Keçid linkləri

2017, 23 Noyabr, Cümə axşamı, Bakı vaxtı 22:33

'Ağ şəhər'də həyatı qaraya boyananlar...


«Layihəni həyata keçirənlər pulu xəsisliklə verirlər. Daha doğrusu, görünən odur ki, ümumiyyətlə, bizə pul vermək istəmirlər. Günü günə sata-sata 4 ildən çox keçib. Biz hələ də işıqsız, qazsız, susuz, kanalizasiyasız, tozun-torpağın, palçığın içində, evlərimizin divarlarının sökük yerlərini xalça-palazla tutaraq əziyyətli həyat sürməkdəyik».

Bunu Xətai rayonu, Turşsu küçəsində yaşayan Səlimə Səfərova deyir. Babək prospektinin yaxınlığında, azı, 40 ailə eyni vəziyyətdə yaşayır və bu yaxınlarda həmin ailələrin adından AzadlıqRadiosuna şikayət məktubu ünvanlanıb.

«YALNIZ BİRİNCİ MƏRTƏBƏNİ HESABLAYIRLAR»

Sakinlərin deməsinə görə, layihəni gerçəkləşdirən şirkətin nümayəndələri evlərin sahələrindəki ölçmə işlərini düzgün aparmayıblar. Yardımçı sahələri hesaba almayıblar. Üstəlik, kompensasiya təklifi də qane etmir. Məsələn, S.Səfərovanın ikimərtəbəli evinin yalnız birinci mərtəbəsinə görə kompensasiya təklif olunur. O isə razılaşmır:

***Buna da bax-3.5 milyonluq əmlaka 500 min kompensasiya təklifi

«İkimərtəbəli, hər mərtəbəsinin də sahəsi 110 kvadratmetr olan evimin yalnız birinci mərtəbəsinin sahəsini hesablayır. Halbuki, ikinci mərtəbəni də mən xərc qoyub tikmişəm, tam təmirli mərtəbədə başqa ailə – oğlumun ailəsi yaşayır. Şifahi olaraq bildirirlər ki, sən düz deyirsən, ancaq rəsmiləşdirməyə gələndə deyirlər, yalnız aşağı mərtəbəyə görə pul verilir. 3 ildən çoxdur ki, bu danışıqlar, mübahisələr, müzakirələr davam edir, ortada canımız çürüyür».

Hazırda «Ağ şəhər» layihəsinə düşən ərazilərdə kommunikasiya xətlərinin çoxu çalışmır. Son günlərsə durum daha acınacaqlıdır. Bir tərəfdən fasiləsiz yağışlar palçığı dizə çıxardıb, bir tərəfdənsə mavi yanacağın olmaması insanların həyatını çətinləşdirib.

KVADRATINA 1000 MANAT VERİRLƏR

Sakin Vidadi Nuriyev:

«Bu aralar evdən çölə çıxılası deyil. Dörd tərəfimiz dizdən yuxarı palçıqdır. Uşaqları qohum evlərinə yerləşdirmişik. «Kupça»mız da var, bütün sənədlərimiz qaydasında, deyir, kvadratmetrinə 1000 manatdan çox verə bilmərik. Qeyri-yaşayış sahələrinə onu da vermir. Təklif olunan kompensasiya ilə addım da ata bilmərik. O pula indi it damı da vermirlər. Təklif olunan məbləğ evimin yerində tikiləcək binadakı mənzillərin bir otağının yarısının pulu deyil. Mənim sahəmdə bina tikib yüzlərlə milyon qazanacaqlar, bəs niyə 40 min təklif edirlər?..».

Sakinlərin deməsinə görə, qapıya gələnlər hazırkı Birinci vitse-prezident Mehriban Əliyevanın adını hallandırırlar.

