Azərbaycan xəbərləri
Afiəddin Məmmədov həbs edilib
İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının koordinatoru Afiəddin Məmmədov barəsində 2 aylıq həbs qəti imkan tədbirinin seçildiyi bildirilir.
Həmin təşkilatdan verilən məlumata görə, o, Cinayət Məcəlləsinin 221.3 (Xuliqanlıq) və 126.1 (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilir.
Bildirildiyinə görə, onun barəsində sentyabrın 21-də Xətai Rayon Məhkəməsi qərar verib.
Təşkilatdan habelə qeyd olunub ki, Məmmədov özünü təqsirli bilmir və fəaliyyətinə görə, şərləndiyini düşünür.
Afiəddin Məmmədovun dünən, sentyabrın 20-də evdən çıxarkən saxlandığı bildirilirdi.
Yaxınlarının verdiyi məlumata görə, həmin vaxt evin yanında bir nəfər özünə xəsarət yetirərək bıçağı Məmmədovun üstünə atıb: “Hadisə yerinə dərhal polis əməkdaşları gələrək onu saxlayıb”.
Amma bütün bu deyilənlərə Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb.
Bütün xəbərləri izləyin
İnsan haqları müdafiəçiləri Avropa Şurasına çağırış etdi
Bir qrup insan haqları müdafiəçisi Avropa Şurasını Azərbaycana qarşı Birgə Əlavə Proseduru (Joint Complementary Procedure) başlatmağa çağırır. Bu çağırışla yanvarın 22-də "Azərbaycanda repressiyaya son kampaniyası" çıxış edib.
Kampaniya qeyd edir ki, Azərbaycan Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2025-ci il sessiyasına akkreditasiya təqdim etməməsi Assambleyanın monitorinqi ilə əməkdaşlıqdan aşkar imtinasıdır.
Kampaniya bildirir ki, Azərbaycan son 10 ildə Avropa Şurasının standartlarını, institutlarını və qərarlarını gözardı edib. İnsan hüquqları müdafiəçiləri 2026-cı ilin qış sessiyası ərəfəsində AŞPA-nı Azərbaycandakı insan hüquqları böhranına xüsusi diqqət yetirməyə çağırırlar. Kampaniya bu çağırışı dəstəklədiyini bildirir, AŞPA-nı Nazirlər Komitəsi ilə Birgə Əlavə Proseduru başlatmağa çağırır.
Xatırlatma
Azərbaycanın AŞPA-dakı səsvermə hüququ 2024-cü ildən dondurulub. Buna Azərbaycanın qurum qarşısında insan hüquqları ilə bağlı götürdüyü öhdəlikləri yerinə yetirməməsi səbəb göstərilib. Azərbaycan hakimiyyəti də buna cavab olaraq qurumla əməkdaşlığı dayandırdığını açıqlayıb. Sonradan Bakı həmin müzakirələrdə bu qərara səs vermiş deputatları qara siyahıya salaraq onların Azərbaycana gəlişinə məhdudiyyət qoyub. Rəsmilər bir neçə dəfə bildiriblər ki, nümayəndə heyətinin mandatı bərpa olunandan sonra əməkdaşlığa hazırdırlar.
Azərbaycan prezidenti İlham Əliyev isə bu həftə "Euronews" televiziyasına müsahibəsində deyib ki, AŞPA, Avropa Parlamenti ilə əməkdaşlıq uzun illərdir dayandırılıb: "Biz Avropa Komissiyası ilə əməkdaşlıq edirik və bununla kifayətlənirik".
Avropa Şurası 2020-ci ildə təşkilat qarşısında öhdəliklərini kobud şəkildə pozan üzv-dövlətlərlə bağlı yeni qərar qəbul edib. Əgər üzv-dövlət öhdəliklərini kobud şəkildə pozur, təşkilatın prinsip və dəyərlərinə əməl etmirsə, bu halda, Avropa Şurası Nazirlər Komitəsi o ölkəyə münasibətdə əlavə prosedura başlamaq qərarı verir.
Hüquq müdafiəçiləri Azərbaycanda 340 siyasi məhbusun olduğunu deyirlər. Hakimiyyət isə bu termini qəbul etmir.
