Keçid linkləri

2026, 01 Oktyabr, cümə axşamı, Bakı vaxtı 14:00

Tennessidə Krista Payk edam cəhdindən sağ çıxıb

Krista Payk
Krista Payk

Qətl törətdiyinə görə ölüm cəzası almış Krista Payk sentyabrın 30-u gecə Tennessi ştatında edam edilərkən sağ qalıb. Həbsxana rəsmiləri ona ölümcül iynə vurulduğunu desələr də, ştat tarixində son iki əsrdə ilk dəfə bir qadının edamı uğursuz nəticələnib.

Tennessi Cəzaçəkmə Müəssisələri Departamenti edam prosedurunun bütün mərhələlərinə tam əməl olunduğunu bildirib.

"Reuters" Paykın indiki durumunun məlum olmadığını yazır. O, müalicə üçün Neşvildəki sərt rejimli cəzaçəkmə müəssisəsindən xəstəxanaya köçürülüb.

Edam cəhdini izləyən jurnalistlər Paykın xoruldadığını, çətinliklə nəfəs aldığını və qolunun ağrımasından şikayətləndiyini bildiriblər.

Şahidlərin sözlərinə görə, edam otağına iki dəfə din xadimi çağırılıb. Daha sonra həbsxanaya təcili yardım maşını gəlib, bir müddət sonra oradan ayrılıb.

Paykın vəkilləri və hüquq müdafiəçiləri bu edama qarşı çıxır, Paykın cinayəti törədən vaxt yaşının az olmasını, uşaqlıqda məruz qaldığı cinsi zorakılığı və müalicə olunmamış psixi xəstəliklərini əsas gətirirdilər.

Bu, cari ildə Tennessi ştatında ilk uğursuz edam hadisəsi deyil. Mayda həbsxana işçiləri qətllərə görə ölüm cəzası almış bir kişiyə ölümcül iynə vurmaq üçün uyğun damar tapa bilməmişdilər və edam dayandırılmışdı.

Edam olunacaqdı, hökmün icrasına bir saat qalmış dayandırıldı

ABŞ Federal Apellyasiya Məhkəməsi 1995-ci ildə törədilmiş qətlə görə ölüm cəzasına məhkum olunan 50 yaşlı Krista Paykın edamını icrasına bir saat qalmış dayandırıb. O, Tennessi ştatında son 200 ildə edam edilən ilk qadın olacaqdı.

Hökmün icrası dayandırılandan sonra Tennessi ştatının baş prokuroru ABŞ Ali Məhkəməsinə şikayət verib. Edam Neşvildəki həbsxanada həyata keçirilməli idi.

1995-ci ildə 18 yaşlı Payk və onun 17 yaşlı sevgilisi Tadaril Şipp Paykın tələbə yoldaşı Kollin Slemmeri öldürüblər. Payk birinci dərəcəli qətldə təqsirli bilinərək ölüm cəzasına məhkum edilib. Şipp isə yetkinlik yaşına çatmadığı üçün şərti olaraq vaxtından əvvəl azadlığa çıxmaq hüququ ilə ömürlük həbs cəzası alıb.

Payk əfv ərizəsində bildirib ki, məqsədi sadəcə Slemmerlə dalaşmaq olub, amma qəzəb tutması keçirdiyindən özünü saxlaya bilməyərək onu öldürüb.

"18 yaşım vardı və psixi xəstəlikdən əziyyət çəkirdim. Etdiyimin bütün ağırlığını dərk etmək üçün mənə uzun illər lazım oldu. Bunun nə qədər insana təsir etdiyini anlamaq isə daha çox vaxt apardı. Mən kiminsə övladının, bacısının, rəfiqəsinin həyatına son qoydum. İndi belə bir cinayət törədə bildiyimi düşünəndə ürəyim bulanır", – onun ərizəsində deyilir.

Məhkəmə ölüm hökmü çıxarılarkən Paykın uşaqlıqda cinsi zorakılığa məruz qalması barədə dediklərinin lazımi qaydada nəzərə alınıb-alınmadığının yenidən araşdırılmasına qərar verib.

Hökm çıxarılandan sonra bəlli olub ki, Payk anasının ərləri tərəfindən cinsi zorakılığa məruz qalıb, həmçinin iki dəfə zorlanıb. Sonradan ona post-travma stress pozuntusu və bipolyar pozuntu diaqnozları qoyulub.

ABŞ-də qadınlar nadir hallarda edam olunurlar. Ölkədə ölüm hökmlərinin icrasının bərpa olunduğu 1976-cı ildən bəri 18 qadın edam edilib.

​
XS
SM
MD
LG