yazılı təminatlar alandan sonra bu tədbirlərin müddəti uzadıldı.

Macarıstan son məqsədinə çata bilmədi, Ukrayna ərazisindən Rusiya qazının tranziti bərpa olunmadı Kiyev tranziti ilin əvvəlində dayandırıb. Di gəl, Budapeşt belə bir təminat əldə etdi ki, Avropa Komissiyası bloka Rusiyadan enerji axını ilə bağlı Ukrayna, Macarıstan və Slovakiya ilə işləyəcək.

İndi Budapeşt yenə də Aİ-nin Rusiyaya sanksiyalarını yumşaltmağa çalışır. Bu dəfə hədəfdə son üç ildə 2 min 400-dən çox fərd və şirkətə qarşı aktivlərin dondurulması və viza qadağalarıdır.

Məhdudiyyətlərlə üzləşənlər sırasında Rusiya prezidenti Vladimir Putin, xarici işlər naziri Sergey Lavrov, Moskvanın təcavüzkar müharibəsindən qazanmaqda ittiham olunan oliqarxlar və biznesmenlər də var.

"Aİ-nin sanksiyalarının rəqsi"

İqtisadi sanksiyalar adətən yanvarda və iyulda uzadılır. Konkret fərdlər və qurumlara qarşı olanlar isə martın və sentyabrın ortasında konsensusla uzadılır.

Macarıstan fərdlərin adlarını qara siyahıdan çıxarmaq üçün veto təhdidindən istifadə edir. Ötən ildən bəri Slovakiya da ona qoşulub.

Çexiyadakı Ukrayna icmasının üzvlərinin mitinqində Aİ bayrağının arxasında Rusiya prezidenti Vladimir Putinin posteri.
Çexiyadakı Ukrayna icmasının üzvlərinin mitinqində Aİ bayrağının arxasında Rusiya prezidenti Vladimir Putinin posteri.

AzadlıqRadiosunun müxbiri Rikard Yozvyak yazır ki, Brüsseldə diplomatlar buna ildə iki dəfə "Aİ sanksiyalarının rəqsi" deyirlər. Hər dəfə Macarıstan və Slovakiya təklif edirlər ki, nüfuzlu rusiyalı oliqarxlar siyahıdan çıxarılsın. Nazirlər Şurasının hüquq komandası isə sanksiyalara düşənlərin fərqli siyahılarını gətirirlər, bəzi "zəif hallar" olur ki, yetərincə dəlil olmadığından həmin adlar onsuz da siyahıdan çıxarılır. Beləliklə də, hər iki siyahını birləşdirməklə kompromis əldə olunur.

Məsələn, ötən il Rusiyanın "Yandex" internet nəhənginin həmtəsisçisi Arkadi Voloj, mərhum biznesmen, "Vaqner" özəl şirkətinin rəhbəri olmuş Yevgeni Priqojinin anası Violetta Priqojinanın adları siyahıdan çıxarılıb.

Bu dəfə Macarıstan daha öncə də adlarını qara siyahıdan çıxarmağa çalışdığı altı biznesmenin adını verib. Onların sırasında Alişir Usmanov, Mixail Fridman var. Budapeşt daha iki biznesmen və Rusiyanın idman naziri Mixail Deqtyarovun da adlarını öz siyahısına salıb.

Nazirlər Şurasının martın 7-də təqdim etdiyi, AzadlıqRadiosunun gördüyü əks-təklifdə isə dünyasını dəyişmiş üç nəfərin adlarının çıxarılması təklif olunur. Vəfat edənlərin qara siyahıdan çıxarılması standart praktikadır, amma Aİ bəzən onları siyahıda saxlayır ki, adlarına olan aktivlər dondurulmuş qalsın.

Son tarix yaxınlaşır

İndi əsas sual Macarıstanla Slovakiyanın necə cavab verəcəyidir. Aİ səfirləri bu məsələni martın 10-da Brüsseldə müzakirə edəndə Budapeşt daha çox vaxt istəyib, bildirib ki, Şuranın son təklifinə dair rəsmi mövqeyi yoxdur. Səfirlər martın 12 və 14-də yenidən görüşəcəklər, sanksiyaların yenilənməsi üçün son tarix martın 15-dir.

AzadlıqRadiosunun danışdığı bəzi rəsmilər inanırlar ki, Macarıstan Şuranın verdiyi adlardan dördünün siyahıdan çıxarılmasına razılaşacaq.

Rəsmilər danışıqların tamamilə iflas edəcəyi halda alternativləri də araşdırırlar. Bir variant üzv ölkələrin sanksiyaları ölkə səviyyəsində tətbiq etməsidir.

Amma bu halda iki məsələ çıxır.

Birincisi, Aİ-nin heç də bütün üzvlərinin milli sanksiya çərçivəsi yoxdur, Aİ səviyyəsində tədbirlərə etibar edirlər.

İkincisi, Macarıstanla Slovakiya sanksiyalardan imtina edərsə, onda qara siyahıda olanlar yenə də onların vasitəsilə bloka daxil ola biləcəklər, qadağaların effekti olmayacaq.

XS
SM
MD
LG