Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:41

Hacıbala Abutalıbov sürüşmə zonasında


Bayıldakı sürüşmə zonasında gərginlik davam edir. Sürüşmə sahəsi üzərində asılı qalmış süxurların xırda hissələrinin yamaca doğru hərəkəti müşahidə olunur.

Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında bildirilir.

Nazirlik qeyd edir ki, oktyabrın 15-i saat 15:00-da ərazidəki evlərin hasarlarının birində eni 2, hündürlüyü 1 metr olan hissədə uçqun prosesi qeydə alınıb.

Saat 18:00-ə olan məlumata görə də, sürüşmə sahəsi üzərində asılı qalmış süxurların xırda hissələrinin yamaca doğru hərəkəti davam edir.

Məlumatda habelə vurğulanır ki, ərazinin üst hissəsindəki evlərin hasarlarının təxminən 30 metr hissəsi uçaraq sürüşmə kütləsi üzərinə tökülüb. Həmin hasarın digər hissəsində eni 30 sm olan aralanma baş verib.

Oktyabrın 15-də günortadan sonra baş nazirin müavini Hacıbala Abutalıbov hadisə yerində olub. Azadlıq Radiosunun məlumatın görə, o, jurnalistlərə açıqlamasında sürüşmə baş verən ərazinin yuxarı hissəsində yerləşən evlərin sökülməsinin vacib olduğunu bildirib.

Ərazidə araşdırma aparmaq məqsədilə Bakıya yaponiyalı mütəxəssislərin gəldiyini söyləyən Hacıbala Abutalıbov evlərin sökülməsinin ağırlığın azalmasına təsir göstərəcəyini qeyd edib.

“İndi yox, ərazidə gərginlik azalandan sonra həmin evlərin hamısı köçürülməlidir”, deyən Abutalıbov dünən, oktyabrın 14-də Xəzər dənizində 2,7 bal gücündə zəlzələnin baş verdiyini, sürüşmə sahəsinin bundan təsirləndiyini qeyd edib.

Baş nazirin müavini vurğulayıb ki, hazırda sürüşmə zonasında heç bir ailə qalmayıb.

Abutalıbov konkret ünvan deməsə də bütün ailələrin köçürüldüyünü qeyd edib.

Xatırlatma

Bayıl qəsəbəsi, “20-ci sahə” adlı ərazidən Badamdar yoluna çıxışda son dönəmlər ilk torpaq sürüşməsi oktyabrın 10-da baş verib. Oktyabrın 12-si və 13-də sürüşmənin davam etdiyi açıqlanmışdı.

Rəsmilər bildiriblər ki, oktyabrın 12-də axşam 11 evin sakini sürüşmə ərazisinin yaxınlığından çıxarılıbr, kommunal xidmətlər kəsilib.

XS
SM
MD
LG