27 milyon manatlıq əmlaka həbs qoyulub
2025-ci ildə Azərbaycanda zərərin ödənilməsi məqsədilə istintaqı başa çatdırılmış cinayət işləri üzrə 27 milyon 439 min 745 manat məbləğində əmlaka həbs qoyulub.
Bu barədə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində baş prokuror Kamran Əliyevin sədrliyi ilə əməliyyat müşavirəsində bildirilib.
Vurğulanıb ki, hesabat dövründə baş idarə 174 şəxs barəsində 104 cinayət işini baxılması üçün məhkəmələrə göndərib: "İstintaqı başa çatdırılmış cinayət işləri üzrə ümumilikdə özgə əmlakına vurulmuş 35 milyon 391 min 465 manat məbləğində maddi ziyandan 11 milyon 634 min 316 manatının ödənilməsi təmin olunub".
Xatırlatma
Azərbaycanda bir çox müxalifət partiyaları Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyətindən heç də razı deyillər. Onların fikrincə, idarə ciddi və köklü korrupsiya hallarının üzərinə gedə bilmir, ya xırda, ya da gözdən düşən məmurlar məsuliyyətə cəlb edilirlər. Bunu onlar bundan ötrü ölkədə siyasi iradənin olmaması ilə izah edirlər. Hərçənd rəsmilər bunun əksini söyləyirlər.
Üstəlik, korrupsiyaya yol verdiyi bildirilən bəzi məmurların "maddi ziyanın ödənilməsi" nəticəsində uzunmüddətli həbslərdən kənarda qalması halları da cəmiyyətdə əlavə mübahisələrə səbəb olur.
Azərbaycan NATO ilə kibertəhlükəsizlik məsələlərini müzakirə edir
Bu gün, noyabrın 22-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov NATO baş katibinin müavini Radmila Şekerinskanı qəbul edərək əməkdaşlıq münasibətlərindən danışıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, görüş zamanı tərəflər arasında mövcud əməkdaşlıq gündəliyi, perspektivləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
"Azərbaycanla NATO arasında minasızlaşdırma, kibertəhlükəsizlik və digər sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilib", - məlumatda vurğulanır.
R.Şekerinska yanvarın 21-də Azərbaycana gəlib.
Xatırlatma
Azərbaycan-NATO (Şimali Atlantika Müqaviləsi Təşkilatı) əməkdaşlığı 1994-cü ildən başlanıb. Bu əlaqələrin əsas tərkib hissəsini hərbi əməkdaşlıq, hərbi modernizasiya, təhlükəsizlik məsələləri üzrə siyasi məsləhətləşmələr və sülhməramlı əməliyyatlar təşkil edib. 2002-ci ildə NATO-nun Praqa sammitində tərəfdaş ölkələrlə əməkdaşlığı genişləndirmək məqsədilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) qəbul edilib. 2005-ci ildə prezident İlham Əliyev Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlıq Əməliyyat Planını təsdiq edib.
Ancaq Azərbaycan rəsmiləri son illər açıq bəyan ediblər ki, qarşıya NATO-ya üzvilik məsələsi qoyulmayıb. Müxalifət bunu hökumətin islahatlara hazır olmaması və Rusiya ilə yaxınlıq kimi izah edir.
SOCAR Kot-d'İvuarda neft-qaz layihəsində 10 faiz pay alıb
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Kot-d'İvuarda yerləşən "Baleine" neft-qaz yatağının işlənməsi layihəsində 10 faiz iştirak payının alınması ilə bağlı "Eni S.p.A." şirkəti ilə saziş imzalayıb.
Bu barədə qurum özü məlumat yayıb.
Sənədi Dünya İqtisadi Forumunun 2026-cı il illik toplantısı çərçivəsində SOCAR prezidenti Rövşən Nəcəf və "Eni S.p.A." şirkətinin baş icraçı direktoru Klaudio Deskaltsi imzalayıb.
Məlumatda bildirilir ki, "Baleine" Qərbi Afrikada son illərdə aşkar edilmiş ən iri neft-qaz yataqlarından biri hesab olunur. Dənizdə yerləşən bu neft və qaz yatağı 2021-ci ildə kəşf edilib və 2023-cü ildə hasilatına başlanılıb.
