Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:56

Taliban Moskvada xarici qoşunların Əfqanıstandan çıxarılmasına çağırıb


Taliban nümayəndələri Moskva danışıqlarında
Taliban nümayəndələri Moskva danışıqlarında

Taliban və keçmiş prezident Hamid Karzai-in başçılıq etdiyi əfqan nümayəndə heyəti Moskvada danışıqların ikinci – sonuncu gününü başa vurublar.

Bu danışıqlarda Taliban nümayəndələri sülh prosesinin başlanğıcı üçün şərt olaraq bütün xarici qoşunların Əfqanıstandan çıxarılmasını tələb ediblər.

Fevralın 5-6-da Moskvada keçirilən və bəzi şərhçilərin “əfqandaxili proses” adlandırdığı danışıqlardan sonra Karzai rəsmi Kabul hökumətinin iştirak etməməsinə baxmayaraq müzakirələrin “çox qənaətbəxş” olduğunu bəyan edib.

Moskva danışıqlarından əvvəl Qatarın paytaxtı Dohada Əfqanıstan nümayəndələri arasında daha geniş müzakirələr keçirilib. Taliban bu danışıqlarda Əfqanıstan hökumətinin təmsilçiləri ilə birbaşa müzakirələrdən imtina edir.

Prezident Donald Trump fevralın 6-da özünün “Ölkənin vəziyyəti” adlı məruzəsində bu danışıqların “konstruktiv” olduğunu demişdi. Trump habelə “Amerikanın ən uzun müharibəsinin” tezliklə başa çatacağına ümid etdiyini bildirmişdi.

Karzai bidlirib ki, Moskvada keçirilən danışıqların əsas mövzusu xarici qoşunlardan azad Əfqanıstan idi.

Moskva danışıqlarında 10 nəfərdən ibarət Taliban nümayəndə heyətinə başçılıq edən Sher Mohammad Abbas Stanikzai ikigünlük müzakirələri “çox uğurlu” adlandırıb:

"Biz bir çox məqamlarda razılığa gəldik və mən ümid edirəm ki, gələcəkdə bu uğuru artıra, nəhayət həllə nail ola, Əfqanıstanda sülhü tam bərqərar edə bilərik”.

O əlavə edib ki, ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasının vaxtı hələ müəyyən edilməyib, lakin bu məsələnin müzakirəsi aparılır:

"Biz israr edirik ki, ABŞ qoşunları mümkün qədər tez çıxarılmalıdır və biz bu barədə ABŞ-la danışıqlar aparırıq”.

Fevralın 6-da Taliban nümayəndə heyətinin üzvü Abdul Salam Hanefi deyib ki, bu yaxınlarda Dohada aparılan danışıqlarda ABŞ öz qoşunlarını Əfqanıstandan aprelin sonunadək çıxarmağa razılaşıb.

Lakin daha sonra Hanefi bu qeydlərini tamamilə inkar edib və bildirib ki, qoşunların çıxarılmasına dair heç bir razılaşma yoxdur.

Bu arada ABŞ Dövlət Departamentinin sözçüsü də bildirib ki, Vaşinqton qoşunların çıxarılması vaxtı barədə heç bir razılaşma əldə etməyib.

O deyib ki, hazırda “bütün tərəflər Əfqanıstanın terrorçuluq üçün platformaya çevrilməsinin qarşısını almağa çalışmalıdır və ABŞ buradakı qüvvələrinin mövcudiyyəti məsələsinə şərait buna imkan verəndə baxacaq”.

ABŞ-ın Əfqanıstan sülh məsələləri üzrə xüsusi səfiri Zalmay Khalilzad da bildirib ki, hələlik heç bir konkret razılaşma yoxdur.

Əfqanıstan prezidenti Ashraf Ghani Moskvada keçirilən danışıqları tənqid edib.

O fevralın 5-də ABŞ dövlət katibi Mike Pompeo ilə söhbətində deyib ki, istənilən sülh prosesində mərkəzi rolu Kabul hökumətinin oynaması ən mühüm məsələdir. O Əfqanıstanın TOLO xəbər agentliyinə deyib:

“Moskva danışıqları fantaziyadan başqa bir şey deyil. Heç kim Əfqanıstan xalqının razılığı olmadan qərar qəbul edə bilməz. Moskvada toplaşanların heç birinin rəsmi səlahiyyəti yoxdur. Onlar istədiklərini deyə bilərlər”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG