Keçid linkləri

Təcili xəbərlər
2019, 22 Avqust, Cümə axşamı, Bakı vaxtı 20:08

Adamlar vəkil adıyla necə aldadılıb


Həbs

Yaxınları həbsdə olan bir neçə nəfər var ki, vəkil vasitəsilə onların azadlığa çıxmasına çalışıblar, ancaq aldanıblar. Xeyli pulları da gedib, həbsdə olanlar da elə dəmir barmaqlıqlar arxasında qalıb. Heç olmasa, verdikləri pulları geri almaq üçün aylarla prokurorluq və məhkəmə qapılarında qalıblar...

Həmin adamları aldadıb pullarını ələ keçirməkdə suçlanan Etibar Hüseynova 8 il həbs cəzası verildi. Dekabrın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. O, CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələriylə təqsirli bilinib.

İttihamda yazılıb ki, E.Hüseynov vəkil olmadığı halda, zərərçəkənlərə özünü Vəkillər Kollegiyasının üzvü kimi təqdim edib. Onları inandırıb ki, vəzifəli şəxslərlə əlaqələri var, onların vasitəsilə problemləri həll edə bilər.

«Nəvəsinin canına and içirdi ki...»

Məsələn, CM-in 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunan Əziz Hüseynovun dediyinə görə, ondan 3 min 640 manat pul alınıb. İstintaq vaxtı ev dustaqlığında olan Ə.Hüseynova söz verilib ki, hüquq-mühafizə orqanlarındakı müəyyən şəxslərin köməyi ilə onun haqqındakı cinayət işinə xitam veriləcək.

22 min manat ziyana düşdüyünü deyən Vəli Məmmədov isə oğlunu həbsdən buraxdırmaq istəyib. Oğlu Qərib Məmmədov ağır cinayətdə təqsirləndirilərək həbs olunub. Həmin ərəfədə onun işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılırmış. V.Məmmədovun sözlərinə görə, E.Məmmədov ona deyib ki, oğlunun işinə baxan hakimlərlə münasibəti var və onların köməyi ilə məsələni həll edə bilər.

CM-in 234-cü (narkotik əldə etmə, gəzdirmə, saxlama) maddəsi ilə ittiham olunan Ağatahir Zəkiyevə həbs yox, cərimə cəzası verilməsi üçün onun yaxınlarından 7 min manat alındığı iddia olunur.

Vəkil tərəfindən aldadıldığını deyən daha bir nəfər isə Zəhra Məmmədovadır. O, dələduzluq ittihamıyla həbsdə olan qızını buraxdırmaq istəyib. Bildirir ki, qızının haqqında bəraət hökmü çıxarılması vədi ilə ondan 18 min 600 manat alınıb.

Z.Məmmədova məhkəmədə bildirib ki, E.Hüseynovu vəkil kimi mərhum Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun vasitəsilə tanıyıb. Z.Məmmədovanın qardaşı oğlu Orxanın sürücüsü olub: «Etibar bir neçə dəfə bizim evimizə də gəlib. Nəvəsinin canına and içirdi ki, bu iş düzələcək».

Məhkəməyə gəlməyib, axtarışa verilib

Z.Məmmədovanın dediyinə görə, 18 min 600 manatı ona bir neçə dəfəyə verib. Birinci dəfə 5 min manat verilib: «Məhkəməyə gedirdik. Amma o, zala girmirdi. Binadan içəri keçib, sonra harasa çıxıb gedirdi. Bizi də belə aldadırdı...».

E.Hüseynov tək deyil, Çingiz İsmayılov da onunla birlikdə cinayət məsuliyyətinə cəlb olunub. İttihamda yazılıb ki, onlar bir çox epizodlarda əlbir olub adamları aldadıblar. Amma heç biri özlərini təqsirli bilmir. Deyirlər ki, adamları aldatmaq yox, onlara kömək etmək niyyətində olublar.

İstintaq və məhkəmə dövründə barəsində ev dustaqlığı seçilən E.Hüseynovun mühakiməsi çoxdan başa çatmalıydı. Amma o, məhkəmə iclaslarına gəlməyib. Ona görə haqqında axtarış qərarı çıxarılıb.

Ç.İsmayılov tək mühakimə olunub və ziyanı ödəməsi nəzərə alınaraq, ona şərti cəza verilib, məhkəmə zalından azadlığa buraxılıb.

E.Hüseynov bir neçə aylıq axtarışdan sonra həbs edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG