Keçid linkləri

2026, 26 Avqust, çərşənbə, Bakı vaxtı 07:58

ABŞ sığınacaq istəyən əcnəbilərin vizalarını ləğv edə bilər

ABŞ Dövlət Departamenti
ABŞ Dövlət Departamenti

Donald Tramp administrasiyası ABŞ-də sığınacaq üçün müraciət etmiş və ya hazırda sığınacaq almağa çalışan əcnəbilərin qeyri-immiqrant vizalarını ləğv etməyi planlaşdırır.

Söhbət ABŞ-yə qısamüddətli səfər məqsədilə gəldiyini bildirən, sonradan burada daimi qalmaq üçün sığınacaq müraciəti edən əcnəbilərin qeyri-immiqrant vizalarından gedir. Dövlət Departamentinin sözçüsü avqustun 24-də bildirib ki, qurum Daxili Təhlükəsizlik Nazirliyi ilə birlikdə belə bir plan üzərində işləyir.

Dövlət Departamenti ləğv ediləcək vizaların sayını açıqlamayıb.

“Associated Press” (AP) agentliyi isə Dövlət Departamentinin sənədlərinə və iki ABŞ rəsmisinə istinadla bildirib ki, 200 minədək əcnəbinin biznes və turist vizaları ləğv oluna bilər. Bu baş verərsə, ABŞ tarixində vizaların bir dəfəyə ən genişmiqyaslı kütləvi ləğvi olacaq.

Dövlət Departamenti 2016-2026-cı illərdə verilmiş, sahibləri sığınacaq üçün müraciət etmiş və ya hazırda müraciət prosesində olan B1 və B2 vizalarını ləğv edəcək. B1 və B2 qeyri-immiqrant vizaları biznes və turizm səfərləri üçün verilir.

AP bildirir ki, vizaların ləğvi həmin şəxslərin dərhal deportasiyası demək deyil. Sığınacaq müraciətlərinə hazırda baxılan şəxslərin çoxunun statusu yenidən təsnif ediləcək, onlar biznes və ya turist statuslarını itirəcəklər.

Avqustun 25-də ABŞ dövlət katibinin müavini Kristofer Landau X sosial şəbəkəsində yazıb ki, Amerikanın miqrasiya sistemi “uzun müddətdir əsassız sığınacaq müraciətləri ilə yüklənib”.

Dövlət Departamenti bu ayın əvvəlində bildirib ki, Tramp administrasiyası dövründə əcnəbilərə verilmiş 175 mindən çox viza ləğv edilib. Viza sahibləri içində zorlama və oğurluqda təqsirləndirilənlər, eləcə də ABŞ-nin Yaxın Şərq siyasətini açıq tənqid edənlər olub.

Prezident Donald Tramp miqrasiya siyasətini sərtləşdirir, vizaların və “yaşıl kart”ları ləğv etməyə, deportasiyaları intensivləşdirməyə çalışır. Prezident bu tədbirlərin ölkə daxilində təhlükəsizliyi gücləndirmək məqsədi ilə izah edir. Hüquq müdafiə təşkilatları isə söz azadlığı, hüquqi prosedur təminatlarının pozulduğunu bildirirlər.

XS
SM
MD
LG