Xavər Abbasova:

«Sözlərinin başında da, ayağında da Mehriban Əliyevanın adını çəkirlər. Biz bilmirik, bu məsələlərlə Mehriban xanımın nə dərəcədə əlaqəsi var. Ancaq bu boyda ərazidə sakinlərə olunan zülmü dövlət qurumlarının «görməməsi» bizdə belə fikir yaradıb ki, bu özbaşınalığı edənlərin arxasında böyük güc dayanır. Yüzlərlə ailəni qəpik-quruş verərək, hədələməklə ev-eşiyindən didərgin salanlar kimə arxayındırlar?..».

***Buna da bax-'Evimiz plana düşüb, 3 ildir zirzəmidə qalırıq'

Ərazidə xeyli ticarət obyekti sökülüb. Bu obyektlərin sahibləri vaxtaşırı AzadlıqRadiosuna müraciət edir, obyektlərə görə hələ də kompensasiya ödənilməməsindən, tələb edərkən hədələnməklərindən şikayətlənirlər.

«SAKİNLƏRİN ÇOX HİSSƏSİ PULU ALIB GEDİB»

Xətai Rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, ərazidəki evlərin çoxu sənədsizdir, bununla belə, ərazidə tikintilər aparan şirkət sakinlərə normal məbləğdə kompensasiya ödəyib və hazırda da ödəməkdədir:

«Sakinlərin çox hissəsi çoxdan kompensasiyasını alıb, çıxıb. Ancaq bir qrup sakin var ki, tikilisinin dəyərindən qat-qat çox pul istəyir. Bu da mümkün deyil».

Hüquqşünas Vaqif Alıyev:

«Həmin ərazidə plana düşmüş evlərlə bağlı Xətai Rayon İcra Hakimiyyətində komissiya fəaliyyət göstərir. Əgər ev fərdidirsə, yəni köçkün kimi məskunlaşmayıblarsa, «Qaçqınkom» burada heç bir rol oynamır. Vətəndaş söküntü aparılmış ərazi üzrə icra hakimiyyətinin yaxasından yapışmalıdır. Həmin icra hakimiyyətində plana düşmüş evlərlə bağlı komissiya fəaliyyət göstərir. Komissiyaya rəsmi müraciət etməlidir. Qanunvericilikdə nəzərdə tutulan müddətdə cavab almasa, yaxud aldığı cavab onu razı salmasa, həmin cavabı da iddia ərizəsinə əlavə edib məhkəməyə müraciət etməlidir».

İDDİALAR TƏMİN OLUNMUR

Bir sözlə, hüquqşünas məsələnin tərəflər arasında həllini tapmasa, məhkəmə yolu ilə çözülə biləcəyini bildirir.

«Ağ şəhər» layihəsi ortaya çıxandan bir çox vətəndaşlar şəxsi əmlaklarına kiçik məbləğdə kompensasiyalarla razılaşmayaraq, Xətai Rayon Məhkəməsində iddia qaldırıblar. Bu iddiaların çoxu təmin olunmayıb.

Fəhlə prospekti ilə Babək prospekti arasındakı ərazidə 3 ildən çoxdur icra edilməkdə olan «Ağ şəhər» layihəsi 221 hektar ərazini əhatə edir. Burada 50 min sakinin yaşaması nəzərdə tutulur. Ərazinin 39 hektarını yaşıllıq və ayrıca park tutacaq. Burada 18 min yaşayış və kommersiya obyekti, 40 min avtodayanacaq nəzərdə tutulub. Layihə ilə əlaqədar ərazidəki köçürülmələr zamanı sakinlərlə iş icraçıları və yerli icra hakimiyyəti arasında dəfələrlə konfliktlər yaşanıb. Köçürülən sakinlər plana düşmüş evlərinə görə ödənilən kompensasiyanın məbləğindən razı qalmayıblar.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

  • Zəhmət olmasa təhlükəsizlik üçün nəzərdə tutulan sualları cavablayın *

ƏLAQƏ ÜÇÜN

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG