Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:59

'Ağackəsənlər Mir Cəlal Paşayev küçəsində...'


Arxiv fotosu
Arxiv fotosu

“20-25 il əvvəl burda şəxsən özümüz müxtəlif növ ağaclar əkmişdik. Gəldilər, azı, 80 ağacı kəsdilər, daşıdılar, yerlərini də betonladılar".

Bu il aprelin 24-də Binəqədi rayonu, Mir Cəlal Paşayev küçəsi 141/147 ünvanında ağaclar bir evtikmə şirkəti tərəfindən qırılıb. Həmin ünvanda yaşayan sakinlər AzadlıqRadiosu-na danışırlar ki, 1 həftədir ağackəsənləri ərazidən qovublar, indi salamat qalan ağacları qorumaq üçün keşik çəkirlər. Ancaq istədikləri odur ki, bu qoruma dövlət qurumları səviyyəsində olsun.

Buna da bax:​ Prezidentin göstərişi ilə tikinti şirkətinə cinayət işi açılıb

“KÖTÜKLƏRİN ÜSTÜNÜ BETONLADILAR”

Sakin Ağası Babalı deyir, 2 il əvvəl ərazidə ağaclar kəsilib, sakinlərin şikayətlərindən sonra işlər dayandırılıb. Sakinlər də gətirib yenidən meyvə ağacları əkiblər. Bir neçə gün əvvəl həmin ağaclar da kəsilib:

“Kimsə burda çoxmərtəbəli bina tikmək istəyir. Öz zəhmətimizlə əkdiyimiz meyvə ağacları idi – əncir, qaysı, tut... Burda gözəl bir park düzəltmişdik. "Kristal-F" şirkətinin işçiləri gəldilər, dedilər ki, “bura bizə satılıb, bina tikəcəyik”. Ağacları qırdılar, uşaqlar üçün quraşdırdığımız idman qurğularını dağıtdılar... Ərazini hasarladılar, kəsilmiş ağacların bəzilərinin kötüklərinin üstünü betonladılar".

Buna da bax:​ Gəncədəki Kanada qovağı aylardır günlərini sayır...

“ADAMLARI ALDADIRLAR Kİ, PARK SALIRLAR”

Sakin Qaratel Hacıyevanın sözlərinə görə, əvvəl əraziyə gələn iki nəfər yaşıllıq zolağının daha da genişləndiriləcəyini və burada Heydər Əliyev Fondunun təşəbbüsü ilə park salınacağını deyiblər. Hətta ərazidə park salınacağı ilə bağlı lövhələr də vurulub. Sakinlər də istirahət və yaşıllıq məkanının genişləndiriləcəyinə sevinib.

Ərazi hasarlanandan və ağacların qırılmasına başlanandan sonra başa düşüblər ki, park söhbəti baş aldatmaq üçün imiş:

"Gör bunlar nə qədər əndazələrindən çıxıblar ki, yüzlərlə, minlərlə vətəndaşı ələ salmaq bunlar üçün bir içim su olub. Bu qədər adamı aldadırlar ki, park salırlar. Park salmaq istəyən adam gətirib ağac əkməkdənsə, olan ağacları qırıb daşıyır".

Buna da bax:​ Ağac kəsimi Heydər parklarına çatdı

“BİNALARIN ƏTRAFINI SU BASA BİLƏR”

Sakinlərin deməsinə görə, ərazidə geniş su hövzəsi var. Bina tikmək üçün özül qazılarkən binaların ətrafını su basa bilər.

Bundan əvvəl ərazidəki ağaclar qırılarkən sakinlər Prezident Administrasiyasına və Bakı şəhər İcra Hakimiyyətinə gediblər. Şikayətlərdən sonra işlər dayandırılıb, ancaq sonra yenə davam edib.

Nəsimi rayon icra hakimiyyətindən "Qaynar xətt"ə bildirilib ki, qeyd olunan ünvanda ağac kəsiminə qol qoyan şəxslərlə bağlı müvafiq idarələr tərəfindən araşdırma aparılır: "Bizlik deyil, hansısa şirkətdir, araşdırılır".

Buna da bax: Astara sakini: «Pul məmurların gözlərini tutub»

“QANUNAUYĞUN TƏDBİRLƏR GÖRÜLÜB”

Nəsimi rayonu ərazisində ağacların kütləvi kəsilməsi faktı 4-cü mikrorayon, Mirmahmud Kazımovski küçəsində də baş verib. Aprelin 19-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı Şəhər Ekologiya İdarəsinin müfəttişi Ruslan Bayramov "Report"a deyib ki, Nəsimi rayon icra hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Birliyi həmin ərazidə ağacların abadlaşdırılması üçün nazirliyin ekspertiza idarəsinə müraciət edib: "Bununla bağlı biz tərəfdən onlara müsbət rəy verilib. Ağac kəsilməsi ilə bağlı isə birliyə heç bir rəy verilməyib. Bundan sonra həmin ərazidə ağac kəsilməsi faktı aşkarlanıb, qanunauyğun tədbirlər görülüb".

Qanunauyğun tədbirsə Nəsimi RİH-in Mənzil-Kommunal Təsərrüfatı Birliyinin cərimələnməsindən ibarət olub. Üstəlik də faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub.

Buna da bax:​ Yeni Günəşlidə "keçəl qız" əməliyyatı- [Fotolar]

Bu il öncəki illərin uyğun dövrləri ilə müqayisədə ağac kəsimi faktları çoxalıb. Bakının Nizami, Nəsimi, Binəqədi, Xətai rayonları ərazilərində, əsasən, evtikmə şirkətləri tərəfindən yol verilən belə faktlara bu ilin aprelində prezident İlham Əliyev də münasibət bildirib. Onun göstərişi ilə keçmiş "Ovçular evi"nin ərazisindəki ağacları kəsən şirkət 130 min manat məbləğdə cərimələnib. Həmin ərazidə “Böyük Plaza” yaşayış və ticarət mərkəzi tikməyi planlaşdıran "A-3 Sənaye Tikinti Korporasiyası" MMC-nin sədri Azər İsmayılov barəsində Xətai rayon Məhkəməsi tərəfindən 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

XS
SM
MD
LG