Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:11

Şəhərlər qalır, adlar gəldi-gedərdi


Qazaxıstanın köhnə-yeni paytaxtı - Akmola, Tselinoqrad, Astana, indi isə Nursultan
Qazaxıstanın köhnə-yeni paytaxtı - Akmola, Tselinoqrad, Astana, indi isə Nursultan

Qazaxıstan prezidenti Nursultan Nazarbayev istefa versə də, ölkəsinin bir sıra əsas postlarını özündə saxladı. Üstəlik ölkənin paytaxtı onun şərəfinə bundan sonra Nursultan adlanacaq.

Reuters yazır ki, əslində bu, hələ ötən həftə Astana adlanan şəhərin adında edilən dördüncü dəyişiklikdir. Şəhər SSRİ-dən əvvəl Akmola, SSRİ vaxtı Tselinoqrad adlanıb.

Ölkələr şəhər adlarını müxtəlif səbəblərdən dəyişir. Dövlətlər bunu müstəmləkə tarixinin nişanəsini həmişəlik silmək, görkəmli şəxsiyyətlərin adlarını əbədiləşdirmək və ya adın başqaları tərəfindən doğma dildə səsləndiyi kimi tələffüz edilməsinə nail olmaq üçün edirlər.

Reuters indiyədək adı dəyişmiş 10 şəhər haqqında yazır:

1. Çennay – Hindistanın cənubundakı Tamil Nadu ştatının paytaxtı 1996-cı ilədək Madras kimi tanınırdı. 1996-cı ildə hökumət müstəmləkə dövrünə qədər olan adını şəhərə qaytardı. Beləliklə həm də bu regionun qədim padşahı Çennappa Naykerin də adı qayıtmış oldu.

2. Mumbay – Hindistan özünün maliyyə mərkəzi olan bu şəhərin adını 1995-ci ildə Mumbay kimi rəsmiləşdirib. Bombey onun ingilisləşdirilmiş forması idi.

3. Bişkek – Qırğızıstanın paytaxtı SSRİ dövründə bolşevik hərbi komandanı Mikhail Frunzenin şərəfinə Frunze adlandırılmışdı. 1991-ci ildə SSRİ dağıldı və qədim Bişkek adı şəhərə qaytarıldı.

4. Sankt Peterburg – Rusiya çarı I Pyotrun şərəfinə belə adlandırılıb. Rusiya prezidenti Vladimir Putinin doğulduğu bu şəhər I Dünya Müharibəsi illərində Petroqrad adlanırdı. Yəni onu “qrad” sözü ilə bir qədər milliləşdirmək cəhdi edilmişdi. Lakin sonrakı illərdə şəhərin adı dəyişdirilərək Leninqrad oldu. Nəhayət 1991-ci ildə Sovet İttifaqının çökməsi ilə şəhərin ilkin adı özünə qaytarıldı. Amma bu şəhərin yerləşdiyi inzibati ərazi vahidi indi də “Leninqrad vilayəti” olaraq qalır.

5. Xemnits (Chemnitz) – SSRİ-nin dağılması ərəfəsində, 1990-cı ildə iki Almaniyanın birləşməsi baş verdi. Bu birləşmədən az sonra bu şəhərə 1953-cü ildə verilmiş Karl-Marks-Ştat adı köhnə Xemnits adı ilə əvəzləndi.

Xemnits şəhərində Karl Marksın abidəsi
Xemnits şəhərində Karl Marksın abidəsi

6. Yangon – Myanmanın (keçmiş Birma) keçmiş paytaxtı ingilis müstəmləkəçiliyi dövründə Ranqun adlanırdı. 1989-cu ildə yerli tələffüzə daha uyğun olan Yanqon adına keçildi.

7. Ho Şi Min – Bir vaxtlar ABŞ tərəfindən dəstəklənən Cənubi Vyetnamın paytaxtı Sayqon kimi tanınırdı. Lakin 1979-cu ildə iki Vyetnam birləşdikdən sonra Şimali Vyetnamın müstəqilliyi uğrunda mübarizənin lideri olmuş kommunist Ho Şi Minin adı bu şəhərə verildi.

8. Maputo – Mozambik 1975-ci ildə müstəqllik əldə edənədək bu şəhər portəgiz dənizçisi Lourenco Marques-in adını daşıyırdı.

9. Kinşasa – Konqo Demokratik Respublikasının paytaxtı Belçika müstəmləkəçiliyi dövründə Belçika kralının şərəfinə Leopoldvil adlanırdı.

10. Tokio – İndi Yaponiyanın paytaxtı kimi tanınan bu şəhər bir vaxtlar Edo adlanırdı. Lakin 1867-ci ildə Meiji imperator oldu və paytaxtı Kiotodan bu şəhərə köçürdü. Tokio sözünün mənası “şərq paytaxtı”dir.

Bir də Gəncə...

Reyters-in bu siyahısına Gəncənin də adını əlavə etmək olar.

Gəncə şəhərin ən qədim adıdır. Sözün mənası “xəzinə”dir. Xəzinənin adətən paytaxtlarda saxlanmasını nəzərə alsaq, deməliyik ki, Gəncə tarixdə dəfələrlə paytaxt rolunu oynayıb.

Şəhər 1804-cü ildə Rusiya imperiyası tərəfindən işğal olunduqdan sonra Rusiya çariçalarından Yelizavetanın şərəfinə Yelizavetpol adlandırılıb. Rusiya imperiyası adətən işğala müqavimət göstərən şəhərlərin adlarını dəyişirdi.

Gəncə
Gəncə

1918-ci ildə Azərbaycan ilk dəfə müstəqilliyini bu şəhərdə elan edib və onun qədim adını da ona qaytarıb.

Bu dəfə Gəncə adının ömrü Azərbaycan Demokratik Respublikasının ömründən bir qədər uzun olub.

Rusiya Azərbaycanı ikinci dəfə Qırmızı Ordu şəklində işğal edərkən də Gəncə müqavimət göstərmiş, qiyam qaldırmış və qurbanlar vermişdi. Bolşeviklər onsuz da bu adı dəyişmək istəyirdilər. Belə bir bəhanə 1935-ci ildə bolşevik liderlərdən Sergey Kirovun öldürülməsi ilə yarandı. Beləliklə həmin il Gəncəyə - Kirovabad adı verildi. Kirov Azərbaycanın ikinci işğalından sonra ona qısa müddətdə partiya rəhbərliyi etmişdi.

1991-ci ildə Azərbaycanın müstəqilliyi ilə birlikdə onun keçmiş paytaxtı Gəncənin də adı özünə qaytarıldı.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG