ABŞ mediasının proqnozlarına görə, Demokratlar Partiyası Konqresin hər iki palatasında nəzarəti təmin edə bilər. AP, NBC, CBS, CNN və "Reuters" daxil olmaqla, aparıcı media qurumları demokratların Senatda ən azı 51 yer qazanaraq çoxluğu əldə edəcəklərini bildirirlər. Onlar nəticələri hələ rəsmiləşməmiş daha bir neçə ştatda da Senat seçkilərində liderliyi qoruyurlar.
Eyni zamanda, demokratların artıq Nümayəndələr Palatasına da nəzarəti ələ keçirdiyi görünür; belə ki, partiya Kentukki, Nyu-Cersi və Şimali Karolina da daxil olmaqla, müxtəlif ştatlarda respublikaçılara məxsus ən azı səkkiz mandatı qazanmağı bacarıb.
+++
ABŞ prezidenti Donald Tramp "The New York Times" qəzetinə müsahibəsində bildirib ki, Konqresə seçkilərin nəticələrini tanıyacaq və Demokratlar Partiyası qalib gələrsə, onlarla əməkdaşlığa hazırdır: "Demokratlarla əməkdaşlıq edəcəyik və bilirsiniz, bunu səbirsizliklə gözləyirik. Yəqin ki, bir yolunu tapıb razılığa gələrik".
Prezident bundan əvvəl bildirmişdi ki, demokratlar qalib gələcəkləri təqdirdə o, "Mister Veto"ya çevrilə və onların qanunvericilik təşəbbüslərini bloklaya bilər.
İndiyədək açıqlanan nəticələrə görə, demokratlar Nümayəndələr Palatasında çoxluğu əldə edəcəklər. Onların Senata da nəzarəti ələ keçirmək şansları olduqca yüksəkdir.
3 noyabr
ABŞ Konqresinə aralıq seçkiləri keçirilir
ABŞ-də noyabrın 3-də Konqresə aralıq seçkiləri keçirilir. Nümayəndələr Palatasındakı 435 yerin hamısı, Senatdakı 100 yerdən isə 35-i uğrunda mübarizə gedir.
Təxminən 50 milyon insan artıq erkən səsvermədə iştirak edib. "Amerikanın Səsi" radiosu 2022-ci il aralıq seçkilərində ümumilikdə 112 milyon nəfərin səs verdiyini yazır; ABŞ-də isə 210 milyondan çox qeydiyyatdan keçmiş seçici var.
Hazırda Konqresin hər iki palatasına prezident Donald Trampın Respublikaçılar Partiyası cüzi üstünlüklə nəzarət edir. İctimai rəy sorğuları demokratların Nümayəndələr Palatasına seçkilərdə qələbə qazanmaq ehtimalının yüksək olduğunu göstərir. Demokratların namizədləri Miçiqan, Ayova, Kanzas və Alyaska kimi əsas ştatlarda qalib gəlsələr, Senatda da çoxluğu əldə edə bilərlər.
Texasda 40 ildən çoxdur ki, Demokratlar Partiyasının namizədi qalib gələ bilmir. Amma sorğulara görə, bu dəfə demokrat Ceyms Talarikonun şansları rəqibi Ken Pekstonunkundan bir qədər yüksəkdir.
Prezident Tramp seçki kampaniyasında fəal iştirak edib. O, tərəfdarlarına bildirib ki, özü namizəd olmasa da, respublikaçılar səsvermə bülletenində Trampın adı varmış kimi səs verməlidirlər. Prezident xəbərdarlıq edib ki, demokratlar Konqresə nəzarəti ələ keçirsələr, administrasiyanın təşəbbüslərini bloklayacaq və impiçment proseduruna başlaya bilərlər.
Yanacağın bahalanması seçki kampaniyasına ciddi təsir göstərib. Trampın opponentləri bunu İrana qarşı hərbi əməliyyatın birbaşa nəticəsi hesab edirlər. Tramp isə məsuliyyətin bir hissəsini Ukraynadakı müharibənin, xüsusilə də Ukraynanın Rusiyadakı neft emalı zavodlarını vurmasının üzərinə qoyur.
Bir çox demokratlar İrandakı müharibəni və administrasiyanın İsrailə münasibətdə yürütdüyü siyasəti tənqid edirlər. Onlar administrasiyanı avtoritar meyllərdə ittiham edirlər.
Trampın tərəfdarları isə ABŞ iqtisadiyyatının ümumilikdə yaxşı vəziyyətdə olduğunu vurğulayırlar. Onlar Amerikanın dünyadakı mövqelərinin gücləndiyini bildirir və Venesuelada hakimiyyət dəyişikliyini, eləcə də Amerikanın Qrenlandiya üzərində nəzarətinin genişlənməsini buna əsas gətirirlər.