Keçid linkləri

2024, 12 Oktyabr, şənbə, Bakı vaxtı 10:05

'Bakının sanksiyalara qarşı çıxması ABŞ-ın xoşuna gəlməyə bilər, amma...'


Türkiyə, Azərbaycan və İranın xarici işlər nazirlərinin İstanbul görüşü. 30 oktyabr 2018
Türkiyə, Azərbaycan və İranın xarici işlər nazirlərinin İstanbul görüşü. 30 oktyabr 2018

«Nazirlərin İstanbul bəyanatı bir o qədər də gözlənilən deyildi», – siyasi şərhçi Qabil Hüseynli oktyabrın 30-da İstanbulda Türkiyə, Azərbaycan və İranın xarici işlər nazirlərinin verdiyi bəyanatı şərh edərkən söyləyir.

Nazirlər ABŞ-ın noyabrdan İrana tətbiq edəcəyi birtərəfli sanksiyaları pisləyiblər. Bunu da ölkələr arasında ticarət və kommersiya əlaqələrinin inkişafına mənfi təsir göstərməsi ilə əsaslandırıblar.

«Türkiyə birinci skripka rolunda»

«Bu məsələdə Türkiyə, İran və Azərbaycanın qəfildən bir araya gəlməsi və öz aralarında ticarət əlaqələrinin milli valyutayla aparılmasını razılaşdırılmaları, bu kontekstdə sanksiyaları pisləmələri doğrudan da, gözlənilməz bir şeydir. Görünür, bu məsələdə Türkiyənin təsiri yetərincə böyükdür. O, bu proseslərin idarə edilməsində birinci skripka rolunu oynayıb, Azərbaycanı da bu istiqamətə yönləndirməkdə Türkiyənin fövqəladə rolu olub», – siyasi şərhçi güman edir.

Şahin Cəfərli: «Türkiyənin narahatlığını başa düşmək olar»

Bu fikrin davamı olaraq başqa bir siyasi şərhçi Şahin Cəfərli deyir ki, ABŞ-ın dörd gün sonra qüvvəyə minəcək yeni sanksiyaları, İran neftinin ixracına qoyulacaq qadağa, xüsusən Türkiyəni daha çox narahat edir. Səbəb də bu ölkənin idxal etdiyi xam neftin yarısını İrandan almasıdır:

Ş.Cəfərli
Ş.Cəfərli

«ABŞ isə İrandan neft almağa davam edəcək ölkələri də sanksiya ilə hədələyir. Düzdür, dövlət katibi Mayk Pompeonun Ankaraya son səfəri zamanı bu məsələ müzakirə olundu və xəbər yayıldı ki, Vaşinqton Türkiyəyə müəyyən qədər güzəşt edəcək. Belə görünür ki, Türkiyənin İrandan az miqdarda neft idxal etməsinə ABŞ göz yuma bilər. Ancaq hələlik aydın deyil ki, Türkiyə İrandan hansı həcmdə neft alarsa, sanksiyadan yayına biləcək və yaxud Türkiyə qonşusundan aldığı neftin həcmini nə qədər azaldacaq. Bu baxımdan Türkiyənin narahatlığını və sanksiyalara qarşı çıxmasını başa düşmək olar».

Azərbaycanın bu bəyanata qoşulmasına gəlincə, siyasi şərhçi sənədin qonşuluq əlaqələrinin və üçtərəfli əməkdaşlıq formatının ruhuna uyğun olduğunu qeyd edir. O, İranın həm Türkiyənin, həm də Azərbaycanın mühüm ticarət tərəfdaşlarından biri olduğunu xatırladır, bu baxımdan da Ankara ilə Bakının üçüncü tərəfin qərarlarının bu tərəfdaşlığa əngəl yaratmasından məmnun olmadığını deyir.

«Azərbaycan siyasətinin məntiqini başa düşməyə imkan yaradan ifadə»

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov isə həmin bəyannamədə səslənən «ticari və kommersiya əlaqələri» ifadəsinə diqqət çəkir. Onun fikrincə, bu ifadə Azərbaycan siyasətinin məntiqini başa düşməyə imkan yaradır.

T.Zülfüqarov
T.Zülfüqarov

«Bu sanksiyalar nəyə görə qoyulur? Problem Suriyadakı vəziyyətlə bağlıdır. Deyildiyinə görə, İranın orda hərbi imkanları həddən artıq çoxalıb, «Həmas» hərəkatı ilə əlaqələri yaranıb, ona müxtəlif silahlar ötürür. Bu da İsrailə təhlükə yaradır. Yəni əsas problem hərbi məsələlərlə bağlıdır. Burda Azərbaycanın mövqeyi ondan ibarətdir ki, bizim İranla sadəcə, iqtisadi və tranzit əlaqələrimiz var və bunlar da sanksiya altına düşməməlidir. Biz həmin sanksiyalara qoşulsaq, bu, birbaşa yerli əhaliyə qarşı addım olacaq», – keçmiş nazir izah edir.

T.Zülfüqarov Azərbaycanın İranla hərbi əməkdaşlıq etmədiyini və bu baxımdan mövqeyinin dəyişməz qaldığını da vurğulayır.

Boltonun səfərinin ardınca belə bir bəyanat

Bu günlərdə ABŞ-ın milli təhlükəsizlik müşaviri Con Bolton bölgəyə səfəri çərçivəsində Azərbaycanda da olmuşdu. O, prezident və xarici işlər naziri ilə görüşdə İranla bağlı məsələnin müzakirə olunduğunu qeyd etmişdi.

