Keçid linkləri

2024, 04 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:29

'AGBank' və 'NBCBank' da bağlandı


NBCBank
NBCBank

"AGBank" Açıq Səhmdar Cəmiyyəti (ASC) və "NBCBank" ASC-nin lisenziyaları ləğv edilib. Hər iki bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.

Bu barədə bugün, mayın 12-də Azərbaycan Mərkəzi Bankı (MB) məlumat yayıb.

Məlumatda xatırladılıb ki, İdarə Heyətinin aprelin 27-də verdiyi qərarla "Atabank" ASC, "AGBank" ASC, "NBCBank" ASC və "Amrahbank" ASC-yə müvəqqəti inzibatçılar təyin olunub: "Bu bankların idarə olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvəqqəti inzibatçıya keçib".

İdarə Heyətinin aprelin 28-də verdiyi qərar ilə həmin banklardan ikisinin - "Atabank" ASC-nin və "Amrahbank" ASC-nin lisenziyaları ləğv edilib: "Bu qərarların qəbul edilməsindən ötən dövr ərzində… müvəqqəti inzibatçı təyin edilmiş "AGBank" ASC və "NBCBank" ASC-də qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi davam etdirilib, müvafiq qiymətləndirmələr aparılıb".

"NBCBank" ASC-də…

MB vurğulayıb ki, müvəqqəti inzibatçının apardığı qiymətləndirmələr bir daha "NBCBank" ASC-də maliyyə vəziyyətinin qeyri-qənaətbəxş olduğunu, kapitalın tam itirildiyini və likvidliyi ilə bağlı ciddi problemlərinin olduğunu təsdiqləyib: "Əmanətlər üzrə öhdəliklərini yerinə yetirə bilmədiyi və banka tətbiq edilmiş təshih tədbirlərinə riayət edilmədiyi məlum olub".

Açıqlamaya görə, İpoteka və Kredit Zəmanəti Fondunun vəsaiti hesabına verilmiş ipoteka kreditləri istisna edilməklə, bu il aprelin 30-na bankın kredit portfelinin 54 faizi (73 mln. manat) qeyri-işlək statusundadır: "Məqsədli ehtiyatlarda aparılan korreksiyalardan sonra bankın məcmu kapitalı mənfi 24 mln. manat təşkil edib. Kapital mövqeyinin bərpası üçün 74 mln. manat məbləğində əlavə kapital qoyuluşu tələb olunurdu. Bundan əlavə, müvəqqəti inzibatçı tərəfindən müəyyən edilib ki, bank təqdim etdiyi prudensial və statistik hesabatları davamlı olaraq təhrif edib".

"AGBank" ASC-də də...

Açıqlamaya görə, "AGBank" ASC-də də aparılmış dəqiqləşdirmələr həmin bankın maliyyə vəziyyətinin qeyri-qənaətbəxş olduğunu, kapital mövqeyinin tam itirildiyini təsdiq edib və daha da pisləşdiyi məlum olub: "30 aprel 2020-ci il tarixinə bankın kredit portfelinin 51 faizi qeyri-işlək statusundadır. Məqsədli ehtiyatlarda aparılan korreksiyalardan sonra bankın məcmu kapitalı mənfi 167 mln. manat təşkil edib. Kapital mövqeyinin bərpası üçün 212 mln. manat əlavə kapital qoyuluşu tələb olunurdu".

Bildirildiyinə görə, qeyd olunanları nəzərə alaraq və kreditorları qarşısında öhdəliklərini yerinə yetirə bilmədiklərinə görə Mərkəzi Bankın İdarə Heyəti bugün, mayın 12-dən onların lisenziyalarını ləğv edib.

Açıqlamaya görə, əsas hədəf bütövlükdə bank sisteminin sağlamlaşdırılması, əhalinin maraqlarının, xüsusilə banklarda olan əmanətlərinin qorunmasıdır.

Ləğv edilən 4 bankda əhalinin 686 milyon manat pulu var

"Lisenziyası geri alınmış 4 bankda əhalinin qorunan əmanətlərinin ümumi məbləği 686 milyon manat təşkil etməklə, ümumilikdə 215 min əmanətçini əhatə edir. Bu banklarda ümumi əmanət portfelinin 99 faizdən çoxu qorunan əmanətlərdir və onlar tam kompensasiya edilir. Ləğvedici tərəfindən bankların öhdəliklərinin icrası ilk növbədə əmanətlərin qaytarılmasından başlayacaq. Aktivlərin reallaşdırılmasından və əmlakın satışından daxil olan vəsaitlər sözügedən bankların digər öhdəliklərinin (biznes subyektlərinin, eləcə də əmanətlərin sığortalanması sxemi ilə əhatə edilməmiş fiziki şəxslərin qarşısında olan öhdəliklərinin) qanunvericiliklə müəyyən edilmiş növbəliklə icrasına yönələcək".

Mərkəzi Bank bildirib ki, Bakı Apellyasiya Məhkəməsinin aprelin 30-da verdiyi qərarla "Atabank" ASC və "Amrahbank" ASC müflis elan olunub: "Əmanətlərin Sığortalanması Fondu bu banklara ləğvedici olaraq təyin edilib. 1 may tarixindən bankların ləğvediciyə təhvil verilməsi prosesinə başlanıb və hazırda təhvil-təslim prosesləri artıq yekunlaşmaq üzrədir. Artıq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının qərarına əsasən, "Atabank" ASC və "Amrahbank" ASC-də qorunan əmanətlərin kompensasiyaların verilməsi üçün agent bank qismində "Kapitalbank" ASC seçilib...".

Bu açıqlamaya, hələlik, lisenziyası ləğv edilən banklardan münasibət almaq mümkün olmayıb.

Bundan əvvəlki iki bankın da lisenziyasının ləğvi belə izah edilmişdi. "Qeyd olunan bankların maliyyə vəziyyətinin pisləşməsi çoxdan başlamışdı, xüsusən "Atabank" ASC uzun müddətdir ki, əhalinin əmanətlərinin qaytarılması üzrə öhdəliklərini icra edə bilmirdi", - MB qeyd edirdi.

Onda da rəsmi açıqlamaya lisenziyası ləğv edilən banklardan münasibət almaq mümkün olmamışdı.

Amma bir müddət sonra onlardan birinin-"Amrahbank" ASC-də çalışanlar bankın mərkəzi ofisinə toplaşaraq işlərini itirdiklərinə görə kompensasiya tələb etmişdilər.

Xatırlatma

2015-ci ildə Azərbaycanda iki devalvasiya baş verib (Dünyada neftin qiyməti kəskin ucuzlaşandan sonra). Bunun nəticəsində manat dollar qarşısında iki dəfə dəyər itirib. Nəticədə 10-dan çox bank bağlanıb. Bu onların öhdəliklərini yerinə yetirə bilməmələri ilə izah edilib. Həmin banklarda qorunan əmanətlərin qaytarıldığı açıqlanıb.

Bu ilin əvvəlindən də dünyada neft təxminən iki dəfədən çox ucuzlaşıb. Azərbaycanın ixracının təqribən 90 faizi neft və qazın payına düşür.

Hazırda Azərbaycanda 26 bank mövcuddur.

XS
SM
MD
LG