Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:14

Ağstafada güzgülü yol


Yolda güzgü.
Yolda güzgü.

«Tez-tez qəza olurdu, hökumət də işıqfor quraşdırmırdı. Bir gün yığışıb sözü bir yerə qoyduq ki, daha keçib, işıqfor yoxdur, heç olmasa, yolun kənarına bir güzgü quraşdıraq».

Bu ideya ağstafalıların ağlına gəlib. Rayonun Aşağı Göyçəli kəndinin sakinləri kəndin çıxışındakı üç yolun kəsişdiyi ərazidə güzgü quraşdırıblar. Əraziyə təzə ad da veriblər - Güzgülü yol.

«HÖKUMƏT ÜÇÜN AYIBDIR»

Kənd sakini Mahir Kərimov AzadlıqRadiosuna danışır ki, illərdir bu yolda qəzalar olurmuş. Kəndlilər Dövlət Yol Polisinə ərazidə işıqfor quraşdırılması üçün dəfələrlə müraciət ediblər: «Kənddən çıxan maşınlar qarşıdakı asfalt yolda sürətlə hərəkət edən maşınları görə bilmirdilər. Qoca, cavan - heç kəs yolu keçə bilmirdi. Tez-tez ölüm hadisələri olur, əsas da uşaqları tez-tez maşın vurur. Dövlət Yol Polisinə, icra hakimiyyətinə müraciətlərimiz cavabsız qalandan sonra qərara gəldik ki, özümüz çarəsini tapaq. Bir kəndlinin ağlına gəldi ki, yolun kənarında güzgü quraşdıraq».

Deyir, indi şükür, nə qəza, nə ölüm-itim var. Kənddən əsas yola çıxan sürücülər bir müddətdir ki, bu güzgüdən istifadə edirlər. 3 yol ayrıcında ən çox əziyyət çəkən piyadalar da indi yolu rahat keçə bilirlər. Ancaq kəndlilər bu güzgünü müvəqqəti quraşdırıblar: «Müasir dövrdə işıqfor əvəzinə güzgüdən istifadə etmək, ən azı, hökumət üçün ayıbdır. Bu yoldan turist keçmir, biabırçılığı görmür deyə, elə belə də davam etməlidir? Hökumət gətirsin əraziyə işıqfor quraşdırsın ki, əzizlərimiz həyatda qalsın, heç kəs faciəli ölməsin».

«ƏSASLANDIRSINLAR»

Kəndlilər deyirlər, güzgü quraşdırılandan sonra yolda ölüm-itim, qəza baş verməyib.

Ağstafa rayon Polis Şöbəsinin Dövlət yol polis şöbəsindən «Qaynar xətt»ə bildirilib ki, Aşağı Göyçəli kəndinin çıxışında işıqfor quraşdırılması ilə bağlı Baş Dövlət Yol Polis İdarəsinə (BDYPİ) kənd sakinlərinin etdiyi müraciətlər əsassızdır. Çünki DYPİ həmin ərazidə işıqfor quraşdırılmasını lazım bilmir. İdarə hesab edir ki, indiyədək həmin ərazidə ciddi yol qəzası qeydə alınmayıb. Sürücülər özləri qaydalara riayət etsələr, məsələn, kənddən çıxan avtomobillər asfaltla hərəkət edən avtomobillərə yol versələr, qəza baş verməz. Bununla belə, əgər sakinlər ərazidə işıqfor quraşdırılmasının vacibliyini əsaslandırsalar, BDYPİ-nin uyğun komissiyasının qərarı ilə ərazidə nişan qoyulması mümkündür.

Yəni, Aşağı Göyçəli sakinlərinə yol kənarına quraşdırdıqları güzgünün işıqforla əvəzlənməsi üçün yoldakı təhlükəni əsaslandırmaq qalır.

XS
SM
MD
LG