Keçid linkləri

2026, 13 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 02:19

ABŞ Suriyada Türkiyə dronunu vurduğunu deyir


Suriyadakı ABŞ qüvvələri. Arxa planda kürd YPG döyüşçülərinin təbliğat stendi
Suriyadakı ABŞ qüvvələri. Arxa planda kürd YPG döyüşçülərinin təbliğat stendi

ABŞ oktyabrın 5-də Suriya ərazisində Türkiyə silahlı qüvvələrinin döyüş dronunu vurduğunu bildirib.

Pentaqonun məlumatında deyilir ki, dron Suriyada ABŞ hərbçilərinin bazası yaxınlığında vurulub.

Reuters yazır ki, bu, ABŞ-ın NATO müttəfiqi olan ölkənin uçan aparatını vurduğu ilk hadisədir.

Lakin Türkiyə Müdafiə Nazirliyi bildirib ki, vurulan dron Türkiyə silahlı qüvvələrinə aid deyil.

Bununla belə nazirlik dronun kimə məxsus olduğunu açıqlamayıb.

Pentaqonun sözçüsü – briqada generalı Pet Rayder jurnalistlərə deyib ki, Türkiyə dronları oktyabrın 5-də Hasaka rayonunda zərbələr endirərkən müşahidə olunub.

Bu hadisə ABŞ hərbi bazasının 1 kilometrliyində baş verib.

Rayderin sözlərinə görə Türkiyə dronu bir neçə saatdan sonra ABŞ bazasının yarım kilometrliyində görünüb. Onun yaxınlaşması hədə kimi qiymətləndirilib və drona F-16 təyyarəsindən atəş açılıb.

ABŞ müdafiə naziri türkiyəli həmkarına zəng edib

Xəbərdə deyilir ki, ABŞ müdafiə naziri Ostin Lloyd bu insidentdən sonra türkiyəli həmkarına zəng edib. Rayderin sözlərinə görə söhbət “məhsuldar” olub.

Reuters yazır ki, bu insident Vaşinqton-Ankara münasibətlərinin həssas dövründə baş verib.

Vaşinqton Türkiyənin İsveçin NATO üzvlüyü üçün ərizəsini ratifikasiya edəcəyini gözləyir.

Ankara isə bunu dilə gətirməsə də Vaşinqtonun çoxdan vəd etdiyi F-16 təyyarələrini nəhayət almaq niyyətindədir.

2019-cu ildə Suriyanın şimalındakı ABŞ qoşunları Türkiyə mövqelərindən atəşə tutulmuşdu.

Daha bir “anonim” dron zərbəsi

Bu arada, oktyabrın 6-da Suriyanın Hüms şəhərindəki hərbi akademiyada diplomların verilməsi mərasimində baş vermiş dron hücumunda ölənlərin dəfn mərasimi keçirilib. Ölkədə üçgünlük matəm elan olunub.

Bu da xəbər verilir ki, Suriyanın müdafiə naziri Əli Mahmud Abbas da diplomların təqdimatı mərasimində iştirak edib, amma dron zərbəsinə bir neçə dəqiqə qalarkən tədbiri tərk edib.

Bu hücum üçün məsuliyyəti üzərinə götürən yoxdur.

Hüms akademiyasına dron zərbəsində ölənlərin cənazələri
Hüms akademiyasına dron zərbəsində ölənlərin cənazələri

Suriya Müdafiə və Xarici İşlər nazirlikləri əvvəllər belə hücumlara görə “terrorçu təşkilatları” ittiham ediblər.

Bundan əvvəl Suriyanın Səhiyyə Nazirliyi dron hücumu nəticəsində 89 nəfərin, o cümlədən 31 qadın və 5 uşağın həlak olduğunu bildirmişdi.

Lakin Britaniyadakı Suriya Müşahidə Mərkəzi hadisə zamanı 100-dən arıq ölənin və 125-dən artıq yaralananın olduğunu bildirir.

Reuters yazır ki, bütün ötən gecə və oktyabrın 6-da Suriya hökumət qoşunları qiyamçıların nəzarətində olan İdlib və Hələbi atəşə tutub.

Bunun nəticəsində azı 12 dinc sakinin həlak olduğu xəbər verilir.

XS
SM
MD
LG