Azərbaycanda isə "qara qızıl" azalır
Azərbaycanın özündə isə neft hasilatı azalıb, qaz çoxalıb. 2025-ci ildə Azərbaycanda 27.7 milyon ton neft (- 4.8 faiz), 51.5 milyard kubmetr təbii qaz (+ 2.4 faiz) hasil edilib.
SOCAR-ın borc öhdəlikləri ilə bağlı son rəqəmlər açıqlanmayıb. Amma 2025-ci ilin əvvəlində uzunmüddətli borc öhdəlikləri 16.5 milyard manat təşkil edib (öhdəliklərdə artım var).
Şirkətin işçilərinin sayında ümumən azalma var. 2025-ci il yanvarın 1-də SOCAR üzrə işçilərin faktiki sayı 48 min 69 nəfər təşkil edib. Ondan əvvəlki 10 il ilə müqayisədə şirkətdə 6 min 645 ştat azalıb.
MONEYVAL Azərbaycanın tövsiyələri əsasən yerinə yetirdiyini bildirir
Avropa Şurasının MONEYVAL qurumu bildirir ki, Azərbaycan çirkli pulların yuyulması, terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizədə tədbirlərini təkmilləşdirib. Qurum yanvarın 21-də bu haqda hesabat yayıb.
Azərbaycan Maliyyə Fəaliyyəti üzrə İşçi Qrupun (FATF) standartlarının tətbiqi ilə bağlı texniki çatışmazlıqların aradan qaldırılmasında irəliləyiş əldə edib, - MONEYVAL belə qənaətə gəlib.
Azərbaycanın uyğunluq reytinqi də FATF-in tövsiyələri üzrə yüksəldilib. Ölkənin 40 tövsiyədən 8-nə FATF standartlarına tam uyğun, 28-nə əsasən uyğun, 4-nə qismən uyğun gəldiyini açıqlanıb.
MONEYVAL bildirir ki, Azərbaycan gücləndirilmiş nəzarət (enhanced follow-up) prosesində qalacaq, bir il sonra yenidən hesabat təqdim etməyə dəvət olunub.
Avropa Şurasının monitorinq orqanı olan MONEYVAL çirkli pulların yuyulmasına, terrorçuluğun və kütləvi qırğın silahlarının yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə üzrə fəaliyyəti qiymətləndirir.
İsrail və Azərbaycan prezidentləri görüşüb
Azərbaycan prezidenti İlham Əliyev yanvarın 21-də Davosda İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla görüşüb.
AZƏRTAC-ın xəbərinə görə, söhbət zamanı Azərbaycan-İsrail münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafı vurğulanıb.
Azərbaycan və İsrail prezidentləri əməkdaşlığın perspektivləri ilə bağlı məsələləri müzakirə ediblər.
Bu arada Azərbaycan ABŞ prezidenti Donald Trampın Sülh Şurasına təsisçi üzv dövlət olmaq dəvətini qəbul edib. Bu təşəbbüsün ilkin məqsədi Qəzzada münaqişəni bitirməkdir, sonradan digər münaqişələri də əhatələyə bilər. Bu dəvətin dünyanın bir çox ölkələrinə göndərildiyi açıqlanıb.
2023-cü il oktyabrın 7-də ABŞ və Qərb ölkələrinin terror təşkilatı saydığı HƏMAS İsrailin cənubuna hücum edib, təxminən 1200 nəfər həlak olub, 251 nəfər girov götürülüb. Bu hücuma cavab olaraq İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb. O vaxtdan bəri Qəzzada 65 mindən çox insanın öldürüldüyü bildirilir. Girovların bir çoxu isə azad edilib.
Azərbaycan İsrail-Fələstin böhranında, BMT kimi, "iki dövlət" prinsipini müdafiə edir. Söhbət həm İsrailin, həm də Fələstinin dövlət kimi qəbul edilməsindən gedir.
Davosda builki ənənəvi İqtisadi Forum yanvarın 19-da başlayıb.
Azərbaycanın xarici ticarətində müsbət saldo 8 dəfə azalıb
2025-ci il üzrə Azərbaycanın xarici ticarət dövriyyəsi 49.4 mlrd. ABŞ dollarına çatıb.
Bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Bu, 2024-cü illə müqayisədə 3.8 faiz çoxdur.
