Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 05:41

Koreya yarımadasında ara qarışır


«USS Carl Vinson» təyyarədaşıyan gəmisi.
«USS Carl Vinson» təyyarədaşıyan gəmisi.

Cənubi Koreya aprelin 13-də deyib ki, Birləşmiş Ştatlar Pxenyana hər hansı qabaqlayıcı zərbə endirməmişdən onunla məsləhətləşməlidir. «Reuters» xəbər agentliyi «böyük və vacib tədbir» öncəsi Pxenyana xarici jurnalistlərin toplaşdığını yazır.

Hazırda ABŞ-ın təyyarədaşıyan gəmi qrupu yarımadaya doğru yol alıb. Koreya yarımadasında gərginlik bu həftə qızışıb, Pxenyanın BMT sanksiyalarına meydan oxuyaraq tezliklə altıncı nüvə sınağı keçirəcəyi sarıdan əndişələr var.

Şimali Koreyanın yeganə müttəfiqi olan Çin problemin sülh yoluyla həllinə çağırıb. Belə ki, son günlər Birləşmiş Ştatlarla Pxenyan arasında ritorika güclənməkdədir.

GƏMİ QRUPU YARIMADAYA DOĞRU GEDİR

ABŞ prezidenti Donald Trump Şimali Koreyaya onun təxribatçı hərəkətlərinə dözməyəcəyi barədə xəbərdarlıq edib. ABŞ rəsmiləri administrasiyanın daha sərt iqtisadi sanksiyalar strategiyasına fokuslandığını bildirir. Amma Trump artıq «USS Carl Vinson» təyyarədaşıyan gəmi qrupunu Koreya yarımadasına doğru yönəldib. Gəmilərin oraya çatması bir həftədən çox çəkər. Görünür, məqsəd Şimali Koreyanın daha bir nüvə sınağı keçirməsini önləməkdir.

Suriyada ötən həftə kimyəvi qaz hücumundan sonra ABŞ orada hava bazasına 59 «Tomahawk» raketi atdı. Bundan sonra Birləşmiş Ştatların Şimali Koreyaya qarşı da hərbi tədbirə əl atacağı mümkün görünür.

Cənubi Koreyanın xarici işlər naziri Yun Byung-se inandığını bildirib ki, Vaşinqton hər hansı hücumdan öncə Seulla məsləhətləşəcək.

Şimali Koreya ordusunun təlimləri.
Şimali Koreya ordusunun təlimləri.

«Cənubi Koreya- ABŞ alyansına görə, Şimala qarşı hər hansı vacib addım Cənubi Koreya hökumətiylə məsləhətləşmələr çərçivəsində aparılır və belə də olacaq», – Yun parlament dinləmələrində söyləyib.

NÜVƏ SINAĞI ƏRAZİSİNDƏ HƏRƏKƏTLİLİK

Vaşinqtonda yerləşib Şimali Koreyanı izləyən «38 North» beyin mərkəzi çərşənbə günü çəkilmiş peyk təsvirlərinə istinadla bildirir ki, Pungeri nüvə sınağı poliqonunda davamlı hərəkətlilik var və bu da yeni sınağa hazırlığı göstərir.

Cənubi Koreya rəsmiləri isə Şimalın yeni nüvə sınağı əlamətlərinin görünmədiyini söyləyirlər. Onu da vurğulayırlar ki, Pxenyan istənilən vaxt belə bir sınağı aparmağa hazırdır.

Şimali Koreya şənbə günü dövlətin yaradıcısı Kim Il Sung-un 105-ci ad gününü keçirir. 2012-cu ildə bu münasibətlə Pxenyan peykdaşıyan uzaqmənzilli raket buraxmağa çalışıb, amma alınmayıb. Ötən il isə yeni hazırlanmış ortamənzilli raket buraxıb.

Hazırda 200-dən artıq xarici jurnalist Şimali Koreyanın böyük bayramı – Günəş günü münasibətilə Pxenyandadır. Həmin günün tədbirləri barədə ayrıntılar bəlli deyil.

D.Trump
D.Trump

DAHA SƏRT SANKSİYALAR

1950-53-cü illərdə Koreya Müharibəsi atəşkəslə bitib, amma sülh sazişi imzalanmayıb. O vaxtdan Şimali Koreya Birləşmiş Ştatlar və Cənubi Koreyanı məhv etməklə hədələyir.

ABŞ rəsmilərinin sözlərinə görə, Trump daha sərt sanksiyaları nəzərdən keçirir – neft embarqosu qoyula, Şimali Koreyanın hava xətti bağlana, yük gəmiləri aşkarlana, Pxenyanla biznes quran Çin bankları cəzalandırıla bilər.

Trump çinli həmkarı Xi Jinping-lə çərşənbə günü telefonla danışıb. Cəmi bir neçə gün öncə onlar ABŞ-da görüşmüşdülər. «Reuters» yazır ki, bu da durumun gərginliyini göstərir.

Trump daha sonra Twitter-də yazıb ki, Xi ilə Şimali Koreya təhlükəsi haqda «çox yaxşı» müzakirə aparıb. ABŞ prezidenti sonra onu da vurğulayıb ki, Birləşmiş Ştatlar, lazım gələrsə, Çinsiz belə, böhranı yoluna qoymağa hazırdır.

XS
SM
MD
LG