«Biz Dağlıq Qarabağ münaqişəsini və İrana dair məsələləri müzakirə etdik. İranı sərgilədiyi davranışlardan çəkindirmək cəhdlərinin gücləndirilməsi və Tehranın nüvə silahları işləyib hazırlaması barədə müzakirələr apardıq», – C.Bolton Bakıda söyləmişdi.

Yerli siyasi şərhçilərə görə, səfərin başlıca məqsədi ABŞ-ın Bakı, Yerevan və Tbilisidən noyabrdan İrana tətbiq ediləcək sanksiyalarda yanında olmasını istəmək, Tehran ətrafında təcrid halqasını daraltmağa nail olmaq idi.

ABŞ rəsmisinin səfərinin ardınca Bakının belə bir bəyanatda iştirakı nə vəd edir?

C.Bolton
C.Bolton

«Bakının sanksiyalara qarşı çıxması ABŞ-ın xoşuna gəlməyə bilər, amma...»

Ş.Cəfərli hesab edir ki, Bakının siyasi səviyyədə bu sanksiyalara qarşı çıxması ABŞ-la münasibətlərdə problem yarada bilməz, çünki Vaşinqtonun ən yaxın müttəfiqləri də İrana qarşı birtərəfli sanksiyaların əleyhinə çıxır. Siyasi şərhçi hətta Avropa Birliyinin İranla ticarət əməliyyatlarına davam etmək üçün alternativ ödəniş sistemi yaratmaq üzərində çalışdığını xatırladır.

«AB-nin bu cür aktiv şəkildə ABŞ sanksiyalarına qarşı çıxdığı bir dövrdə Azərbaycanın deklarativ olaraq İranla həmrəylik sərgiləməsi qeyri-adi hadisə deyil. Bu mövqe təbii ki, ABŞ-ın xoşuna gəlməyə bilər, amma iki ölkə arasında ciddi problemlərə səbəb olacağına inanmıram. Digər tərəfdən, bəyanatda Azərbaycanın ərazi bütövlüyünə, sərhədlərinin toxunulmazlığına açıq dəstək var. İranın bu dəstəyinin əvəzində Azərbaycan da öz növbəsində İranın marağına uyğun məqamların sənəddə əksini tapmasına razılıq verib», – Ş.Cəfərli bildirir.

O bunu da qeyd edir ki, Türkiyə və Azərbaycan hökumətləri üçüncü bir tərəfin onlara təzyiq göstərməsindən qıcıqlanırlar, bunu suverenlik hüquqlarının pozulması kimi qiymətləndirirlər: «ABŞ-ın birtərəfli sanksiyaları da bu cür qıcıq doğuran məsələlərdən biridir. Azərbaycan indiyədək ABŞ-ın Rusiya və İranla yaşadığı problemlərə qarışmamağa, geosiyasi mübarizədə iştirak etməməyə və tərəf tutmamağa üstünlük verib. Bu siyasət indi də qüvvədədir».

Q.Hüseynli
Q.Hüseynli

«Sanksiyaları pisləmək hələ əleyhinə çıxmaq deyil»

«Sanksiyaları pisləmək hələ sanksiyalar əleyhinə çıxmaq deyil. Hələ çox sular axacaq və bu prosesdə mövqelər dönə-dönə korrektə edilə bilər. Bu, indilik birinci addımdır», – Q.Hüseynli deyir.

Hüseynlinin qənaətincə, Azərbaycan Rusiya və İran arasında yerləşən kiçik dövlətdir və onlarla münasibətləri yaxşı olmasa, bir çox məsələdə, xüsusən də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ziyan çəkə bilər.

«Azərbaycan balanslaşdırılmış, çoxvektorlu siyasət yürüdür. Hər zaman öz maraqlarını önə çəkir. Bolton gələndə mətbuatda belə fikir yayıldı ki, o, Azərbaycanı İrana qarşı sanksiya siyasətinə qoşa bilib, amma məlum olur ki, bu, uydurmadır. Azərbaycan dünyaya göstərmək istəyir ki, Boltonun təkliflərini qəbul etməyib, qonşu dövlətlərlə münasibətləri korlamaq niyyətində deyil», – siyasi icmalçı söyləyir.

T.Zülfüqarov isə Azərbaycanın İranla olduğu kimi İsraillə də yaxşı münasibətlər qurduğunu da qeyd edir. Bu baxımdan da Azərbaycanın atdığı addımın məntiqinin coğrafi, siyasi və başqa yöndən izah edilə biləcəyini söyləyir.

Xatırlatma

Birgə Hərtərəfli Fəaliyyət Planı 2015-ci ildə İran və «altılıq ölkələri» - Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya, ABŞ arasında qəbul edilib. Həmin il iyulun 20-də planı BMT Təhlükəsizlik Şurası təsdiq edib. Razılaşmaya əsasən, İran nüvə silahının əldə edilməsindən imtina edir, qarşılığında isə sanksiyalar tədricən ləğv olunur.

2017-ci ildə ABŞ prezidenti Donald Tramp İranla bağlı yeni strategiyanı elan edib. D.Tramp İranı terrorun maliyyələşdirilməsində ittiham edib, rəsmi Tehranın nüvə razılaşmasının müddəalarını pozduğunu söyləyib. Bundan sonra ABŞ Birgə Hərtərəfli Fəaliyyət Planından çıxaraq İrana sanksiyaları bərpa edib.

XS
SM
MD
LG