Bu dövr üzrə ixracın həcmi 5.7 faiz azalaraq 25.04 mlrd. dollara düşüb. İdxal isə 15.8 faiz artaraq 24.4 mlrd. dollara yüksəlib.
Bu isə xarici ticarət saldosuna mənfi təsir edib. Ötən il xarici ticarətin müsbət saldosu 8.3 dəfə azalaraq 663 mln. dollara enib. 2024-cü ildə bu rəqəm 5.5 mlrd. dollar təşkil etmişdi.
Rəsmilər idxalın artmasını, əsasən, ölkənin qızıl alışı ilə izah edirlər. Amma müstəqil iqtisadçılar vurğulayırlar ki, səbəblər daha çoxdur, ən əsası, ölkədə iqtisadi artım baş vermir.
Onlar xatırladır ki, ölkənin ixracının 85 faizi neft və qazın payına düşür. Ötən il Azərbaycanda həm neft hasilatı azalıb, həm də o ucuzlaşıb.
Son bir ildə 160-dan çox məktəb bağlanıb?
Son bir ildə Azərbaycandakı dövlət təhsil müəssisələrinin sayında 161 azalma var. Bu, Dövlət Statistika Komitəsinin (DSK) aylıq hesabatlarında "Təhsil" bölməsindəki məlumatların təhlili nəticəsində bəlli olub.
DSK-nın yeni açıqlanan hesabatında deyilir ki, 2025/2026-cı tədris ilinin əvvəlinə ölkənin 4 min 160 dövlət və 35 qeyri-dövlət ümumi təhsil müəssisələrində (məktəbəhazırlıq qruplarında təhsilalanlar da daxil olmaqla) 1.7 milyon nəfər təhsil alıb.
Bir il əvvəl 4 min 321 dövlət və 33 qeyri-dövlət məktəblərində 1.7 milyon şagirdin təhsil aldığı bildirilirdi.
Xatırlatma
Elə rəsmilər də son dövrlər ölkədə şagird sayı çox az olan bəzi kənd məktəblərinin fəaliyyətinin dayandırılacağından bəhs ediblər. Onların vurğulamasına görə, bu, təkcə bağlama deyil, həm də birləşmələri əhatə edəcək. Rəsmilər bu prosesi "optimallaşdırma" adlandırırlar.
Son illər Azərbaycanda doğuşun azalması məktəblilərin sayında da azalma ilə müşahidə edilir. Amma bəzi ekspertlər də deyirlər ki, hökumətin bu addımları təkcə şagird sayının azalması ilə bağlı deyil. Onların fikrincə, məhz ölkəyə neft pullarının gəlişində azalma baş verdikdən sonra belə addımlar atmağa başlayıblar.
Son vaxtlar ölkənin ucqar kəndlərində bəzi məktəblərin bağlanması valideynlər arasında da müəyyən narazılıqlara səbəb olub. Onlar mediaya açıqlamalarında əlavə yol və vaxt itkisindən şikayətlənirlər.
20 Yanvar faciəsindən 36 il keçir [Video]
Bu gün Azərbaycanda 1990-cı il 20 Yanvar hadisələrinin 36-cı ildönümü qeyd edilir.
Hər il olduğu kimi, paytaxt sakinləri, o cümlədən dövlət, hökumət rəsmiləri, siyasi partiyaların təmsilçiləri Bakıda Şəhidlər Xiyabanına gedərək faciədə həlak olanların qəbirlərinə gül dəstələri qoyurlar.
36 il öncə, 1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə ozamankı SSRİ rəhbərliyinin göstərişi ilə Bakıya ordu yeridilib. 35 minlik ordu korpusunun apardığı əməliyyat "Zərbə" adlanırdı. Azərbaycanın rəsmi qurumları həmin günlərdə Bakıda və respublikanın bir sıra bölgələrində SSRİ ordusunun 130-dan çox dinc sakini öldürdüyünü, 700-dən çox adama isə müxtəlif dərəcəli xəsarətlər yetirdiyini açıqlayıblar. Üstəlik, həmin vaxt 841 nəfər fəalın həbs olunduğu bildirilir.
Azərbaycanda həmin prosesin iştirakçıları hesab edirlər ki, SSRİ rəhbərliyinin məqsədi müstəqilliyə can atan xalqı qorxutmaq idi. SSRİ rəhbərliyi isə ordu yeridilməsini respublikada asayişin pozulması ilə izah edirdi.
