Özünü Gürcüstandan müstəqil elan etmiş Abxaziyada müxalifət mitinqinin iştirakçıları yanvarın 8-də prezident administrasiyasının binasını ələ keçiriblər.
Etirazçılar bu separatçı bölgədə keçirilmiş prezident seçkisinin nəticələrinin ləğv olunmasını tələb edirlər.
Bu barədə məlumatı Exo Kavkaza və dövlət Sputnik agentliyinin müxbirləri yayıblar.
Bundan əvvəl Suxumidə yerləşən prezident aparatının qarşısına bir neçə yüz etirazçı toplaşmışdı.
Onlar birinci mərtəbənin qapılarını və pəncərələrini sındıraraq parlamentin binasına daxil ola biliblər.
Administrasiyanın mühafizəsi etirazçılara demək olar, müqavimət göstərməyib.
Abxaziyada separatçı prezident seçkisnin ikinci turu sentyabrda keçirilib.
Rəsmi məlumatlara görə bu seçkidə respublikanın hazırkı prezidenti Raul Khadjimba qalib gəlib.
MSK-nın rəsmi bəyanatında görə o səslərin 47, 3 faizini qazanıb.
Onun rəqibi Alkhas Kvinitsiyanın 46, 1 faiz topladığı xəbər verilib.
Kvitsiniyanın seçki qərargahı seçkidən dərhal sonra Khadjimba-nın qələbəsini tanımadığını elan edib.
Qərargah səslərin yenidən sayılmasını tələb edir. Bu iddia məhkəmə tərəfindən rədd edilib.
Amma yanvarın 8-də separatçı respublikanın Ali Məhkəməsi bidldirib ki, bu məsələ barədə şikayətin baxılması təxirə salınır.
Prezident administrasiyasının qarşısına toplaşanlar Raul Khadjimba-nın istefasını tələb edirdilər.
Az sonra etirazçıların bir hissəsi parlament binasının qarşısına keçib.
Kvitsiniya deputatları mövcud vəziyyətə müdaxilə etməməyə çağırıb.
Hakimiyyət orqanları etirazları dövlət çevrilişi cəhdi kimi qiymətləndirib.
Khadjimba bildirib ki, Suxumidədir, səlahiyyətlərini icra edir və gizlənmək niyyətində deyil.
Abxaziya 1994-cü ildə separatçı münaqişə başa çatdıqdan sonra Gürcüstandan müstəqilliyini elan edib.
2008-2009-cu illərdə, Rusiya-Gürcüstan müharibəsindən sonra Abxaziyanın müstəqilliyi Moskva və bir neçə başqa ölkə tərəfindən tanınıb.
BMT-yə üzv ölkələrin əksəriyyəti Abxaziyanı Gürcüstanın bir hissəsi kimi tanımaqda davam edir.
Tbilisi separatçı bölgədə keçirilən seçkinin nəticəsini tanımır və Abxaziyanı Rusiya tərəfindən işğal edilmiş ərazi hesab edir.