Keçid linkləri

2024, 08 Dekabr, bazar, Bakı vaxtı 20:02

ABŞ Rusiyaya köməyinə görə Ermənistana xəbərdarlıq edir


ABŞ Dövlət Departamentinin sanksiyaların koordinasiyası idarəsinin direktoru Cim О'Brayen
ABŞ Dövlət Departamentinin sanksiyaların koordinasiyası idarəsinin direktoru Cim О'Brayen

Ermənistan, hərəkətləri ilə “Rusiyanın sanksiyalardan yan keçməsinə” imkan verən ölkələrdən biridir.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu ABŞ Dövlət Departamentinin sanksiyaların koordinasiyası idarəsinin direktoru Cim О'Brayen deyib.

Avropa Şurası Beynəlxalq Münasibətləri analitik mərkəzinin Stokholmda keçirilən müzakirələrində О'Brayen deyib ki, bu, Vaşinqtonun nöqteyi-nəzərindən çox ciddi problemdir:

“Bu çox əsaslı problemdir və biz elə buna görə də Qazaxıstana, Gürcüstana, Ermənistana səfərlər edirik. Bizim danışıq qruplarımız habelə Türkiyəyə və başqa yerlərə, məsələn Birləşmiş Ərəb Əmirliklərinə də səfərlər edirlər. Bunun nəticəsində müəyyənləşdirə bilmişik ki, Rusiya bir sıra əsas elektron avadanlıqlar üzrə idxalı müharibədən əvvəlki səviyyəsinə çatdıra bilib. Biz bunun davam etməsini istəmirik”.

ABŞ rəsmisi deyib ki, bütün bunlara baxmayaraq Rusiya daim belə avadanlığın qıtlığı ilə üzləşir.

О'Brayenin fikrincə, bu ona görə baş verir ki, Rusiya bu idxalın böyük hissəsini müharibə odlarında yandırır.

Amerikalı diplomatın sözlərinə görə söhbət əsasən ikili təyinatlı mal hesab edilməyən mikrosxemlərdən, inteqrasiya olunmuş sistemlərdən (məsələn, soyuducular kimi məişət texnikasının içindəki mikrosxemlər - red) və prosessorlardan gedir. Diplomat deyib ki, Rusiya bütün bunlardan hərbi sənayedə istifadə etmək məcburiyyətindədir.

“Özünüzü niyə riskə atırsınız?”

Amerika tərəfi Ermənistan da daxil bəzi ölkələrin Rusiyaya sanksiyalardan yayınmaqda kömək etməsindən narahatlığını bu ilin yazından dilə gətirməyə başlayıb.

The New York Times ABŞ-ın Sənaye və Təhlükəsizlik İdarəsinin məlumatına istinadla yazırdı:

“2022-ci ildə bundan əvvəlki illə müqayisədə Ermənistanda çiplərin və prosessorların ABŞ-dan idxalı 515 faiz artıb. Bu malların Avropa İttifaqından idxalı isə 212 faiz artıb. Ermənistan sonradan bu malların 97 faizini Rusiyaya təkrar ixrac edib”.

ABŞ Dövlət Departamentinin sanksiyaların koordinasiyası idarəsinin direktoru Cim О'Brayenin sözlərinə görə, hazırda Vaşinqtonun əsas məqsədi belə ölkələrə qarşı sərt tədbirlər görmək yox, partnyor dövlətləri Rusiya ilə problemli sövdələşmələrin uzaq perspektivdə onların ziyanına işləyəcəyinə inandırmaqdır:

“Biz partnyor ölkələrin nümayəndələrinə deyirik: Sizin iqtisadiyyatlarınız təhlükədədir. Sizin gəlirlərinizin böyük hissəsi ABŞ, Aİ və ya Yaponiyadan gəlir. Siz bu və ya digər məhsulun bir neçə partiyasına görə niyə risk edirsiniz?”

О'Brayen vurğulayıb ki, Türkiyə bunlardan nəticə çıxararaq Rusiyaya təkrar ixracı qadağan edib:

“Qazaxıstan bəzi proseduralar tətbiq edib və biz görürük ki, Rusiyaya təkrar ixrac azalmaqdadır”.

Putinin iflası və yeni reallıqlar

Azatutyun yazır ki, belə görünür, ABŞ-ın təzyiqi artıq bəhrələrini verir.

Kommersant qəzetinin yazdığına görə Ermənistan, Qazaxıstan və Honq Konq bankları Rusiyaya idxal olunan elektronika məhsulları üçün Rusiyadan ödənişləri bloklayıblar.

О'Brayenin çıxışından məlum olub ki, hazırda Vaşinqtonun əsas diqqəti Qazaxıstana yönəlib:

“Əvvəllər beynəlxalq şirkətlər bu və ya digər malları əvvəlcə Rusiyaya ixrac edirdilər və yalnız bundan sonra onların rusiyalı partnyorları bu malların bir hissəsini Qazaxıstana və Mərkəzi Asiyanın başqa ölkələrinə təkrar ixrac edirdilər. İndi isə bu mallar dərhal Qazaxıstana, oradan isə regionun başqa ölkələrinə ixrac olunur. Beləliklə Rusiya artıq Mərkəzi Asiyada əsas iqtisadi dövlət deyil. Əgər bu proses uzansa Putin üçün əsl iflasa çevriləcək”.

О'Brayenin fikrincə elə buna görə də sanksiyalardan yayınmanın qarşısının alınması ilə yanaşı, yeni iqtisadi reallıqların təşəkkül tapmasına imkan verilməlidir.

XS
SM
MD
LG