Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:57

Jurnalist ona işgəncə verildiyini deyir


Əfqan Sadıqov
Əfqan Sadıqov

“Bu adam dəlidir ki, səhər tezdən özü-özünə söyüş söyə-söyə getsin?”

“Mənim başıma, bədənimə yumruq-təpiklə o qədər vurdular ki, axırda huşumu itirdim. Tələb edirdilər ki, saxta protokola qol çəkim. Küçə söyüşləri söyürdülər. Axırda bu cür işgəncələr altında imzalamağa məcbur oldum”, – jurnalist Əfqan Sadıqov iyulun 13-də məhkəmədə belə deyib.

Bakı Apellyasiya Məhkəməsində Ə.Sadıqovun 30 gün inzibati həbsi barədə qərardan verilmiş şikayətə baxılıb.

Jurnalistin vəkili Cavad Cavadov deyib ki, Ə.Sadıqov iyulun 7-də səhər saat 9.15-də küçədə özü-özünə söyüş söyməkdə, onu intizama dəvət edən polis əməkdaşlarına tabe olmamaqda suçlanır. Amma bu ittihamın heç bir əsası yoxdur. Vəkilin sözlərinə görə, Əfqanı iyulun 6-da Cəlilabadda anasının yaşadığı evdən polislər gəlib aparıblar: “Onu əvvəlcə rayon polis şöbəsinə, oradan da Bakıya DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətiriblər. Hələ iyulun 6-da onun polislər tərəfindən aparılması barədə həyat yoldaşının da mediaya açıqlaması olub. Bu insan dəlidir ki, səhər saat 9.15-də küçədə özü-özünə söyüş söyə-söyə getsin? Son vaxtlar inzibati həbsləri bu cür rəsmiləşdirirlər. Acınacaqlı tendensiyadır”.

Vəkil jurnalistin anası, bacısı və həyat yoldaşının şahid qismində dindirilməsi, Ə.Sadıqovun söyüş söydüyü iddia olunan ərazidəki təhlükəsizlik kameralarının görüntülərinin alınması və s. vəsatətlər qaldırıb. Vəsatətlərin heç biri təmin olunmayıb.

“Mənə işgəncə verildi”

Jurnalist özü isə başına gələnlər barədə bunları danışıb: “İyulun 6-da anama dəymək üçün rayona getmişdim. Günorta saat 1 radələrində çatdım, az sonra iki polis gəldi. Məni əvvəlcə şöbəyə, oradan da qandallayıb “bandotdel”ə gətirdilər. Orada bir kameraya saldılar. Ertəsi gün səhər 9-da şöbəyə qaldırdılar. Bir kağız verdilər ki, ‘dediklərimizi yaz. Allahına da şükr elə ki, sənə sutkalıq veriləcək, 234.4.3-ü (satış məqsədilə narkotik əldə etmə, saxlama – 5 ildən 12 ilə qədər həbs) də verə bilərdik’. Yazmalıydım ki, küçədə söyüş söymüşəm. Təbii ki, imtina elədim və işgəncələr başladı...”

İşgəncə altında izahatı imzaladığını söyləyən Ə.sadıqov günahsız olduğunu bildirib.

Hakim Vaqif Mursaqulov təxminən bir dəqiqəlik müşavirədən sonra apellyasiya şikayətinin təmin olunmadığını, Ə.Sadıqovun 30 sutka inzibati həbsinə dair Nərimanov Rayon Məhkəməsinin qərarının qüvvədə saxlandığını elan edib.

Məhkəmədən sonra Cavad Cavadov AzadlıqRadiosu-na bildirib ki, jurnalistin həbsilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndəriləcək.

Həyat yoldaşı Sevinc Sadıqova deyir ki, Əfqanın həbsinin yeganə səbəbi tənqidi fikirləri, sosial şəbəkələrdə haqsızlıqları dilə gətirməsidir.

Xatırlatma

Ə.Sadıqov 2016-cı il noyabrın 22-də də saxlanmışdı. Ona Cinayət Məcəlləsinin (CM) 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham irəli sürülmüşdü. O, icra hakimiyyətində bir qadına xəsarət yetirməkdə ittiham edilib. Ancaq redaktor ittihamı qəbul etmir, işi qurama sayırdı.

2017-ci il yanvarın 12-də Cəlilabad Rayon Məhkəməsində Ə.Sadıqov barəsində hökm oxunub. Məhkəmə onu 2 il yarım müddətinə azadlıqdan məhrum edib.

2017-ci ilin noyabrında isə Ali Məhkəmə Ə.Sadıqovun cəza müddətini 2 il yarımdan 1 il yarımadək azaldıb. Ancaq 2017-ci ilin dekabrında ona qarşı diffamasiya haqqında cinayət iddiasını bərpa ediblər. İddianı Cəlilabad rayonunun keçmiş, Yasamal rayonunun indiki icra başçısı Ə.Əzizovun qaldırdığı bildirilirdi. O, rəhbərlik etdiyi saytda böhtan yayılmasında ittiham edilirdi. Redaktor bu ittihamı da qəbul etmirdi. Ancaq sonradan bu iddianın geri çəkildiyi açıqlandı.

Yerli hüquq-müdafiə təşkilatlarının siyasi məhbuslarla bağlı hazırladığı siyahıda onun adı da yer alırdı.

Ancaq rəsmilər ölkədə siyasi məhbus olması fikrini qəbul etmirlər. Rəsmilərin bildirməsinə görə, siyasi məhbus sayılan şəxslər konkret əməllərinə görə məsuliyyətə cəlb ediliblər.

XS
SM
MD
LG