Azərbaycan həmin hadisələrdən bir il sonra öz müstəqilliyini bərpa edib.
Ceyhun Bayramov Marko Rubio ilə danışıb
Yanvarın 19-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı olub.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, telefon danışığı zamanı iki ölkə arasında əməkdaşlığın inkişaf perspektivləri, eləcə də regional vəziyyət və Bakı ilə Yerevanın normallaşma prosesi müzakirə edilib.
Açıqlamaya görə, ötən il avqustun 8-də Vaşinqton Sülh Sammitindən sonra Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması istiqamətində ikitərəfli təmaslar, müzakirələr yüksək qiymətləndirilib və tərəflər layihənin qısa müddət ərzində razılaşdırılaraq imzalanacağına ümidvar olduqlarını bildiriblər. "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) icrası üzrə görülən işlərin əhəmiyyəti vurğulanıb", - məlumatda əlavə edilib.
Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. 1990-cı illərin əvvəllərində Azərbaycanın 20 faiz ərazisi işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.
Ötən il avqustun 8-də 30 ildən çox münaqişədə olmuş Azərbaycan və Ermənistanın rəsmiləri Vaşinqtonda sülh müqaviləsinin mətnini paraflayıblar. Oval ofisdə ABŞ prezidentinin iştirakı ilə tərəflər görüşün nəticələri haqda bəyannamə də imzalayıblar. Bəyannaməyə əsasən, Ermənistanın cənubundan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqə (TRIPP) yaranacaq. Paraflanan mətində də tərəflər bir-birlərinin ərazi bütövlüyünü tanıyır, habelə qarşılıqlı iddiaların geri çəkiləcəyi vurğulanır.
Həmin vaxt ABŞ və Azərbaycan arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üçün Strateji İşçi Qrupun yaradılması ilə bağlı anlaşma memorandumu da imzalanmışdı.
Xatırlatma
Rəsmi Bakının 2024-cü ilin noyabrında Donald Tramp ABŞ prezidenti seçilənə qədər Vaşinqtonla münasibətlərində müəyyən soyuqluq müşahidə edilib. ABŞ rəsmiləri, bir qayda olaraq, Azərbaycanda fundamental azadlıqlar və tənqidçilərin həbsi ilə bağlı narahatlıqlarını ifadə ediblər. Azərbaycan rəsmiləri isə belə çağırışları ölkənin daxili işlərinə qarışmaq kimi dəyərləndiriblər.
İndi artıq yüksəksəviyyəli təmaslarda hərtərəfli əməkdaşlıq perspektivlərindən bəhs olunduğu açıqlanır.
Azərbaycanda mənzillər 12 faizdən çox bahalaşıb
Azərbaycanda mənzillər 12 faizdən çox bahalaşıb. Bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.
2025-ci ilin IV rübündə mənzil bazarında qiymətlər 2025-ci ilin III rübü ilə müqayisədə 3.1 faiz, o cümlədən ilkin mənzil bazarı üzrə 4.3 faiz, təkrar mənzil bazarı üzrə 3 faiz artıb.
2025-ci ilin yanvar-dekabr aylarında isə 2024-cü ilin analoji dövrünə nisbətən 12.2 faiz qiymət artımı qeydə alınıb.
Səbəblər...
Son bir ildə ölkədə iqtisadi artım 1, inflyasiya isə 5 faiz civarında olub.
Ekspertlər iqtisadi artımın çox zəif olmasına baxmayaraq, mənzil bazarında bahalaşmanı bir çox amillərlə izah edirlər. Onlar deyir ki, paytaxt Bakıda tikintilərin sayı əvvəlki illərlə müqayisədə kəskin azalıb. Habelə, digər tərəfdən vurğulanır ki, Bakıda söküntü işləri davam edir və bu zaman əhaliyə ödənilən kompensasiyalar da mənzil bazarına təsir göstərən amillərdəndir.
