Keçid linkləri

2025, 17 İyul, Cümə axşamı, Bakı vaxtı 08:20

Ən uzunömürlü teleseriallar


90-cı illərdə Azərbaycan tamaşaçısının yaxşı tanıdığı əfsanəvi "Santa Barbara" serialının yayıma başlamasından 38 il ötür.
90-cı illərdə Azərbaycan tamaşaçısının yaxşı tanıdığı əfsanəvi "Santa Barbara" serialının yayıma başlamasından 38 il ötür.

Bəzi televiziya serialları 10 il və daha artıq davam edə bilir. Dünyada ən uzun sürən "sabun operaları" bəzən həftədə beş gün göstərilsə də, on illərlə davam edir. Televiziya tarixində 60 ildən çox davam edən seriallar var!

"Coronation Street" (1960 – bugünədək)

Bu Britaniya serialı dünyanın ən uzun sürən serialı kimi Ginnesin Rekordlar Kitabına düşüb. Britaniya və daha bir neçə ölkənin televiziya kanallarında yayımlanan bu serialın bu ilin dekabrında 62 yaşı tamam olacaq.

"General Hospital" (1963 – bugünədək)

Amerikanın ən uzun sabun operası sayılan, 58 ildir davam edən "General Hospital"da hadisələr Nyu-Yorkun Port Çarlz xəstəxanasında və, əsasən, Kuotermeyn və Spenser ailələri ətrafında cərəyan edir. Serialın bu qədər uzun sürməsi azmış kimi, ondan "Port Charles" və "General Hospital: Night Shift" adlı daha iki serial törəyib.

Bu serialın ən əlamətdar hadisələrindən biri 1981-ci ildə iki qəhrəman – Lük və Lauranın toyu epizodu Amerika sabun operaları tarixində ən çox reytinq toplayan efir saatı olub. Həmin vaxt 30 milyon tamaşaçı həmin epizodu izləyib.

"Guiding Light" (1952 - 2009)

"Guiding Light" radio serialı kimi hələ 1937-ci ildə başlayıb. 1956-cı ildən o, TV sabun operası kimi yayımlanmağa başlayıb. Beləliklə, bu serial televiziyada ard-arda 57 il nümayiş olunub.

CBS kanalı bu serialı yalnız 2009-cu ildə dayandırıb və səbəb kimi serialın reytinqinin düşməsini göstərib.

"Days Of Our Lives" (1965 – bugünədək)

NBC kanalının ən uzun sürən sabun operası efirdə olduğu 56 il ərzində reytinq siyahılarının qalibi olub. Filmdə hadisələr Salem adlı xəyali şəhərdə cərəyan edir.

1970 – 80-ci illərdə bu serial sevgi münasibətləri və hətta zorlama hekayələrindən bəhs etsə də, sonradan fövqəltəbii hadisələr, eksorsizm və insanların yaddaşlarının disklərə köçürülməsi kimi mövzulara meyllənib.

2004-cü ildə serialın baş qəhrəmanlarından bir neçəsi öldürülür. Ancaq sonradan məlum olur ki, onlar əsl Salemdə yox, onun əksi olan bir adada yaşayırmış.

"As The World Turns" (1956 - 2010)

Bu serial CBS-in "Guiding Light" serialının "bacısı" kimi yaradılıb və yalnız 2010-cu ildə ləğv edilib. Hadisələrin İllinoys ştatının xəyali Okdeyl şəhərciyində baş verdiyi bu serial göstərilən sabun operaları arasında daha mühafizəkar olması ilə seçilirdi. Buna baxmayaraq, bu serial hələ 1988-ci ildə ilk dəfə gündüz efirində gey personajı tamaşaçılara təqdim edib. 2007-ci ildə isə Amerika gündüz efiri tarixində ilk gey kişi öpüşünü nümayiş etdirib.

"Emmerdale" (1972 – bugünədək)

Ferma həyatından bəhs edən bu serialda hadisələr yavaş və sakit başlasa da, yanğın və təyyarə qəzalarının ssenariyə salınması ilə tamaşaçıların diqqətini çəkmək mümkün olub. Serial bu il 50 yaşına çatıb.

"The Young and The Restless" (1973 – bugünədək)

48 illik efir həyatında 12 mindən çox seriyası göstərilən bu serialda hadisələr Viskonsin ştatının Cenoa şəhərində cərəyan edir. Seksuallıq və sevgi macəralarını ekrana daşıması ilə tanınan bu serial 116 dəfə gündüz efiri nominasiyasında "Emmi" mükafatına layiq görülüb. Serial bugünədək yüksək reytinqlərini qoruyub saxlamağı bacarıb.

XS
SM
MD
LG