Oktyabrın 9-da ABŞ və Ukrayna təmsilçiləri Mayamidə Rusiyanın Ukraynadakı işğalçı müharibəsini bitirməklə bağlı yeni sülh təkliflərini müzakirə edəcəklər. Bu danışıqlar Rusiyanın qış ərəfəsində Kiyev və digər şəhərlərin kritik infrastrukturuna endirdiyi kütləvi zərbələr fonunda keçirilir.
Ağ evin məlumatına görə, ABŞ prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşner oktyabrın 9-da Ukrayna nümayəndə heyəti ilə işçi görüş keçirəcəklər. Administrasiyanın yüksək vəzifəli rəsmisi AzadlıqRadiosuna bildirib ki, bu görüş münaqişə tərəflərinin hətta mövqeləri fərqli olan sahələrdə belə əməkdaşlıq imkanlarını müəyyənləşdirməyə şərait yaradacaq.
Rəsminin sözlərinə görə, tərəflər arasında əvvəlki təmaslar əsir mübadiləsi kimi praktik nəticələr verib.
İlkin ikitərəfli görüşdən sonra Avropa müttəfiqləri (Böyük Britaniya, Fransa, Almaniya), NATO və Avropa İttifaqı rəsmilərinin iştirakı ilə daha geniş tərkibli toplantı keçiriləcək.
Rubionun xəbərdarlığı
Bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio münaqişənin təhlükəli dalana dirəndiyi və Ukrayna sərhədlərindən kənara yayılma riski barədə xəbərdarlıq səsləndirib.
Rubio bu durumu "çox təhlükəli müharibə" adlandırıb. Onun sözlərinə görə, Rusiya qonşu NATO ölkələrində təxribat xarakterli gizli əməliyyatlar törədə, zərbələr endirə və münaqişəni sürətlə genişləndirə biləcək başqa addımlar ata bilər. O xəbərdarlıq edib ki, bu cür gedişat iki ölkə arasındakı müharibəni sürətlə daha böyük və xeyli təhlükəli regional münaqişəyə çevirə bilər.
Bu həftə ABŞ prezidenti Donald Tramp tezliklə Rusiya prezidenti Vladimir Putinlə telefonla danışmağı planlaşdırdığını bildirib.
Planlarla tanış olan mənbələrin sözlərinə görə, Mayamidə ABŞ təmsilçilərinin regiona son səfərləri zamanı tərəflərlə birgə hazırlamağa başladıqları təkliflər müzakirə olunacaq.
İndiyə qədər bir neçə dəfə oxşar görüşlər keçirilib. Ağ evin xüsusi elçisi S.Uitkoff və C.Kuşner sentyabrın əvvəlində Moskva və Kiyevə səfər ediblər. Onlar Kiyevdə Volodimir Zelenski və Ukrayna rəsmiləri ilə danışıqlardan əvvəl Moskvada Putinlə görüşüblər.
Danışıqlarda Ukraynanı prezident administrasiyasının rəhbəri Kirilo Budanov və Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rüstəm Umerov kimi yüksək rütbəli rəsmilərin təmsil edəcəyi gözlənilir.
Gizli plan
Daha genişformatlı görüşdə Böyük Britaniya, Fransa və Almaniyanın milli təhlükəsizlik müşavirləri, həmçinin NATO, Aİ və ABŞ-nin Avropa Komandanlığının təmsilçiləri iştirak edəcəklər. Ağ evin Milli Təhlükəsizlik Şurasının və ABŞ Maliyyə Nazirliyinin nümayəndələrinin də bu danışıqlara qatılacağı gözlənilir.
Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, nümayəndə heyəti avropalı tərəfdaşlarla maliyyə yardımı və hava hücumundan müdafiə məsələlərini, eləcə də pulların daha tez ayrılması yollarını ayrıca müzakirə edəcək.
Son həftələrdə Rusiya Ukraynanın mülki infrastrukturuna qarşı hücumlarını xeyli gücləndirib. AzadlıqRadiosunun "Sxemlər" araşdırma layihəsi Ukrayna müdafiə qüvvələrindən rus dilində tərtib olunmuş gizli bir sənədin surətini əldə edib. Sənəddə elektrik, su və istiliyi kəskin şəkildə kəsməklə mülki əhaliyə böyük əziyyət verməyi nəzərdə tutan hücum planı təsvir olunub.
Paralel olaraq, Vaşinqton Rusiya rəsmiləri ilə də ayrıca təmaslar saxlayır. Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev bu yaxınlarda Vaşinqtonda amerikalı rəsmilərlə müvafiq müzakirələr aparıb.