Keçid linkləri

2026, 05 Sentyabr, şənbə, Bakı vaxtı 17:55

Vens: ABŞ toy mərasiminə hücumla bağlı İranın iddialarını araşdırır

Cey Di Vens
Cey Di Vens

ABŞ vitse-prezidenti Cey Di Vens bildirib ki, Birləşmiş Ştatlar hava zərbəsi nəticəsində toy mərasiminin vurulması barədə İranın iddialarını araşdırır. Bununla belə, o, Tehrandan yayılan xəbərlərə şübhə ilə yanaşdığını deyib.

"Bu məsələni araşdırırıq, çünki buna diqqətlə yanaşırıq. Nə baş verdiyini bilmək istəyirik", – Vens sentyabrın 3-də Ağ evdə jurnalistlərə bildirib.

"Araşdırma getdiyini bilirəm. Onu da deyim ki, İranın dövlət mediası indiyədək münaqişə zamanı baş verənləri o qədər də düzgün işıqlandırmayıb. Buna görə də bu xəbərə çox skeptik yanaşıram", - o əlavə edib.

Pentaqon məktəblə bağlı araşdırmanın nəticələrini təqdim etməyib

Tehranın bildirdiyinə görə, zərbə İranın cənubundakı Sirik rayonunun Kuhestək kəndində toy mərasiminin keçirildiyi evə endirilib. Dörd nəfər ölüb, 70 nəfər yaralanıb. İran mediası 22 yaşlı bir qadının sonradan xəstəxanada vəfat etdiyini yazır.

Sentyabrın 3-də sakinlər kəndin yaxınlığında yas mərasiminə toplaşıblar.

ABŞ ordusu zərbə ilə bağlı birbaşa açıqlama verməyib.

ABŞ-nin toy məclisinə endirdiyi zərbənin fəsadları
ABŞ-nin toy məclisinə endirdiyi zərbənin fəsadları

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sözçüsü Tim Hokins məlumatlardan xəbərdar olduqlarını bildirib. Amma deyib ki, "İslam İnqilabı Keşikçiləri Korpusundan – SEPAH-dan fərqli olaraq, ABŞ ordusu heç vaxt mülki şəxsləri hədəfə almır".

İran Birləşmiş Ştatları müharibə zamanı mülki əhaliyə qarşı bir neçə dəfə hücum həyata keçirməkdə ittiham edib.

Tehran Minab şəhərində qızlar üçün ibtidai məktəbə hava zərbəsinin ən çox insan tələfatına səbəb olduğunu bildirmişdi. İran hakimiyyəti həmin hücumda 165-ə qədər məktəbli qız və müəllimin öldüyünü açıqlayıb. BMT ekspertləri hadisə ilə bağlı "dərin narahatlıq" ifadə ediblər.

Pentaqon araşdırmaya başladığını açıqlasa da, nəticələrini hələ təqdim etməyib.

"Buna müharibə deməzdim"

Vens Ağ evdə jurnalistlərin müharibənin nə qədər davam edəcəyi barədə sualına birbaşa cavab verməyib.

"Buna müharibə deməzdim. Hazırda fəal atışma getmir", – o deyib..

Vens bəzi yerlərdə qarşıdurmanın yenidən alovlandığını etiraf edib. O bildirib ki, ABŞ və İsrailin İranla müharibəsi fevralın 28-də başlayandan sonra genişmiqyaslı döyüş əməliyyatları cəmi altı həftə davam edib və "Birləşmiş Ştatlar İranın nüvə proqramını yenidən qurmasını çətinləşdirib".

Vitse-prezident deyib ki, İran Hörmüz boğazında kommersiya gəmilərinə hücumları dayandırmayınca, ABŞ Tehranla danışıqlar aparmağı planlaşdırmır.

"Bunu dayandırmalıdırlar. Məsələ bu qədər sadədir", – Vens söyləyib.

XS
SM
MD
LG