2026, 25 Noyabr, çərşənbə, Bakı vaxtı 17:47

Hakerlər CIA-nin sistemlərinə girib: məlumat sızıb

Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) Virciniya ştatının Lenqli şəhərindəki baş qərargahı
Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) Virciniya ştatının Lenqli şəhərindəki baş qərargahı

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və Amerikanın azı iki digər kəşfiyyat qurumu kiberhücuma məruz qalıb, nəticədə məxfi olmayan məlumatlar sızdırılıb. Bu barədə "The New York Times" məsələdən xəbərdar olan mənbələrə istinadən yazıb.

Milli Geoməkan Kəşfiyyatı Agentliyinin və ABