Keçid linkləri

2026, 03 Sentyabr, cümə axşamı, Bakı vaxtı 01:33

İran: ABŞ-nin zərbələrindən azı 15 nəfər ölüb

Arxiv fotosu
Arxiv fotosu

İran ABŞ-nin sentyabrın 1-də endirdiyi zərbələrdən mülki şəxslər və hərbçilər daxil, azı 15 nəfərin öldüyünü bildirib.

IRNA dövlət xəbər agentliyi yerli rəsmiyə istinadla Əhvaz və Ağacari ətrafına zərbələr nəticəsində Xuzistan vilayətində 7 nəfərin öldüyünü, 8 nəfərin yaralandığını xəbər verib.

"Tasnim" xəbər agentliyinə görə, SEPAH Kirmanşah vilayətində Hərbi Hava Qüvvələrinin 4 əməkdaşının öldüyünü bildirib.

İran mediası daha əvvəl Hörmüzgan vilayətində keçirilən toy mərasiminə zərbənin 4 nəfərin həyatına son qoyduğunu xəbər vermişdi.

Açıqlanan rəqəmləri müstəqil şəkildə təsdiqləmək mümkün olmayıb.

ABŞ ordusu toy mərasiminin vurulması ilə bağlı iddialara münasibət bildirməyib. ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sözçüsü Tim Hokins isə deyib ki, "SEPAH-dan fərqli olaraq, ABŞ ordusu heç vaxt mülki şəxsləri hədəfə almır".

SEPAH regiondakı ABŞ bazalarını vurduğunu bildirir

İran mediası ölkənin cənubunda, Bəndər-Abbas, Sirik, Konarak və Qeşm bölgələrində partlayışların baş verdiyini bildirir.

Digər tərəfdən, SEPAH İordaniyanın Əqəbə körfəzi sahilində yerləşən ABŞ Dəniz Piyadaları Korpusunun bazasına raket zərbəsi endirdiyini açıqlayıb. Həmçinin İraqda Ərbil yaxınlığındakı ABŞ hərbi obyektlərinin və Bəhreyndəki "Şeyx İsa" aviabazasına da hücum edildiyi qeyd olunur.

"Radio Fərda" xəbər verir ki, Bəhreyn, İordaniya və Küveyt rəsmiləri İranın hücumlarının dəf olunduğunu bildiriblər.

ABŞ ordusu İrana zərbələrin son dalğasını başa çatdırdığını bildirib

ABŞ ordusu sentyabrın 1-də gecə İrana zərbələrin son dalğasını başa çatdırdığını açıqlayıb. İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) obyektlərinin vurulduğu bildirilir. İranla ABŞ arasında müharibə həftəsonu yenidən kəskinləşib, tərəflər qarşılıqlı hücumlar həyata keçiriblər.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) X sosial şəbəkəsində yazıb ki, qüvvələri SEPAH-a məxsus hədəflərə, hava hücumundan müdafiə obyektlərinə, radar sistemlərinə, dəniz vasitələri və obyektlərinə, zərbələr endirib.

“Axios” ABŞ rəsmilərinə istinadla yazır ki, ABŞ ordusu sentyabrın 1-də İran hökumətinə məxsus iki tankeri də vurub.

İran Qızıl Aypara Cəmiyyətinin məlumatına görə, Hörmüz boğazı sahilində yerləşən Sirik yaxınlığında keçirilən toy mərasimində 5 nəfər ölüb, 50 nəfər yaralanıb. “Mehr” xəbər agentliyi ölənlər arasında 4 yaşlı uşağın da olduğunu bildirib. İRNA əyalət rəsmisinə istinadla 68 nəfərin yaralandığını yazıb.

Trampın xəbərdarlığı

ABŞ prezident Donald Tramp bundan əvvəl sosial şəbəkədə yazıb ki, ABŞ Hörmüz boğazı yaxınlığındakı İran hədəflərinə zərbələr endirir və Tehran cavab verərsə daha ağır hücumlarla üzləşəcək. Prezidentin sözlərinə görə, ABŞ-nin sentyabrın 1-də yenidən başladığı zərbələr İranın Hörmüz boğazına mina yerləşdirmək, İordaniyadakı ABŞ hərbi bazasını vurmaq üçün “uğursuz cəhdi”nə cavab olub.

O, hazırda Hörmüz boğazında heç bir mina olmadığını, hamısının “tamamilə təmizlənib və ya partladıldığı” yazıb. Tramp İranın ABŞ bazasına atdığı səkkiz raketin hamısının uğurla vurulduğunu bildirib.

Tramp xəbərdarlıq edib ki, İran onun “tamamilə əsaslandırılmış hücum”una cavab verərsə, bu ölkə yenidən, “daha sərt və daha yüksək səviyyədə” vurulacaq. O, daha böyük hücuma hazırlıq görüldüyünü deyib və hədələyib ki, həmin hücum başa çatdıqdan sonra “İran İslam Respublikasından çox az şey qalacaq”.

İran cavab verəcəyini deyir

İran isə sentyabrın 1-də ABŞ-nin ölkədəki hədəflərə zərbələrinə cavab verəcəyini vəd edib. İRİB dövlət yayımçısının məlumatına görə, ordusu ABŞ-yə qarşı “sarsıdıcı və dağıdıcı zərbələr”lə bağlı xəbərdarlıq edib.

Bəyanatda deyilir ki, “ABŞ ordusu regiondakı təcavüzünü nə qədər davam etdirsə, daha böyük və ağır itkilərlə üzləşəcək”.

Bu arada İordaniya və Küveytdə hava hücumu həyəcanı siqnalları işə salınıb. İordaniya ordusu bildirib ki, hava hücumundan müdafiə sistemləri buraxılan 13 raketdən 10-nu vurub. Qalan üç raketin isə yaşayış məntəqələrindən uzaq ərazilərə düşdüyü bildirilib.

Müharibə fevralın 28-də ABŞ və İsrailin İrana hücumu ilə başlayıb. İran isə İsrailə və ABŞ hərbi bazalarının yerləşdiyi Körfəz ölkələrinə zərbələrlə cavab verib.

XS
SM
MD
LG