Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:37

"Qocalar günüdü? Qocanın günü olmur ki..."


►"Aparardım arvadı İtaliyaya. Ona qəşəng “sapaşki” alardım"

Beynəlxalq Ahıllar Günündə Bakının yaşlı sakinləri ilə söhbət

86 yaşlı Arif Xudaverdiyev əvvəlcə tarixdə belə bir günün olmasına inanmır. Sonra da deyir ki, “hə, əgər bu, beynəlxalq gündürsə, onda başqa ölkələrin qocalarına aiddir”:

- Mən televizorda tez-tez görürəm. Xarici ölkələrdə qocalar yaxşı pensiya alırlar, istirahətə gedirlər. Özü də ər-arvad. Bax, gün onların günüdür. Yoxsa mən 120 manat pensiya alıram, 10 günə qurtarır.

- Siz də həyat yoldaşınızla istirahətə getmək istəyərdiniz?

- Niyə istəmirəm. Aparardım arvadı İtaliyaya. Ona qəşəng “sapaşki” alardım. Evdə oturmaqdan yazığın orası-burası ağrayır...

Arif Xudaverdiyev deyir ki, arabir bulvara dəniz havası almağa çıxır. Başqa istirahəti yoxdur.

- Bəs niyə həyat yoldaşınızı özünüzlə bulvara gətirməmisiniz?

- Arada gətirirəm. 80 yaşı var. Mənim kimi deyil, çətin gəzir. Mənim canım suludur. Bir azdan nərd oynayanlar gələcək, şaqqıldadacağıq. Arvadnansa evdə domino oynayıram...

Buna da bax: Ermənistan MDB-dən Azərbaycana qarşı hərəkət istəyir

Gərək daxildən gənc olasan

Rəsmi statistikaya görə, Azərbaycanda 400 minə yaxın (390 min) ahıl var. Onlar ümumi əhalinin az hissəsini, cəmi 4 faizini təşkil edir.

Tərlan Balakişiyevanın 67 yaşı var. Baxanda bu yaşı vermək olmur. Deyir cavan qalmağını idmana borcludur:

“40 ildir mən hər səhər durub idman eləyirən. Bir az evə əl gəzdirəndən sonra, kişi çayxanaya, mən bulvara. Mən o biri qaynanalar kimi deyiləm a, iki gəlinim var, ikisi də ayrı yaşayır. Heç qarışmıram. Özləri gəlsə, əvvəlcədən zəng vururlar, mənimçün uyğundursa, gəlirlər, yoxsa, hər gün zəng vurum ki, “gəlin, sizi görmək istəyirəm, yox”. Yalan nə deyim. Oğlanlarıma demişəm, “nə vaxt istəsəz, özünüz gəlin. Gəlinləri məcbur eləməyin”. Bəlkə gəlin heç məni görmək istəmir, gedib, öz anasını görmək istəyir. Qızıma da demişəm, qaynanadan nə qədər uzaq dursan, o qədər yaxşıdır. Heç özüm də qaynanayla yaşamamışam...” (qəhqəhəylə gülür)

İdmanı sevən yaşlı qadın yeni bulvardakı idman qurğularında məşq edə-edə deyir ki, “yaşlı, ahıl, qoca” sözlərindən xoşu gəlmir:

“Mənim kimi qadına yaşlı demək olar? Bir də yaşlılıq 60-70 yaşla deyil ki. 30-40 yaşında qadınlar tanyıram ki, fikrinə, hərəkətlərinə görə məndən qat-qat yaşlıdır. Adam gərək içindən gənc olsun, desin-gülsün. Elə bilirsən, kişi mənimlə həmişə yaxşı rəftar eləyir? Yox, bir də görürsən bütün günü deyinir. Elədə heç nə demirəm, ya başlayıram paltar ütüləməyə, ya da musiqiyə qulaq asıram. Hamıya hay versəydim, məndə can qalmazdı ki...”

Buna da bax: "Platini FİFA-dan aldığı 2 milyona aydınlıq gətirməlidir"

Kənd ahılları şəhərə uyğunlaşmır

Sonra gördüm alınmır, 2 metrlik torpaqda nəsə əkmək mənə gülməli gəldi, daşını atdım.

Fərman Bağırov da bulvarda idmanla məşğul olur. Ancaq idmanı sevdiyindən deyil. Deyir ki, vaxtı çox olduğundan başını qatmaq istəyir:

“Mən kənd adamıyam, Kürdəmirdənəm. Özümə görə həyətim-bacam, malım-heyvanım vardı. 20 il qabaq arvad rəhmətə getdi. Uşaqlarım burdaydı. Tək qalmayım deyə, dartıb məni də gətirdilər bura. Hər şey yaxşıdır, səliqə-səhman. Qızım da, gəlinim də mənə yaxşı baxır. Ancaq quşum qonmur buralara. Bir ara bir az göyərti əkib başımı qatmaq istədim. Sonra gördüm alınmır, 2 metrlik torpaqda nəsə əkmək mənə gülməli gəldi, daşını atdım. İndi də vaxt öldürmək üçün idman eləyirəm”.

Qocaya həyan lazımdır

3-4 nəfər yaşlı kişi isə dərdləşmək üçün dayanacağa yığışıb. Məcburi köçkündürlər:

- Dərdləşməyə də adamın ellisi olmalıdır. Mən Cəbrayıl qaçqınıyam, Kamil kişi Füzulidəndir, Bahadur da Ağdamdan.

- Kənar adamlarla dərdləşmək olmur?

- Yox, olmur. Gör neçə ildir nə bu şəhərə öyrəşə bilirik, nə də adamlarına. Bir də kənar adamla mən necə öz kəndimdən, el-obamdan danışa bilərəm? Onlarçün heç maraqlı da deyil axı. Mən deyirəm ki, “Kamil kişi, Ağdam bazarı yadındadırmı, ya da muzey, dördyol?” O qədər xatirələr danışırıq ki... Bura adamı o yerləri tanımır axı. Ona görə özümüzkülərlə söhbət edirik. Qocaya həyan lazımdır. Bizə həyan ancaq öz elimiz-obamız ola bilər. Kaş heç olmasa, bir dəfə yerimizə-yurdumuza gedə bilsəydik. Nə bilim...”

Buna da bax: Güllə atılan kimi erməni nazir qaçdı- [Video]

Yaşlıdır, ancaq özünə güvənir

Bu illər ərzində bir şeyi öyrəndim ki, uşaqlar öz həyatlarını yaşamalıdır, kişinin də ki, bir işi düz-əməlli elədiyini görmədim. Ancaq adam özü.

Nadejda Əhmədova harasa tələsir. Deyir yaşlı olsa da, hər işinin dalınca özü qaçır.

“Həmişə belə olmuşam. Kiməsə ümid edəndə heç yarıtmırlar da. 70-ə yaxın yaşım var. Bu illər ərzində bir şeyi öyrəndim ki, uşaqlar öz həyatlarını yaşamalıdır, kişinin də ki, bir işi düz-əməlli elədiyini görmədim. Ancaq adam özü”.

Və bir də Gülçöhrə Babayeva. 68 yaşı olsa da, çevikdir. Ağacdan zeytun yığır. Ağaca nərdivanın köməyi ilə çıxsa da, fəxrlə soruşur ki, hansı cavan qadın bunu edə bilər:

--Məşədi İbad demişkən, nə qədər qoca olsam da, dəyərəm min cavana...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG