Keçid linkləri

2024, 16 Oktyabr, çərşənbə, Bakı vaxtı 06:21

“Bakıda bir ağacın köçürülməsi 2000-2500 manata başa gəlir”


arxiv foto
arxiv foto

“Bakıda yaşıllıq olan ərazilərdən bir ağacın köçürülməsi 2000-2500 manata başa gəlir”, –“Azəryaşlandşaft” ASC-nin Yaşıllıqların qorunması və mühafizəsi şöbəsinin mütəxəssisi Elçin Musayev belə deyib.

E.Musayev indi təqsirləndirilən şəxs qismində hakim qarşısına çıxarılıb. Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan E.Musayev CM-in 178 (dələduzluq), 34.312 (rüşvət verməyə təhrik) kimi əməllərdə suçlanır. O, Yasamal rayonunda – Dövlət Sosial Müdafiə Fondunun yaxınlığında yerləşən torpaq sahəsindəki 9 ağacın köçürülməsi adıyla həmin ərazinin sahibi Ramiz Cabbarlıdan 33 min manat pul alıb qaytarmamaqda, dələduzluq etməkdə suçlanır. İddia olunur ki, E.Musayev pulu səlahiyyətli məmurlara rüşvət vermək adıyla alıb. Bununla həm də R.Cabbarlını rüşvət verməyə təhrik edib.

Ancaq E.Musayev ittihamda yazılanlarla razılaşmır. O, özünü qismən təqsirli bilir. Deyir ki, pulu özü mənimsəməyib – qarşı tərəflə razılaşdırılmış qaydada bir hissəsinə türk işadamı üçün bahalı hədiyyə alınıb, bir hissəsi də Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşına verilib. Kiçik bir qismini də R.Cabbarlının öz işçisi İlham Süleymanov alıb xərcləyib.

E.Musayev deyir ki, İlham Süleymanov onun qardaşı Dövranın tələbə yoldaşı və dostu olub, Ramiz Cabbarlı da onun müdiridir. Günlərin birində İlham ona zəng eləyib deyib ki, müdirinin torpaq sahəsi və orada tikinti aparmaq üçün icazəsi də var. Ancaq tikinti sahəsindəki ağaclar orada tikinti aparmağa mane olur. Ona görə də ağacların köçürülməsinə icazə almaq üçün müdirinə kömək lazımdır.

Bir neçə gün sonra R.Cabbarlı ilə görüşüb, əraziyə baxıblar. E.Musayev deyir ki, həmin vaxt torpaq sahibinə Bakıda bir ağacın köçürülməsinin 2000-2500 manata başa gəldiyini deyib. Ərazidə də 9 ağac olub:

“Həmin vaxt Ramiz Cabbarlıdan soruşdum ki, torpaq sahəsilə bağlı hansısa problem varmı? Dedi ki, yox, hər şey qaydasındadır, heç bir problem yoxdur”.

8 MİN 200 MANATA TELEFON ALIB

R.Cabbarlı özü də ifadəsində bildirib ki, 468 kvadrat metrlik ərazidə tikinti aparmaq üçün həm Bakı şəhər İcra Hakimiyyətindən, həm də Yasamal Rayon İcra Hakimiyyətindən icazəsi vardı.

Təqsirləndirilən şəxsin sözlərinə görə, o, R.Cabbarlıya başqa bir alternativ variant təklif edib. Deyib ki, Ali adlı əslən türk işadamı var, həm öz ölkəsində çox nüfuzludur, həm də Azərbaycanda yüksək vəzifəli şəxslərlə əlaqəsi var. Əlaqələrindən istifadə edib, bu məsələni həll edə bilər. Ancaq Alinin yanına xahişə əliboş gedə bilməz, dəyərli hədiyyə alıb aparmaq lazımdır. Məsələn, “Vertu” markalı telefon...

R.Cabbarlı ona 10 min 500 manat pul verib – 500 manatı yolpulu, 10 min də hədiyyə üçün. Söz verib ki, bu iş həll olunsun, onun özünə də 2000-2500 manat verəcək.

E.Musayev bildirir ki, 10 min 500 manatı alandan az sonra İlham Süleymanov onun yanına gəlib ki, “puldan mənə də ver”:

“Ona dedim ki, hələ mənim özümə axırda verəcək. Yenə də yolpulu üçün verilən 500 manatdan 250-sini alıb apardı”.

Türk işadamına 8 min 200 manata telefon alıb apardığını deyən təqsirləndirilən şəxsin sözlərinə görə, sonradan üzə çıxıb ki, torpaq sahəsilə bağlı şikayətlər var, ərazi problemlidir, ona görə məsələ alınmır:

“Ali zəng eləyib mənə dedi, mən də Ramiz Cabbarlıya. O da təsdiqlədi ki, əvvəl məsələ ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edib. Oranın mütəxəssisləri baxış keçirəndə ətrafdakı sakinlər ağacların kəsilməsinə etiraz edib. Dedim ki, gərək əvvəldən bunu mənə bildirəydiniz. Ramiz Cabbarlı mənə hədə-qorxu gəldi. Dedim ki, yeganə yol ağacın birinə 2 min 500 manata köçürməkdir”.

9 AĞACA GÖRƏ 22 MİN 500 MANAT GÖNDƏRİB

Ertəsi gün R.Cabbarlı işçisi İlhamla 9 ağaca görə 22 min 500 manat pul göndərib. Deyir, bu dəfə iş yoldaşı Nicatın nazirlikdəki tanışları vasitəsilə işi həll eləməyə çalışıb, alınmayıb:

“Mən o adama 2000 manat beh vermişdim. Bir müddət sonra İlham Süleymanov gəlib dedi ki, bahadır, özü həll eləyəcək. Utandığımdan Nicatdan 1700 manat aldım, İlhama verdim. Sonra ümumiyyətlə, bütün pulu geri qaytarmaq istəyəndə İlham dedi ki, 1700 manatı oğlunun təhsilinə xərcləyib, indi yerinə qoymağa da pul yoxdur. Həm də iş həll olunmasa, Ramiz ikimizi də məhv edəcək”.

Təqsirləndirilən şəxs bildirir ki, bundan sonra Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin şöbə rəisi Orxan Məmmədovla cəmi 15 min manata bu işi görməyi razılaşdırıblar. Ona ilkin olaraq, 10 min manat verilib. Amma o da işi uzadıb. Günlərin birində də zəng eləyib ki, 9 ağacın ikisini kəsib, qalan 7-ni də kəsəcək:

“Etiraz etdim, kəsməyə qoymadım. Sən demə, İlhamın da ağacların kəsilməsindən xəbəri varmış...”

Təqsirləndirilən şəxs onu da əlavə edib ki, R.Cabbarlı polisə şikayət edəndən sonra Nərimanov Rayon Polis İdarəsinin təhqiqatçısı onun yanında Orxan Məmmədova zəng eləyib pul alıb-almadığını soruşub. O isə 10 min aldığını təsdiqləyib, amma onu İ.Süleymanova qaytardığını deyib.

“Mən 22 min 500 manatın 1700 manatını İlham Süleymanova bir vermişəm, 2200 manatı da bank vasitəsilə bir göndərmişəm. 10 min Orxana vermişəm. 8 min 400 manatını özüm xərcləmişəm. Buna görə özümü qismən təqsirli bilirəm”, – təqsirləndirilən şəxs belə deyib.

O, narazılıq edir ki, istintaq zamanı O.Məmmədov haqqında heç bir tədbir görülməyib.

Məhkəmə araşdırmaları davam edir.

E.Musayevin təqsirləndirildiyi maddələrdə 10 ilə qədər həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG