ABŞ administrasiyası BMT Təhlükəsizlik Şurasının genişləndirilməsini təklif edəcək.
Vaşinqtonun planlarına görə daha altı ölkəyə TŞ-nin daimi üzvü olmaq imkanı verilməlidir.
Lakin təklifə görə yeni üzvlərə veto hüququ verilməyəcək.
Bu təklifdən məqsəd dünyanın ən əsas beynəlxalq təşkilatında qlobal təmsilçiliyin genişləndirilməsidir.
The Washington Post qəzetinin yazdığına görə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfield hazırda Təhlükəsizlik Şurasının genişləndirilməsi üçün müxtəlif ölkələrin diplomatları ilə danışıqlar aparır.
Bu təklif dünya liderlərinin bu payız Nyu Yorkda keçiriləcək sammitinin ərəfəsinə təsadüf edir.
Qəzetin yazdığına görə prezident Co Bayden və onun administrasiyasının BMT TŞ-nin inkişaf etməkdə olan ölkələrin hesabına genişləndirilməsi təklifi həm də bəzi ölkələrin şikayətlərinə cavab vermək məqsədi güdür.
Administrasiyanın fikrincə TŞ-nin hazırkı heyəti qlobal problemlərin, o cümlədən Ukraynada müharibənin qarşısını ala bilməyib.
BMT özünü tükəndirib
Beynəlxalq Böhran Qrupunun BMT ilə iş üzrə direktoru Riçard Qouen deyib ki, BMT öz səlahiyyətlərini tükəndirib:
"BMT ləngidikcə dünya daha pərakəndə və daha münaqişəli olub”.
BMT TŞ-də islahatların aparılmasına baş katib Antonio Quterriş də çağırıb.
Prezident Bayden BMT Baş Assambleyasının 77-ci sessiyasında Afrika, Latın Amerikası və Karib regionu ölkələrinə TŞ-də daimi nümayəndəliyin verilməsini təklif etmişdi.
Bundan sonra diplomatlar bu təklif üzərində detallı işə başlayıblar.
BMT kəskin tənqid olunur
Rusiyanın Ukraynaya qarşı müharibəsi başlanandan bəri həm BMT, həm də Təhlükəsizlik Şurası daha kəskin tənqidlərlə üzləşir.
Siyasətçiləri TŞ-nin daimi üzvü kimi xüsusilə də Rusiyanın davranışı narahat edir.
Son vaxtlar Rusiya BMT TŞ-də ona sərfəli olmayan qərarları özünün veto hüququ ilə bloklayıb.
2022-ci ilin dekabrında Ukrayna Rusiyanı Təhlükəsizlik Şurası üzvlüyündən məhrum etməyə və BMT-dən çıxarmağa çağırmışdı.
Lakin BMT-nin mövcud Nizamnaməsinə görə bu, Rusiyanın öz razılığı olmadan baş verə bilməz.
BMT TŞ 1945-ci ildə təsis edilib. Nizamnaməyə görə burada qərarlar bütün üzvlərin razılığı ilə qəbul olunur.
Hazırda BMT TŞ-nin ABŞ, Britaniya, Fransa, Rusiya və Çinin simasında 5 daimi və 10 rotasiyalı üzvü var.