Keçid linkləri

2024, 15 İyun, şənbə, Bakı vaxtı 21:31

Aclıq aksiyasının davam etdiyi bildirilir


Elman Quliyev
Elman Quliyev

Müsavat Partiyasının qərargahında fevralın 27-də başlandığı bildirilən aclıq aksiyasının davam etdiyi deyilir.

Dünən, fevralın 28-də isə bu aksiyaya Müsavat Partiyasından başqa bir deputatlığa namizəd, Elşad İsrafilovun da qoşulduğu qeyd edilir.

Bu barədə Azadlıq Radiosuna partiyanın mətbuat xidmətindən danışıblar.

Mətbuat xidmətindən deyildiyinə görə, aksiyada seçki saxtakarlığına etiraz bildirilir və fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkiləri ilə bağlı bütün dairələr üzrə nəticələrin ləğv edilməsi tələb edilir:

“Elşad İsrafilovun tələbi təkcə özünün deputatlığa namizəd olduğu 41 saylı Symqayıt Seçki Dairəsinin yox, bütün ölkə üzrə bu seçkilərin nəticələrinin ləğv olunmasıdır”.

Mətbuat xidmətindən verilən məlumata görə, Elşad İsrafilov, hələlik, özünü yaxşı hiss edir və həkim nəzarətinə ehtiyac duymur.

Buna qədərsə 12 saylı Qaradağ-Yasmal-Binəqədi Seçki Dairəsindən Müsavat Partiyasından depitatlığa namizəd Elman Quliyev fevralın 27-dən aclığa başladığını açıqlamışdı və onun da aksiyanı davam etdirdiyi bildirilir.

Onların açıqlamasına, hələlik, Mərkəzi Seçki Komissiyası (MSK) və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Mitinq təxirə salınıb

ReAL, Müsavat partiyaları və D 18 təşkilatının fevralın 29-na təyin edilən aksiyası isə təxirə salınıb.

Bu barədə D-18 Hərəkatının rəhbəri Ruslan İzzətli bidirib.

O, mitinqin təxirə salınmasını belə izah edib:

“Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) aksiya keçirilməsi üçün məkan olaraq Lökbatan qəsəbəsindəki stadionu göstərmişdi. Bununla biz razılşamadıq. Razılaşdırılmamış aksiyanın keçirilməsi barədə isə yekdil qərar verilmədi. Bu səbəb üzündən də mitinq təxirə salınıb”.

Təşkilatçılar aksiyanın yeri üçün BŞİH-ə paytaxtda 8 yer təklif etmişdi. Amma şəhər rəhbərliyi həmin meydanların birinin təmirə dayandığını, qalan yerlərdə isə nəqliyyatın sıx hərəkət etdiyini səbəb göstərərək təklifləri münasib saymamışdı.

Mitinqin də seçki saxtakarlıqlarına etiraz olaraq planlaşdırıldığı açıqlanmışdı.

Xatırlatma

Bu il fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib.

MSK artıq seçkilərin ümumi yekunlarına dair protokolun təsdiqlənməsi üçün onu Konstitusiya Məhkəməsinə təqdim edib.

Həmin nəticələrə görə, yerlərin yarıdan çoxunu yenə hakim Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçiləri qazanıb.

Fevralın 10-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) rəhbərlik etdiyi beynəlxalq müşahidə missiyası bu seçkilərlə bağlı ilkin rəyini açıqlamışdı.

Rəydə seçkiyə aid bir sıra tənqidi fikirlər yer alırdı.

Seçkidən dərhal sonra da ayrı-ayrı dairələr üzrə MSK-ya şikayətlər daxil olmuşdu. MSK-dan deyilmişdi ki, bütün şikayətlər qanunvericiliyə uyğun araşdırılacaq. Bundan sonra dörd dairədə nəticələr ləğv edildi.

Azərbaycanda parlament seçkiləri əslində bu ilin noyabrında keçirilməli idi. Amma 2019-cu il dekabrın 5-də prezident İlham Əliyev Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi barədə sərəncam vermişdi.

Parlamentin buraxılması təşəbbüsü hakim YAP-a aiddir. Onlar bunu prezident İlham Əliyevin islahatlarına dəstək vermək məqsədilə izah etmişdilər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG