Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:39

Trump-ın immiqrasiya siyasətindən kim qazanacaq, kim itirəcək


ABŞ-a miqrasiya
ABŞ-a miqrasiya

ABŞ prezidenti Donald Trump-ın təqdim etdiyi RAISE qanun layihəsi ABŞ immiqrasiya sisteminin prinsiplərini kökündən dəyişir. Qanun layihəsini hələlik Konqres qəbul etməsə də, ABŞ-a köçmək istəyənlər gözlənilən dəyişikliklərə öncədən hazırlaşmalı, öz miqrasiya strategiyalarına yenidən baxmalıdırlar. ABŞ hər il bütün dünyadan 1 milyon miqrant qəbul edir. Bu baxımdan Trump-ın təklifi müxtəlif ölkələrdə on milyonlarla insana təsir göstərə bilər.

Nə baş verəcək

Qəbul edilən miqrantların ümumi sayı azalacaq.

ABŞ hökuməti təkcə keçən il 617 min Qrin-kart paylayıb. Artıq işçi viza ilə ABŞ-da yaşayanlar bura daxil deyil. Qanun layihəsinin müəlliflərindən biri, Arkanzası təmsil edən senator Tom Cotton deyir ki, qanun qəbul olunarsa, ABŞ ildə 1 milyon yox, təxminən 600 min miqrant qəbul edəcək. 10 il ərzində bu say ildə 500 minə endiriləcək.

«Ailə» və lotereya miqrasiyasını «bal» miqrasiyası əvəzləyəcək. Qrin-kart lotereyası isə ləğv olunacaq.

Mövcud immiqrasiya sistemi ABŞ-da qohumları və ailəsi olan adamlara sərf edir. 2016-cı ilin yekunlarına görə, verilən immiqrasiya vizalarının yarıdan çoxu (315 min) belə adamların payına düşür.

ABŞ-da birbaşa qohumları yaşamayanlara verilən immiqrasiya vizalarının sayı isə 215 min olub. Lotereyada «udulmuş» Qrin-kartla ABŞ-da yaşamaq hüququ qazanmış adamların sayı 45 mindən artıq olub. Onlardan yalnız 25 mini Qrin-kartı «iş yerinə görə» alıb.

İldə 140 min Qrin-kart

Bu onu göstərir ki, ABŞ-a «asan» yolla gəlmək istəyənlər burada qohumlarının yaşamasından yararlanırlar, ya da lotereya udurlar. İş yeri vasitəsilə gəlmək istəyənlərsə «uzun» yolla getməli olurlar: öncə iş vizası alır, həmin viza ilə bir neçə il ABŞ-da yaşayandan sonra Qrin-kart almaq imkanı qazanırlar.

'Green card' qazanmaq üçün nə lazımdır? - [hüquqi məsləhətlər]
Gözlə

No media source currently available

0:00 0:08:52 0:00

Trump və qanunun digər müəllifləri isə deyirlər ki, ABŞ-da yaşamaq imkanı ilk növbədə burada qohumları olan və ya lotereya udmuş şəxslərə yox, ingilis dilini bilən, özünü dolandırmaq qabiliyyəti olan ixtisaslı adamlara verilməlidir.

Trump və tərəfdarları bal sisteminə əsaslanan «müsabiqə» yolu ilə alınacaq «iş» Qrin-kartlarının sayını ildə 140 minə qaldırmaq istəyirlər. Bu, «ailə» və «lotereya» kateqoriyalarının ixtisarı hesabına baş verəcək.

Həqiqətən də, «bal» sistemi ilə gələn «hazır» miqrantları saxlamaq ölkəyə Qrin-kartla gəlmiş təsadüfi miqrantları saxlamaqdan daha ucuz başa gələcək. «Bal» miqrantına ingilis dili kurslarını təmin etmək lazım olmayacaq. Bundan başqa, dövlət yaşamaq üçün qohumlarının yanına köçmüş yaşlı insanlara müavinətlər də verməli olmayacaq.

Ancaq qanunun müəllifləri deyirlər ki, «ailə» kvotasının ixtisarı yalnız dolayı qohumlara təsir edəcək. ABŞ vətəndaşlarının həyat yoldaşları və övladları əvvəlki şərtlərlə Qrin-kart alacaqlar. Yaşlı qohumlara gəlincə, onlara Qrin-kart əvəzinə məhdud müddətli sosial viza ilə ABŞ-da yaşamaq imkanı veriləcək.

Miqrantlar müavinət almayacaqlar

Qanun müəllifləri iddia edirlər ki, hazırda ABŞ-da mövcud olan mühacir ev təsərrüfatlarının 50%-i dövlətdən müavinət alır. Onların sözlərinə görə, qeyri-mühacir ev təsərrüfatlarının yalnız 30%-i müavinət alır. Onlar bunu əsas gətirərək yeni gələn mühacirlərə müavinətin verilməməsini təklif edirlər.

Daha az qaçqın

Qanun layihəsi ABŞ-ın hazırda qəbul etdiyi qaçqınların sayının yarıya endirilməsini nəzərdə tutur. Bu isə ildə maksimum 50 min nəfər deməkdir.

Trump-ın ideal namizədi ABŞ-da və ya vətənində universitet bitirmiş, yaşı 26- 31 arasında olan, peşə təhsili olan və ingiliscə yaxşı danışan adamdır. Qrin-kart almaq üçün o, ən azı, 30 bal toplamalıdır. Balı nə qədər çox olsa, şansı da bir o qədər yüksək olacaq.

Bakı sakinlərinin Amerika arzusu
Gözlə

No media source currently available

0:00 0:00:41 0:00

Yaş

Yaşı 18-21 arasında olan namizədə yaşa görə 6, 22-25 olanlara 8, 26-31 olanlara isə 10 bal veriləcək. 31 yaşdan başlayaraq ballar azalacaq. Yaşınız 31-35 arasındadırsa, sizə 8, 36-40 arasındadırsa 6, 41-45-dirsə 4, 46-50 arasındadırsa, cəmi 2 bal veriləcək.

50 yaşı keçmiş şəxslərə yaşa görə əlavə bal verilməyəcək. Ancaq immiqrant ballarını başqa kateqoriyalarda «yığa» bilər.

Təhsil

ABŞ-da və ya başqa bir ölkədə alınmış orta təhsil attestatına görə 1 bal, öz ölkəsində alınmış bakalavr dərəcəsinə görə 5, ABŞ-da alınmış dərəcəyə görə 6 bal verilir.

Magistr dərəcəsinə görə uyğun olaraq 7 və 8 bal, doktorluq dissertasiyası müdafiə etmiş şəxslərə uyğun olaraq 10 və 13 bal verilir. Həkimlər, mühəndislər və dəqiq elmlər sahəsində mütəxəssislər prioritet sayılır.

İngilis dili

İngilis dilini mümkün qədər yaxşı bilmək lazımdır. Bütün digər iddiaçılardan 10% yüksək nəticə göstərənlərə əlavə 12 bal veriləcək.

İş

Artıq ABŞ-da iş yeri olan və maaşı həmin ixtisas üzrə orta maaşdan 1.5 dəfə artıq olan potensial immiqranta əlavə 5 bal verilir. Həmin sahə üzrə orta maaşdan iki dəfə artıq məvacib alan namizəd 8, üç dəfə artıq maaş alanlar isə 13 bal alır.

Qanunun müəllifləri ölkəyə yüksəkmaaşlı ixtisaslı miqrantların gəlməsinə çalışırlar. Bu şəxslər az maaşlı işlərdə ABŞ vətəndaşları ilə rəqabət aparmayacaqlar.

Pul

Trump ABŞ iqtisadiyyatına, azı, 1.35 milyon dollar yatıran və biznesini, azı, üç il ayaqda saxlaya bilən şəxslərə 6 bal verməyi təklif edir. Məbləği 1.8 milyon dollara çatdırmış şəxslərə isə 12 immiqrasiya balı veriləcək.

Qanun layihəsinin müəllifləri Kanada və Avstraliya təcrübəsinə əsaslanırlar. Bu ölkələr artıq uzun zamandan bəri immiqrantları «bal» sistemi əsasında cəlb edirlər. Kanada ingilis dili (həm də fransız dili), ölkədə və ya ayrı-ayrı əyalətlərdə lazımlı peşə, peşə təcrübəsinə görə ballar verir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG