Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 01:27

Əfqan Muxtarlının ifadəsi Gürcüstan prokurorluğuna təqdim olunub


Əfqan Muxtarlı
Əfqan Muxtarlı

Həbsdəki jurnalist Əfqan Muxtarlı Gürcüstan Prokurorluğuna təqdim edilməsi üçün yazılı ifadə verib. Bu haqda Turan-a jurnalistin gürcüstanlı vəkili Archil Chopikashvili məlumat verib.

Əfqan Muxtarlı işi ilə bağlı keçən il Gürcüstanda da cinayət araşdırmasına başlandığını qeyd edən vəkil ötən müddət ərzində araşdırmada hər hansı irəliləyişin olmadığını bildirib:

“Biz hər dəfə müraciət etdiyimizdə bizə araşdırmanın yubanmasını Əfqan Muxtarlının ifadəsini ala bilməmələri ilə izah edirdilər. Prokurorluq müvafiq müraciətlərə Azərbaycan tərəfinin cavab vermədiyini bildirirdi. Ona görə də biz Muxtarlının özünün yazdığı ifadəni prokurorluğa təqdim etdik”.

Jurnalist ifadəsini ötən ay göndərib, o, notarial qaydada gürcü dilinə çevrilib və Gürcüstan Prokuroluğunun İstintaq İdarəsinə ünvanlanıb.

İfadənin məzmununa gəlincə, vəkil deyib ki, Muxtarlı orda başına gələnləri detallarınadək qeyd edib, istintaqı maraqlandıran mümkün bütün suallara aydınlıq gətirib.

Vəkil ifadənin prokurorluğa təqdim edilməsi ilə jurnalistin işinin araşdırmasında irəliləyişin ola biləcəyini söyləyib.

Xatırlatma

Gürcüstandan oturum izni almış Əfqan Muxtarlı 2017-ci il mayın 29-da Tbilisidən müəmmalı şəkildə Azərbaycana gətirilib.

Jurnalistin özü Tbilisidə oğurlandığını, başına torba keçirildiyini, işgəncəyə məruz qaldığını, Azərbaycana zorla gətirildiyini və sərhəddən keçirilərkən cibinə 10 min avro qoyulduğunu bildirib.

Rəsmi ittihamda isə bunun əksi iddia olunur. O güc tətbiq etməklə hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə, sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham olunaraq 6 il azadlıqdan məhrum edilib.

Əfqan Muxtarlı həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu bəyan edib. Hakimiyyətsə ölkədə heç kimin jurnalist fəaliyyətinə görə həbs edilmədiyini bildirib.

XS
SM
MD
LG