Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:54

Aclıq edən fəallara təzyiq var?


Əhsən Nuruzadə
Əhsən Nuruzadə

13 saylı cəzaçəkmə müəssisəsində saxlanan və bloqqer Mehman Hüseynova dəstək məqsədilə aclıq etdiyi deyilən dörd ictimai-siyasi fəal – İlkin Rüstəmzadə, Bayram Məmmədov, Elçin İsmayıllı və Əhsən Nuruzadənin bu aksiyaya görə təzyiqlərə məruz qaldığı bildirilir.

Bu haqda AzadlıqRadiosu-na Əhsən Nuruzadənin yaxınları məlumat verib.

Onlar bildiriblər ki, məhbusların dördü də yanvarın 13-dən başladıqları aclıq aksiyasını davam etdirirlər: “Bizdə olan məlumata görə, beş gündür aclığı davam etdirmələrinə baxmayaraq, durumları yaxşıdır. Amma onlara təzyiq var. Onalrı hədələyirlər ki, aclığı dayandırmasanız, əmrə tabe olmamaq əsasıyla ya Qobustan həbsxanasına, ya da vərəmli məhkumların saxlandığı müəssisəyə göndəriləcəksiniz”.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov isə aclıq edən məhkumlara təzyiqlər barədə deyilənləri təkzib edib. O AzadlıqRadiosu-na bildirib ki, cəzaçəkmə müəssisələrində nə aclıq edən məhkum var, nə də onlara təzyiq.

Onlar kimdir?

İlkin Rüstəmzadə 2013-cü il martın 10-da Bakının mərkəzində əsgər ölümünə etiraz aksiyasından sonra həbs edilib. Kütləvi iğtişaşların təşkili və başqa oxşar ittihamlarla üzləşən gənc 8 il həbs cəzası alıb. “Amnesty International” hüquq-müdafiə təşkilatı NİDA Vətəndaş Hərəkatının üzvü olan bu gənci “vicdan məhbusu” adlandırıb.

Bayram Məmmədov 2016-cı ildə narkotik ittihamıyla həbs edilib və 10 il həbs cəzası alıb. Məhkəməsində ittihamı əsassız sayan gənc keçmiş prezident Heydər Əliyevin abidəsi üzərinə “Qul bayramınız mübarək” yazdığına görə şərləndiyini vurğulayıb.

Bayram Məmmədov
Bayram Məmmədov

2017-ci ildə həbs edilən E.İsmayıllı isə bir sıra saytlarla əməkdaşlıq edib. Rüşvətdə ittiham edilən Elçin İsmayıl ittihamı qurama sayır. O əvvəlcə 9 il həbs alsa da, sonradan cəzası 7 ilə endirilib.

2017-ci ildə həbs edilən Əhsən Nuruzadə isə narkotikdə ittiham edilib. O da ittihamı qəbul etmir. 7 il həbs cəzası alan Nuruzadə “Müsəlman Birliyi” hərəkatının fəallarındandır.

Yerli hüquq-müdafiə təşkilatları onları siyasi məhbus sayır. Azərbaycan həbsxanalarında 150 civarında siyasi məhbus olduğu bildirilir. Amma rəsmilər ölkədə siyasi məhbus olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər törətdikləri əməllərə görə məsuliyyətə cəlb ediliblər.

Xatırlatma

Bloqqer Mehman Hüseynov 2017-ci ildə polisə böhtan atma iddiası ilə 2 il həbs edilib. O, həbsdən əvvəl polisdə saxlanarkən işgəncəyə məruz qaldığını açıqlamışdı.

Bloqqer həbs müddətinin başa çatmasına bir neçə ay qalmış yeni ittihamla üzləşib. Rəsmi məlumata görə, Mehman Hüseynov ötən ilin sonu, dekabrın 26-da cəza çəkdiyi müəssisədə Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılır.

Bloqqer ittihamı qurama sayır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG