Keçid linkləri

2024, 04 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:18

Demokratların qələbəsi Trump-ın xarici siyasətinə qeyri-müəyyənlik gətirir


D.Trump
D.Trump

Son iki ildə Donald Trump-ın prezidentliyi ABŞ-ın xarici siyasətinə təlatüm gətirib. Trump Vaşinqtonun çoxdankı ittifaq və münasibətlərini sual altına salıb.

AzadlıqRadiosunun əməkdaşı Mike Eckel yazır ki, son aralıq seçkilərində parlamentin aşağı palatasında üstünlüyü ələ keçirən demokratlar həm daxili, həm də xarici siyasətə daha çox təsir göstərməyə çalışacaqlar.

ABŞ-ın siyasi sistemi elə qurulub ki, xarici siyasət məsələlərində icraedici hakimiyyət – Ağ ev dominantlıq edir.

Qanunverici hakimiyyət – Konqres isə büdcə və pul, müharibə, diplomatiya, kəşfiyyat əməliyyatları kimi bir çox məsələləri öz nəzarətində saxlayır.

Trampizmə alternativ yaratmaq

Aşağı palatadakı demokratlar burada hansı qanunların gündəliyə çıxarılacağını müəyyən edə, xərcləmə siyasəti və yeni qanunların yazılmasında daha böyük rol oynaya biləcəklər. Bu, Rusiya, Səudiyyə Ərəbistanı və başqa dövlətlərlə bağlı daha sərt mövqeyin ortaya qoyulacağı ehtimalını artırır.

Ancaq respublikaçıların yuxarı palata – Senatdakı qələbəsi demokratların Nümayəndələr Palatasındakı qələbəsini balanslaşdırır. 6 noyabr seçkiləri onların Senata nəzarətini daha da möhkəmləndirib.

Brukinqs İnstitutunun araşdırmaçısı, keçmiş müxbir Marvin Kalb hesab edir ki, bu vəziyyət ən azı, çaşqınlığın daha da artmasına və xarici siyasətdə ahəngin daha da azalmasına yol aça bilər.

«Demokratlar xarici siyasəti müəyyənləşdirməli olacaqlar… Onları dünyada trampizmə alternativ yaratmaq, eyni zamanda, Trump-ın seçiciləri ilə dil tapmaq kimi çətin vəzifələr gözləyir», – keçmiş dövlət katibi John Kerry-nin qərargah rəisi olmuş David Wade deyir.

Konqres
Konqres

Britaniyanın Rusiya və NATO-dakı səfiri olmuş Ian Bond bildirir ki, Avropada bu aralıq seçkiləri Vaşinqtonun bundan sonra hansı istiqamətdə gedəcəyinin göstəricisi kimi görülür.

«Londonda, Brüsseldə …on illərlə davam etmiş transatlantik münasibətlərə inananlar ümid edirdilər ki, aralıq seçkilər Amerikanın Avropadakı müttəfiqlərinə dəyər verən yeni Konqres formalaşdıracaq və Trump-ın transatlantik münasibətləri pozmağının qarşısını alacaq», - o deyir.

Konqresin hər iki palatası respublikaçıların əlində olanda palatalar Rusiya və onun 2014-cü ildə Ukrayna ərazisi olan Krım yarımadasını ilhaq etməsi məsələsində birləşmiş mövqe sərgiləyirdilər.

Aşağı palatanın demokratların əlinə keçməsi bu birliyin dəyişəcəyini düşünməyə əsas vermir. Böyük ehtimalla, Nümayəndələr Palatasının üzvü, Kremlin amansız tənqidçisi və Rusiya hüquq müdafiəçilərinin dəstəkçisi Eliot Engel aşağı palatanın xarici əlaqələr komitəsinin rəhbəri olacaq.

Rusiyanı tənqid edən digər millət vəkili Adam Smith-in Nümayəndələr Palatasının Silahlı xidmət komitəsinin rəhbəri olacağı gözlənilir.

Ukraynaya silah, Səudiyyəyə cəza?

Ancaq Senat Rusiyanı tənqid edən bir neçə tanınmış üzvünü itirib. Onlardan biri avqustda dünyasını dəyişən senator John McCain-dir. Senatın Silahlı qüvvələr komitəsinin sədri olan McCain, eyni zamanda, ABŞ-ın müdafiə siyasətinin müəyyən edilməsində rol oynayırdı. Qeyd edək ki, Vaşinqton Rusiyanın Ukrayna və digər ölkələrdəki davranışına cavab olaraq Avropada hərbi gücünü artırmaq istiqamətində addımlar atırdı.

Nümayəndələr Palatasında demokratların Ukrayna ordusunu daha çox silahla təchiz etmək üçün maliyyə ayıracağı ilə bağlı gözləntilər var.

Trump hakimiyyətə gələr-gəlməz ABŞ-ın İrana münasibəti kəskin dəyişib. Bir çox respublikaçı millət vəkilləri, habelə Trump-ın əsas müşavirlərinin çoxu prezident Barack Obama-nın Tehrana yanaşmasına, o cümlədən 2015-ci ildə imzalanan nüvə sazişinə əvvəldən skeptik baxırdı.

Demokratların aşağı palatada üstünlüyünə rəğmən, iqtisadi və digər sanksiyalar tətbiq etmək səlahiyyəti, əsasən, Ağ evin əlində olduğundan Trump-ın İrana təzyiqləri davam etdirəcəyi gözlənilir.

Səudiyyə Ərəbistanı ilə münasibətlərə gəlincə, demokratların üstünlük təşkil etdiyi yeni aşağı palata bəlli hadisələrdən sonra Ər-Riyadı cəzalandırmaq üçün bu ölkəyə silah satışını bloklaya bilər.

Qeyd edək ki, səudiyyəli jurnalistin İstanbuldakı konsulluqda qətlindən sonra beynəlxalq ictimaiyyət Vaşinqtonu ər-Riyada sanksiyalar tətbiq etməyə çağırır.

XS
SM
MD
LG