Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:23

Ağsu İH: 47 ev daha çox ziyan çəkib...


Ağsu rayonunda zəlzələdən ziyan çəkmiş evlərdən biri
Ağsu rayonunda zəlzələdən ziyan çəkmiş evlərdən biri

Fevralın 5-də Azərbaycanda baş verən zəlzələ ilə bağlı yerli sakinlərdən müraciətlər gəlməkdə davam edir.

Bunu Ağsu rayon İcra Hakimiyyətindən (İH) bildiriblər.

Məlumata görə, fevralın 12-nə kimi Fövqəladə Hallar Komissiyasına 485 müraciət daxil olub. Daxil olan müraciətlərə əsasən 350 evə baxış keçirilib. “Həmin evlərdən 91-i şəhərdə, 259-u isə kəndlərdədir. Zəlzələ nəticəsində 47 ev daha çox ziyan çəkib ki, həmin evlərin 44-ü sürüşmə zonasında yerləşir. Bu evlərin bəziləri sürüşmə zonasında olduğundan həmin evlərdə çatlar əmələ gəlib. Hazırda komissiya araşdırmaları davam etdirir”.

Ötən həftənin sonu, fevralın 9-da isə zəlzələ ilə bağlı Şamaxı rayon İcra Hakimiyyətindən onlara 1500-ə yaxın, İsmayıllı rayon İcra Hakimiyyətindən isə 500-ə yaxın müraciətin daxil olduğunu açıqlamışdılar.

Xatırlatma

Fevralın 5-də gecə saatlarında Azərbaycanda 6 bal gücündə zəlzələ baş verib.

Zəlzələnin episentri İsmayıllı rayonu olub. Zəlzələ ətraf yerlərdə 5.3 bal gücündə hiss edilib.

Şamaxı, Ağsu və İsmayıllı rayonlarında onlarla evin, tiklinin xəsarət gördüyü bildirilirdi.

Prezident İlham Əliyev fevralın 6-da təbii fəlakətin nəticələrinin aradan qaldırılması tədbirləri haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, zəlzələ nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında yaşayış evlərinə, sosial, infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılmasından ötrü Prezidentin ehtiyat fondundan Fövqəladə Hallar Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılıb.

XS
SM
MD
LG