Keçid linkləri

2024, 06 Oktyabr, bazar, Bakı vaxtı 21:01

ABŞ və Almaniya Şimal Axını 2 kəməri barədə razılığa gəldilər


Ukrayna prezidenti Volodimir Zelenski (solda) və ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland
Ukrayna prezidenti Volodimir Zelenski (solda) və ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland

Əldə olunmuş razılaşmaya əsasən ABŞ Rusiya qazını Baltik dənizinin dibi ilə birbaşa Almaniyaya çatdırmalı olan bu kəmərin tikintisi ilə bağlı heç bir sanksiya qoymayacaq

Birləşmiş Ştatlar və Almaniya Rusiyanın Şimal Axını 2 qaz kəməri çəkilişinin başa çatdırılmasına imkan yaradan razılaşma əldə ediblər.

Əldə olunmuş razılaşmaya əsasən ABŞ Rusiya qazını Baltik dənizinin dibi ilə birbaşa Almaniyaya çatdırmalı olan bu kəmərin tikintisi ilə bağlı heç bir sanksiya qoymayacaq.

ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland iyulun 21-də Senatın Xarici Əlaqələr Komitəsinə deyib ki, Berlin və Vaşinqton tezliklə bu razılaşmanın detallarını bəyan edəcəklər.

ABŞ Konqresində, habelə Ukrayna və Polşada bu kəmərin tikintisi ilə bağlı ciddi narazılıqlar var.

Konqresmenlər bildirirlər ki, kəmər Avropanın enerji təhlükəsizliyinə hədə yaradacaq.

Bayden də bilir

Bayden administrasiyası da kəmərin əleyhinədir, lakin bildirir ki, tikintini artıq sanksiyalarla dayandırmaq mümkün deyil.

ABŞ-da diplomatik ranqına görə üçüncü olan xanım Nuland deyib ki, Vaşinqton və Berlin bu kəmər barədə az sonra birgə bəyanat verəcəklər.

Nuland deyib ki, Almaniya və ABŞ arasında əldə olunmuş razılaşmaya əsasən Moskvanın bu kəmərdən siyasi silah kimi istifadə etdiyi təqdirdə Rusiya və Almaniyanın tikintidə çalışan şirkətlərinə sanksiyalar qoyulacaq.

Ümumi dəyəri 11 milyard dollar olan kəmərin tikintisinin başa çatmasına yüz kilometrdən bir qədər çox məsafə qalıb.

ABŞ Dövlət Departamentinin müşaviri Derek Çoley iyulun 21-də Kiyevə səfəri zamanı AzadlıqRadiosuna deyib ki, Bayden administrasiyası da bu kəmərin Ukraynaya heç nə verməyəcəyindən və üstəlik transatlantik münasibətlərə təhlükə yaradacağından narahatdır:

"Odur ki, biz bu ssenaridən yan keçməyə çalışmışıq. Almaniyalı dostlarımızla birlikdə işləyərək biz Rusiyaya ondan gözlədiyimiz davranış barədə açıq mesaj verməliyik. Onlar bilməlidirlər ki, kəmərdən siyasi silah kimi istifadə edilə bilməz və əgər bunu etsələr nəticələri ilə üzləşməli olacaqlar”.

Merkel söz verib

Bu arada Ağ Ev bildirib ki, Ukrayna prezidenti Volodimir Zelenski Vaşinqtonda prezident Co Baydenlə avqustun 30-da görüşəcək.

AzadlıqRadiosu yazır ki, ABŞ bu görüşün təşkili ilə Ukraynanın narahatlıqlarını azaltmağa çalışır.

Ukrayna iqtisadiyyatı ölkənin şərqində Rusiyanın dəstəklədiyi separatçılara qarşı 7 ildir davam edən müharibəyə görə xeyli zəifləyib. Buna baxmayaraq Ukrayna hələ də Rusiya qazından və onun Avropaya tranzitindən asılıdır.

Bu da xəbər verilir ki, Bayden və Almaniya kansleri Angela Merkel Şimal Axını 2 kəmərini ötən ay G7 sammitində də müzakirə ediblər.

Merkel iyulun 12-də Berlində səfərdə olan Zelenskiyə demişdi ki, Ukrayna Şimal Axını 2 tikiləndən sonra da qaz tranziti olaraq qalacaq.

Çoleyin fikrincə, Rusiya unutmamalıdır ki, ABŞ və Almaniyanın perspektivindən Ukraynanın qaz tranziti kimi qalması şərtdir.

ABŞ dövlət katibi Entoni Blinken iyun ayında demişdi ki, Birləşmiş Ştatlar bu kəmərin Rusiyanın əlində geosiyasi layihə olmasını və Avropanın enerji təhlükəsizliyinə hədə yaratmasını bilir.

XS
SM
MD
LG