Keçid linkləri

Təcili xəbərlər
2020, 19 Sentyabr, şənbə, Bakı vaxtı 16:21

Ağır sənayenin də Yol xəritəsi açıqlandı


Metallurgiya zavodu

Hökumət daha bir Strateji Yol Xəritəsinin mətnini açıqlayıb. Sənəd «Azərbaycanda ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi» adlanır.

Xəritə ölkə başçısının rəsmi internet səhifəsinə yerləşdirilib.

5700 YENİ İŞ YERİ…

Sənəddə 3 strateji hədəf göstərilib. Həmin hədəflərə çatmaq üçün 40-dan artıq fəaliyyət planının reallaşdırılması nəzərdə tutulur. Fəaliyyətlər 2017-20-ci illərdə həyata keçirilməlidir.

Fəaliyyətlər nəzərdə tutulduğu keyfiyyətdə reallaşdırılarsa, 2020-ci ilədək 5700-dən artıq yeni iş yeri yaradılacaq.

Xəritənin birinci strateji hədəfi ağır sənaye və maşınqayırma sahəsindəki mövcud aktivlərin optimallaşdırılmasını nəzərdə tutur.

Buna da bax-Yol xəritəsi: 'Vəziyyətdən çıxmaq üçün 27 milyard lazımdır'

Bu sektorda məhsuldarlıq, səmərəlilik artırılmalı, qənaətli istehsal metodları üzrə təhlillər aparılmalı, aktivlərin və mövcud potensialın mərkəzi reyestri yaradılmalıdır.

ZAY MƏHSUL İSTEHSALININ AZALDILMASI

Ağır sənaye sahəsində əmək məhsuldarlığının 20 faiz yüksəldilməsi, zay məhsul istehsalının 17 faiz azaldılması nəzərdə tutulur. Xəritə elmi tədqiqat təşkilatları ilə müəssisələr arasında əlaqələrin gücləndirilməsini, sahəvi assosiasiyaların yaradılmasının dəstəklənməsi və müntəzəm fəaliyyətinin təmin edilməsini də ehtiva edir.

İkinci strateji hədəf rəqabətədavamlı sektorun yaradılmasıdır.

Xəritədəki fəaliyyətləri reallaşdırmalı olan qurumlar regional bazarlara ixrac perspektivi olan malların siyahısını hazırlamalıdır.

Buna da bax-Şahmar Mövsümov: 'Yeni iqtisadi model axtarışı başlayıb'

Bundan başqa, dağ-mədən sənayesi, əlvan metallurgiya və xidmət sektoru inkişaf etdirilməlidir.

2.9 MİLYARD MANAT İNVESTİSİYA

Sonuncu strateji hədəf maliyyə dəstəyinin təmin edilməsi və beynəlxalq əməkdaşlığın həyata keçirilməsini nəzərdə tutur.

Sənədə görə, bu hədəfə çatmaqdan ötrü alternativ maliyyələşmə mexanizmləri təşviq ediləcək, investisiya mühiti yaxşılaşdırılacaq.

Bu strateji xəritənin icrasına 2.9 milyard manat investisiya tələb olunur.

GÜZƏŞTLİ ENERJİ TARİFLƏRİ

Bu sənədə görə, Azərbaycanda strateji müəssisələrin enerji təminatına dair güzəştli tariflər müəyyənləşdirilə bilər.

Buna da bax-Azərbaycanın turizm yol xəritəsi: 'Dövlət yenə əsas oyunçudur'

Sənəddə qeyd olunur ki, ölkə iqtisadiyyatında xüsusi əhəmiyyət kəsb edən müəssisələrin siyahısı müəyyənləşdiriləcək və bu müəssisələr üzrə güzəştli tarif təklifləri hazırlanacaq.

Ağır sənaye, xüsusilə metallurgiya müəssisələrinin enerji təminatının fərqli, aşağı tariflərlə təmin edilməsi istiqamətində müvafiq tədbirlər həyata keçiriləcək.

XATIRLATMA

Ötən həftə hökumət «Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi»ni açıqlayıb. Həmin sənəd ümumilikdə 12 yol xəritəsindən ibarət idi.

Bunun ardınca «Azərbaycan maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi», «Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı və emalına dair Strateji Yol Xəritəsi» və «Azərbaycanda ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi» açıqlanıb.

Şərhlər (1)

Bu forum dayandırılıb
XS
SM
MD
LG