Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:31

Keçmiş icra nümayəndəsi dələduzluq ittihamı ilə hakim önündə


Şamaxı rayon İcra Hakimiyyəti başçısının Şəhriyar qəsəbəsi üzrə keçmiş icra nümayəndəsi Ağaqədir Osmanov məhkəmə qarşısına çıxarılıb. Vəzifə saxtakarlığı, dələduzluq, rüşvət verməyə təhrik kimi maddələrlə ittiham olunan sabiq məmur bir neçə aydır ki, həbsdədir. O məhkəməsinin yekun nəticəsi məlum olana qədər ev dustaqlığına buraxılmaq istəyir. Onun vəkili dekabrın 5-də məhkəmədə bu barədə vəsatət qaldırıb.

Keçmiş icra nümayəndəsinin işini Bakı Ağır Cinayətlər Məhkəməsində Mirzə Xankişiyevin sədrlik etdiyi hakimlər kollegiyası araşdırır. Ağaqədir Osmanov torpaq sahəsi satmaq adıyla adamları aldadıb pullarını ələ keçirməkdə ittiham edilir. Bu iş üzrə zərərçəkənlərin sayı isə dörd nəfərdir.

Ancaq Osmanov özünü təqsirli bilmir. Məhkəmədə anket məlumatları dəqiqləşdiriləndə məlum olub ki, o Şəhriyar qəsəbəsindən öncə Şamaxının başqa qəsəbələri üzrə də icra nümayəndəsi olub. Hazırda 66 yaşı olduğunu deyən keçmiş məmur ürəyində problemdən şikayətlənib. Dediyinə görə, əvvəldən də sağlıq durumu yaxşı deyildi, həbsdən sonra vəziyyəti lap pisləşib.

Vəkili də onun ev dustaqlığına buraxılması üçün vəsatət qaldıranda onun yaşının və səhhətinin nəzərə alınmasını istəyib. O əlavə edib ki, zərərçəkmişlərlə barışıq əldə olunub, onlar artıq şikayətçi deyillər: “Uzun illər icra nümayəndəsi işləyib, heç vaxt töhməti, ondan şikayət olmayıb”.

Prokuror vəkilin vəsatətilə razılaşmayıb, hakimlər də “yox” deyərək, Ağaqədir Osmanovu həbsdən buraxmayıb.

Məhkəmə dekabrın 12-nə təyin edilib.

Ağaqədir Osmanov Cinayət Məcəlləsinin 32.311 (rüşvət vermə), 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir.

Azərbaycanın cinayət qanunvericiliyində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməyə görə 5 ilə qədər azadlıqdan məhrumetmə, vəzifə saxtakarlığına görə 300 manatdan 3 min manata qədər cərimə, iki ilədək islah işləri və ya elə o qədər həbs nəzərdə tutulub.

XS
SM
MD
LG