Ekspertlər hesab edir ki, Rusiyaya sanksiyalar və bəzi Azərbaycan vətəndaşlarının orada əmlaklarını sataraq Bakıya gəlib daşınmaz əmlak almaları da qiymətləri müəyyən qədər bahalaşdırır. Onların fikrincə, ən nəhayət, Azərbaycanda biznes mühiti əlverişli olmadığından insanlar pullarını daha çox daşınmaz əmlaka qoymağa üstünlük verirlər.
Ekspertlər düşünür ki, bir çox məmurların qanunsuz yollarla həddən çox gəlir əldə etmələri də bu məsələdə az rol oynamır.
Azərbaycanda buğda istehsalı azalıb
2025-ci ildə Azərbaycanda buğda istehsalı azalıb. Bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat verib.
Ötən il ölkədə 1 milyon 609.8 min ton buğda istehsal edilib. Bu, 2024-cü ilə nisbətən 4.5 faiz azdır.
Amma məhsuldarlıq 8.4 faiz artıb - ötən il hər hekrata 33.5 sentner olub.
Məhsuldarlığın artmasına baxmayaraq, istehsalın düşməsi əkin sahələrinin azalması ilə bağlıdır. Müstəqili ekspertlərə görə, son illər Azərbaycanda bir çox kənd sakinləri pay torpaqlarını bəzi imkanlı şəxslərə ya satır, ya da icarəyə verirlər. Nəticədə, onların deməsinə görə, torpaqlar tədricən məmur-oliqarxların əlində cəmləşməkdədir.
Azərbaycan buğda ehtiyaclarının böyük hissəsini idxal hesabına ödəyir. Ötən ilin 11 ayında Azərbaycana 1 milyon 131 min 876.30 ton buğda idxal edilib.
Amma ümumilikdə kənd təsərrüfatında, az da olsa, (0.9 faiz) inkişaf var.
2025-ci il üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 14 milyard 189.5 milyon manat təşkil edib. Onun da 7 milyard 441 milyon manatı heyvandarlıq, 6 milyard 748.5 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür: "2024-cü il ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 0.9 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 0.3 faiz, bitkiçilik məhsulları istehsalı 1.5 faiz artıb".
'Məhbusların saxlanıldığı kameralar lazımi qədər isinmir'
"AbzasMedia"nın 9 il müddətinə azadlıqdan məhrum edilən direktoru Ülvi Həsənlinin saxlanıldığı 10 saylı Cəzaçəkmə Müəssisəsində istilik sistemlərinin normal işləmədiyi bildirilir.
Bu barədə onun yaxınları məlumat yayıblar. Onların sözlərinə görə, radiatorların normal işləməməsi səbəbindən məhbusların saxlanıldığı kameralar lazımi qədər isinmir: "Ülvi Həsənli artıq noyabrdan iki dəfə xəstələnib".
Bu açıqlamaya Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.
Ü.Həsənli 2023-cü il noyabrın 20-də saxlanıb. Onunla birlikdə "AbzasMedia"nın baş redaktoru Sevinc Vaqifqızı, layihə koordinatoru Məhəmməd Kekalov, araşdırmaçı-jurnalist Hafiz Babalı, jurnalistlər Elnarə Qasımova, Nərgiz Absalamova və AzadlıqRadiosunun əməkdaşı, iqtisadçı Fərid Mehralızadə də həbs edilib.
Ötən il iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən iclasda Ü.Həsənli, S.Vaqifqızı, H.Babalı, F.Mehralızadə 9 il, N.Absalamova və E.Qasımova 8 il, M.Kekalov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum olunublar.
Sentyabrın 9-da Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.
Jurnalistlər qaçaqmalçılıq və ağır maliyyə cinayətləri də daxil olmaqla, bir sıra maddələrlə ittiham ediliblər. Onlar ittihamları rədd ediblər. Cinayət təqibinin jurnalist fəaliyyəti ilə əlaqəli olduğunu bildiriblər.
Yerli hüquq müdafiəçilərinin bildirməsinə görə, hazırda Azərbaycan həbsxanalarında 31-i jurnalist və bloqer olmaqla, 340 siyasi məhbus var. Amma rəsmilər ölkədə siyasi məhbusların olması ilə bağlı fikriləri qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər sırf törətdikləri əməllərə görə mühakimə ediliblər.
Azərbaycanda dövlətə işləyənlərin sayı azalıb
Azərbaycanda dövlət sektorunda işləyənlərin sayı azalıb. Bununla bağlı bu gün, yanvarın 16-da Azərbaycan Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.
