ABŞ Maliyyə Nazirliyinin tezliklə təklif edəcəyi yeni qaydalar dəbdəbəli daşınmaz əmlakın anonim şəkildə alınmasına son qoyacaq.
Nazirliyin bildirdiyinə görə bununla da oliqarxlara, terrorçulara və cinayətkarlara qanunsuz sərvətlərini gizləmək imkanı verən qanunvericilik boşluğu qapadılacaq.
Reuters yazır ki, qəbulu çoxdan gözlənilən yeni qayda daşınmaz əmlak satan firmalardan əmlakı nəqd pulla alan şirkətlərin əsl mənfəətdarlarının açıqlanmasını tələb edəcək.
Onlar bu barədə məlumatı ABŞ Xəzinədarlığıının maliyyə cinayətlərinin qarşısının alınması şəbəkəsinə (Financial Crimes Enforcement Network - FinCEN) verməyə borcludurlar.
Məsələ ilə tanışlığı olan iki mənbə bildirib ki, yeni qaydalar artıq bu aydan tətbiq edilməyə başlanacaq.
Reuters yazır ki, antikorrupsiya fəalları və millət vəkilləri bu qaydaların tətbiqini çoxdan tələb edirdilər.
Milyardlarla dollar çirkli pullar
ABŞ maliyyə naziri Canet Yellen hələ mart ayında demişdi ki, kriminallar onilliklər ərzində qanunsuz qazanılmış sərvətlərini ABŞ-ın daşınmaz əmlakında gizlədiblər.
Onun sözlərinə görə 2015-2020-ci illər arasında ABŞ daşınmaz əmlakı vasitəsilə 2.3 milyard dollar çirkli pullar yuyulub.
Korrupsiyaya qarşı mübarizə təşkilatlarından FACT koalisiyasının direktoru Erika Haniçak bu qərarı mühüm addım adlandırıb.
Bəzi antikorrupsiya fəalları bildirirlər ki, FinCEN çirkli pulların yuyulmasının önlənməsi üçün çox ləng hərəkət edir.
Sözü gedən qaydaların tətbiq olunacağı barədə söhbətlər 2021-ci ildən gedir.
Öz növbəsində FinCEN ofşor şirkət mənfəətdarlarının faş edilməsi üçün xeyli mübarizə aparmalı olub.
Nyu York, Mayami, Los Anceles...
Daşınmaz əmlakın sığortası ilə məşğul olan Amerika Torpaq Sığortası Assosiasiyası yeni qaydaları alqışlayıb, amma bildirib ki, FinCen onların tətbiqini balıqqulağı şirkətləri qaydaları işlənib hazırlananadək ləngitməlidir.
Reuters yazır ki, banklar müştəri vəsaitlərinin mənşəyini bilməyə və şübhəli tranşlar barədə məlumat verməyə təhkim edilsələr də, ABŞ miqyasında bunu tənzimləyən ümumi qaydalar olmayıb.
Bunun əvəzində FinCEN Nyu York, Mayami və Los Anceles də daxil bir neçə şəhərdə daşınmaz əmlakın alınması barədə məlumatın açıqlanması qaydalarından istifadə etməyə məcbur olub.
Coğrafi Hədəfləmə Orderi kimi (geographic targeting order – GTO) kimi tanınan qaydanın bundan sonra ölkə boyunca tətbiqi nəzərdə tutulur.
4600 kvadrat metrlik malikanə
FinCEN GTO qaydasından 2016-cı ildən istifadə edir. O vaxt New York Times qəzeti aşkar etmişdi ki, ABŞ-da lüks daşınmaz əmlakın yarısı anonim balıqqulağı şirkətləri tərəfindən alınıb.
Lakin ekspertlər bildirirlər ki, bu qaydadan daşınmaz əmlakı “hədəflənən zonalardan” kənarda almaqla yayınmaq mümkündür.
Məsələn mühacirət etmiş Çin biznesmeni Quo Venqui anonim balıqqulağı şirkətdən istifadə etməklə 2021-ci ildə 26 milyon dollara Nyu Cersidə 4600 kvadrat metr sahəsi olan malikanə almışdı.
Biznesmenin aldığı malikanə Manhattanda Hudzon çayının sahlində idi və hüquq-mühafizə orqanlarının diqqətini cəlb etməyə bilməzdi.
Quo bir vaxtlar keçmiş prezident Donald Trampın müşaviri işləmiş Stiv Bannonun biznes şəriki olmuşdu.
Lakin bu da qeyd olunur ki, yeni qaydanın səmərəli işləyə bilməsi üçün FinCEN-ə ayrılan vəsaitlər artırılmalıdır.