Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:50

Əbülfəz Bünyadov: 'Gördülər ki, ölürəm, məcbur olub buraxdılar...'


Nardaran əməliyyatının keçirildiyi evin sahibi, özü də həmin əməliyyatda güllələnib iflic olmuş Əbülfəz Bünyadov deyir ki, polisin, bacıları da daxil, yaxınlarını onun evinə buraxmaması düz bir aydır davam edir. Bu barədə Bünyadov aprelin 20-də öz məhkəməsində danışıb.

Əbülfəz Bünyadovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Ötən məhkəmədə təqsirləndirilən Bünyadov bu məsələdən şikayətlənəndə hakim Əfqan Hacıyev bildirmişdi ki, ərazi üzrə Sabunçu Rayon Polis İdarəsinə məktub göndərəcək.

Hakim qarşısına xərəkdə uzanmış vəziyyətdə çıxarılan Əbülfəz Bünyadov deyir ki, ötən məhkəmədən iki həftə vaxt keçsə də, qadağa aradan qalxmayıb: “Bir aydır bacılarımın üzünə həsrət qalmışam. Dünən gecə vəziyyətim çox pisləşmişdi, ölürdüm. Gördülər ki, ölürəm, məcbur olub, Təcili Tibbi Yardımı buraxdılar”.

Hakim bildirib ki, o, polis idarəsinə məktub göndərib, hətta polis rəisi ilə də telefon vasitəsilə əlaqə saxlayıb. Əfqan Hacıyev bir daha bu işlə məşğul olacağını söyləyib.

Məhkəmədə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin iki əməkdaşı – İslam Ağabəyov və Vüqar İsgəndərov ifadə veriblər.

Onlar 2015-ci il noyabrın 26-da Nardaranda Bünyadovun evində keçirdikləri əməliyyatdan, “Müsəlman Birliyi” hərəkatının sədri Taleh Bağırov da daxil bir sıra dindarların tutulmasından danışıblar.

Daha üç nəfər şahid isə Nardaran, Maştağa sakinləri olub. Onların istintaqa ifadələrində Taleh Bağırovun xütbələrində dövlətə qarşı çıxması, İslam dövləti yaratmaq istəməsi kimi fikirlər yer alıb. Məhkəmədə həmin ifadələri təkzib ediblər: “Əksinə, Taleh Bağırzadə deyirdi ki, Azərbaycanda İslam dövləti qurmaq mümkün deyil”.

Məhkəmə aprelin 27-də davam edəcək.

Xatırlatma

Əbülfəz Bünyadov “Müsəlman Birliyi” Hərəkatının İdarə Heyətinin üzvüdür.

Hərəkatın sədri Taleh Bağırov, onun müavini Elçin Qasımov da daxil, təşkilatın xeyli üzvü həbsdədir. Onlar dövlət çevrilişi, terror cəhdi, qanunsuz silah saxlama və başqa maddələrlə 10 ildən 20 ilədək azadlıqdan məhrum ediliblər.

Əbülfəz Bünyadov polislərin ölümü, qanunsuz silah saxlama, dövlət çevrilişinə cəhd və başqa ağır maddələrlə suçlanır. O, özünü təqsirli bilmir və ittihamların saxta olduğunu deyir.

Taleh Bağırov və onunla birlikdə mühakimə olunmuş digər şəxslər kimi, Bünyadov da saxlanılarkən və ondan sonra DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldıqlarını söyləyir.

Sözügedən idarənin əməkdaşları isə məhkəmədə ifadə verərkən, işgəncə iddialarını təkzib ediblər.

XS
SM
MD
LG