Məlumatda bildirilir ki, 2025-ci il dekabrın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 797.4 min nəfər olub. Onlardan 869 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 928.4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstəriblər.
Son bir ildə dövlət sektorunda işləyənlərin sayı 15 min 400 nəfər azalıb, qeyri neft sektorunda çalışanlarınki isə 27 min 500 artıb.
Rəsmi rəqəmlərə görə, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 383.2 min nəfərdir, onlardan 5 milyon 104.5 min nəfərini məşğul əhali təşkil edir.
2025-ci il dekabrın 1-nə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınan işsiz şəxslərin sayı 239.3 min nəfər olub. Müstəqil iqtisadçılar deyir ki, bu rəqəm real mənzərəni əks etdirmir. Onların fikrincə, Azərbaycanda işsiz kimi rəsmi qeydiyyata düşmək iş tapmaqdan çətindir.
Rəsmilər dövlət sektorunda işləyənlərin sayının azalması ilə bağlı hər hansı açıqlama verməyiblər. Amma son illər "optimallaşma" adı ilə bir sıra dövlət qurumları ya ləğv edilib, ya da birləşdirilib. Üstəlik, onlar son illər "iqtisadiyyatın ağardılması"ndan bəhs etsələr də, ölkədə rəsmi muzdla işləyənlərin sayında ciddi artım gözə dəymir.
Azərbaycanda siyasi məhbus hesab edilənlərin sayı azalıb, amma...
"Azərbaycan Siyasi Məhbuslarına Azadlıq" Birliyi ölkədə siyasi məhbus sayılan şəxslərin yeni siyahısını açıqlayıb. Siyahıda 12 qrup üzrə 340 nəfərin adı var.
Qurumun ötən ilin oktyabrında bundan əvvəlki son siyahısında 392 şəxsin adı yer alırdı.
Siyahıda azalma hazırda icra edilən Amnistiya Aktı ilə bağlıdır. Dindar kəsimdən narkotik ittihamı ilə həbs edilən 50-dən çox şəxs azadlığa qovuşub.
Habelə, ötən ilin noyabrında "Kanal 13" internet televiziyasının rəhbəri Əziz Orucov 2 illik, hüquq müdafiəçisi Fikrət Cəfərli isə 4 aylıq həbsini tam başa vuraraq azadlığa çıxıb.
Həmçinin, dekabrın 12-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Elbəyi Kərimli həbsxanada vəfat edib.
Amnistiya aktına hələlik müxalifətçilərdən, ictimai fəallar və jurnalistlərdən düşən olmayıb.
Son siyahıda qruplar belədir:
"Dindarlar- 192 nəfər
Müxalifət partiyaları və vətəndaş cəmiyyəti üzvləri – 45 nəfər
Jurnalistlər və bloqerlər – 31 nəfər
İnsan hüquqları müdafiəçiləri – 8 nəfər
Avropadan deportasiya olunan siyasi mühacirlər – 6 nəfər
Milli azlıqların fəalları – 5 nəfər
Müharibə əleyhinə fəallar – 2 nəfər
Söyüdlü kəndi üzrə iş (Ekologiya məhbusları) – 2 nəfər
..."
Siyahıda müxalifətçilərin sayında artım var
Son siyahıda müxalifətçilərin sayında isə artım var. Ötən ilin noyabrında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və həmin partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahim Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə həbs ediliblər. Müxalifətçilərdən başqa həbs edilənlər də olub.
Bu siyahıya rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Azərbaycanda siyasi məhbus sayılan şəxslərlə bağlı vahid siyahı yoxdur. Başqa təşkilatların hazırladığı siyahılarda isə, əsasən, daha az məhbus yer alır.
Beynəlxalq hüquq müdafiə təşkilatları Azərbaycanda siyasi məhbusların azad olunmasına çağırışlar edir.
Rəsmi Bakı isə, bir qayda olaraq, ölkədə siyasi məhbusların olmadığını bildirir, yerli və beynəlxalq təşkilatların mövqeyini rədd edir. Rəsmilərə görə, Azərbaycanda siyasi məhbus siyahılarına daxil edilən şəxslər sırf törətdikləri əmələ görə mühakimə olunublar.