Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 00:55

Konqresmenlər Ermənistana və Qarabağa yardımı artırmağa çağırırlar


ABŞ Konqresi

ABŞ Konqresinin erməni məsələləri üzrə komitəsi gələn il Ermənistana, ən azı, 40 milyon dollarlıq yardım göstərməyə çağırıb. Komitə qeyd edib ki, bununla Vaşinqton təkcə Ermənistanın müstəqilliyinin möhkəmlənməsinə və Qarabağda sülhün oturuşmasına deyil, həm də təhlükə ilə üz-üzə qalmış minlərlə suriyalının sığınacaq yeri olan ölkəyə yardım edəcək.

«ÖZÜ YOXSUL OLSA DA...»

Aralarında həm respublikaçı, həm də demokratların olduğu 20-dən artıq konqresmen Senatın büdcə ayırmaları üzrə alt komitəsinə müraciətlərində bəyan ediblər ki, Türkiyə və Azərbaycanın blokadaya aldığı Ermənistan ciddi sınaqlarla üz-üzədir. Bu sınaqlar onun təhlükəsizlik və suverenliyinə təhdiddir. Sonucda, «Amerikanın iqtisadi və hərbi yardımı Ermənistanın regional dövlətlərə müqavimətindən ötrü daha geniş imkanlar verə bilər».

Konqresmenlər həmçinin vurğulayırlar ki, Ermənistan 20 mindən çox suriyalı qaçqını qəbul edib. «Onun özü qaçqınlara sığınacaq vermiş ən yoxsul ölkələrdən biri olsa da, bugünədək ABŞ və beynəlxalq ictimaiyyətdən mühacirlərə yardım məqsədilə çox cüzi kömək alıb», – deyə müraciətdə bildirilir.

«Biz bu məsələdə Ermənistanın mühüm missiyasını vurğulamalıyıq», – Demokratlar Partiyasının üzvü, Senatın kəşfiyyat məsələləri komitəsinin aparıcı üzvü Adam Schiff bir müddət öncə Konqresdəki dinləmələr zamanı deyib.

«MİNLƏRLƏ QAÇQINI QƏBUL EDİR»

«Sizi Ermənistanın inkişafını dəstəkləməyə çağırıram. Bu regionda ABŞ-ın müttəfiqi olan Ermənistan bütün dünyada sülhyaratma missiyalarına qatılır, Suriya və İraqdan minlərlə qaçqını qəbul edir», – deyə konqresmen öz çıxışında vurğulayıb.

Adam Schiff
Adam Schiff

ABŞ qanunvericiləri «Azərbaycanın militarist bəyanatlarını və hərəkətlərini» nəzərə alaraq, gələn il Qarabağa da daha çox yardımın ayrılmasına səsləyirlər. Söhbət sülhün bərpasına yardım proqramlarından gedir. Konqresmen A.Schiff bu çağırışı əsaslandırarkən, təkcə ötən ilin aprel müharibəsini xatırlatmayıb, həm də «Azərbaycan Silahlı Qüvvələrinin insan hüquqlarını pozmasının, o cümlədən cəsədləri təhqir etməsinin inandırıcı sübutlarından» danışıb.

Qeyd edək ki, hər iki tərəfin onlarla itki verdiyi aprel əməliyyatlarından sonra Müdafiə Nazirliyi erməni əsgərlərinin cəsədlərinin təhqir olunması barədə erməni tərəfin ittihamlarını təkzib edib, «Azərbaycan ordusunun ölülərlə döyüşmədiyini» bildirib. Nazirlik ermənilərin verdiyi azərbaycanlı hərbçilərin cəsədlərinin üzərində təhqir əlamətlərinin olduğunu bildirirdi.

AZƏRBAYCANA YARDIMI DAYANDIRMAQ ÇAĞIRIŞI

«Sizi Azərbaycan tərəfindən ciddi təhlükə altında saxlanılan Qarabağın təhlükəsizliyinin gücləndirilməsini önə çəkməyə çağırıram. Büdcə məsələləri üzrə alt komitəni təkcə Qarabağa verilən humanitar yardımı artırmağa yox, həm də təmas xəttində araşdırma texnologiyalarının yerləşdirilməsinə yardım etməyə çağırıram. Bu texnologiyalar Azərbaycan tərəfinin təxribatlarını önləməyə imkan verərdi», – deyə A.Schiff qeyd edib.

Konqresmenlər Vaşinqtonun ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olduğunu və öz üzərinə problemin diplomatik yolla həlli öhdəliyini götürdüyünü xatırladıblar. Onlar, eyni zamanda, «rəsmi Bakı Ermənistan və Qarabağa hücum və təhdidləri davam etdirdiyi müddətdə» Azərbaycana hərbi yardımın dayandırmasına çağırıblar.

Qarabağda erməni əsgərlər.
Qarabağda erməni əsgərlər.

ABŞ-ın «Hay Dat» (Erməni məsələsi) komitəsi və Amerika Erməni Assambleyası «Ermənistan və Qarabağın inkişafına yardım edən» bu təşəbbüslərə görə erməni icmasının maraqlarını dəstəkləyən konqresmenlərə minnətdarlığını bildirib.

XATIRLATMA

Qeyd edək ki, ötən ilin aprelindəki toqquşmalardan sonra ABŞ-ın regiona hərbi yardım məsələsi yenə gündəmə gəlib. 1992-ci ildən ABŞ-ın qəbul etdiyi «907-ci Düzəliş» Azərbaycana yardımı məhdudlaşdırıb, ancaq 2001-ci ildən bəri hər il yardım ayrılıb. Dövlət Departamenti də ötən ilin aprelində təsdiqləyib ki, ABŞ-ın Azərbaycana yardımı Birləşmiş Ştatların beynəlxalq terrorçuluqla mübarizəsinin dəstəklənməsi, Azərbaycanın sərhəd təhlükəsizliyinin qorunmasından ötrü vacibdir, Dağlıq Qarabağ sülh prosesinə zərbə vurmayacaq, yaxud Ermənistana qarşı istifadə olunmayacaq.

Aprel toqquşmalarından sonra «907-ci düzəliş»ə əməl olunması çağırışları səslənib. Ermənistan lobbiçiləri ABŞ-ı Azərbaycana yardımı tamamilə dayandırmağa çağırıblar.

Azərbaycan isə məhdudiyyətlərin bütünlükdə qaldırılmasını istəyir. Dövlət rəsmiləri bu düzəlişin erməni lobbisinin təzyiqi ilə qəbul olunduğunu bildirib və ləğvinə çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG