Gürcüstan Xarici İşlər Nazirliyi ölkədən ayrılmış Abxaziyanın Pitsunda şəhərindəki dövlət istirahət kompleksinin Rusiyanın mülkiyyətinə verilməsini “növbəti qanunazidd hərəkət” adlandırıb.
Rəsmi Tbilisi separatçı Abxaziyanı Rusiya tərəfindən işğal olunmuş ərazisi hesab edir.
Gürcüstan hökuməti bildirir ki, işğal şəraitində tərtib edilmiş hər hansı razılaşmanın beynəlxalq hüquq baxımından legitimliyi yoxdur.
Gürcüstan prezidenti Salome Zurabişvili dekabrın 27-də sözü gedən ərazinin Rusiyaya verilməsini “gürcü torpaqlarının ruslar tərəfindən qəsb olunması və davam edən ilhaq siyasəti” kimi qətiyyətlə pisləyib.
Zurabişvili beynəlxalq icmanı “Rusiyanın növbəti qəsbkarlıq aktına” reaksiya verməyə çağırıb.
Səhər saat 6-da keçirilən parlament iclası
Pitsundadakı dövlət istirahət kompleksinin Rusiyanın mülkiyyətinə verilməsinə dair razılaşmanı Abxaziya “parlamenti” dekabrın 26-da, səhər saat 6-da keçirilən “fövqəladə” iclasında ratifikasiya edib.
İclasda iştirak edən 28 deputatdan 26-sı razılaşmanın leyhinə səs verib.
Beynəlxalq birlik tərəfindən tanınmamış Abxaziyanın “prezidenti” Aslan Bjaniyanın artıq bu sənədi imzaladığı xəbər verilir.
Bu da qeyd olunmalıdır ki, razılaşma istirahət mərkəzinin yerləşdiyi ərazinin deyil, yalnız inzibati binasının Rusiyanın mülkiyyətinə verilməsini nəzərdə tutur.
Amma kompleksin yerləşdiyi bütün torpaq ərazisi Rusiyaya 49 il müddətinə “icarəyə” verilir.
“İşğalçı rejimdən işğalçı ölkəyə”
Rusiya bildirir ki, bu ərazidən Rusiyanın dövlət mühafizəsində olan məmurlarının iştirakı ilə dövlət tədbirlərinin keçirilməsi üçün istifadə olunacaq.
Xəbər verilir ki, yerli əhalinin etirazları ilə bağlı Abxaziya hakimiyyəti razılaşmanın ratifikasiyasını 2022-ci ilin yanvarından təxirə salmışdı.
Ərazinin Rusiyaya verilməsinə etiraz edənlər dekabrın 26-27-də Abxaziya “parlamentinin” binası qarşısına toplaşmışdılar.
Gürcüstan müxalifəti də işğal olunmuş Abxaziyada baş verən hadisələrə kəskin reaksiya verib.
“Gürcüstan naminə” müxalifət partiyasının lideri Georgi Qaxariya yazır ki, “Suxumidəki işğal rejimi gürcü və abxaz xalqlarının iradəsinə məhəl qoymayaraq işğalçı ölkənin tələbini yerinə yetirib”.