Keçid linkləri

2024, 14 İyul, bazar, Bakı vaxtı 14:44

Rusiya Ukraynanın şərqinə yeni qüvvələr atır


Donetsk vilayəti
Donetsk vilayəti

Rusiya Ukraynanın şərqindəki mövqelərinə yeni qüvvələr kontingenti atsa da, irəliləyə bilməyib. Bu haqda Ukrayna ordusu fevralın 1-də məlumat yayıb.

Ordunun Baş Qərargahının fevralın 1-də yaydığı məlumatda deyilir ki, “düşmən şərqi Donetsk vilayətindəki Lıman və Baxmut istiqamətində hücumlara fasilə verməyib”, Avdiyevka Novopavlovkada “uğursuz hücumlar” gerçəkləşdirib, “böyük itkilər verib”.

Bu informasiyanı müstəqil təsdiqlətmək mümkün olmayıb.

Rusiyanın qızğın döyüşlər gedən Baxmut şəhərindən 150 km cənub-şərqdə yerləşən Vuhledar şəhərinə hücumları intensivləşdirdiyi bildirilir.

Ukrayna yanvarın 31-də bildirib ki, Qərb müttəfiqlərindən 140-dək müasir tank gözləyir. Berlin artıq digər ölkələrə də icazə verib ki, Ukraynaya Almaniya istehsalı olan Leopard 2 tankları göndərsin.

ABŞ Ukraynaya 2 milyard dollarlıq yardım paketi hazırlayır

Birləşmiş Ştatlar Ukraynaya 2 milyard dollardan artıq hərbi yardım paketi hazırlayır və paketə ilk dəfə olaraq uzunmənzilli raketlər, eləcə də digər silah və sursat salına bilər. Bu haqda “Reuters” məsələdən agah ABŞ rəsmilərinə istinadla xəbər yayıb.

Yardımın bu həftə elan olunacağı gözlənir. Rəsmilərin dediyinə görə, paketə “Patriot” havadan müdafiə sistemləri üçün dəstək avadanlığı, dəqiqliklə idarə olunan döyüş sursatı, Javelin antitank silahları salınacaq.

Ağ ev məlumatı şərh etməyib. Prezident onu imzalayanadək yardım paketlərinin tərkibi və miqyası dəyişə bilər.

Rusiya ötən ilin fevralında Ukraynanı işğal etməyə başlayandan ABŞ Kiyevə 27.2 milyard dollarlıq təhlükəsizlik yardımı göndərib. Rusiya işğalı “xüsusi əməliyyat” adlandırır.

Kiyevdə Aİ sammiti keçiriləcək

Ukraynanın Baş naziri Denis Şmiqal isə bəyan edib ki, fevralın 3-də Kiyevdə Avropa İttifaqı (Aİ) ilə sammit keçiriləcək və bu, Moskvaya və dünyaya “güclü siqnal” göndərəcək. Şmiqalın hökumətin iclasında dediyinə görə, bu tədbir Kiyevin Aİ-yə üzvlüyü üçün “həddən artıq vacib”dir.

“Bu sammitin Kiyevdə keçirilməsi faktı tərəfdaşlarımıa və düşmənlərimizə güclü siqnal deməkdir”, – Baş nazir sözlərinə əlavə edib.

Ancaq tədbirə Aİ-dən kimlərin qatılacağı açıqlanmayıb.

Ukrayna ötən ilin iyununda Aİ üzvlüyünə namizəd ölkə status əldə edib. Aİ üzvləri Rusiyanın işğalı ilə mübarizə aparan Ukraynanı dəstəkləyib, Rusiyaya iqtisadi sanksiyalar tətbiq edib, Kiyevə silahlar göndərib.

XS
SM
MD
LG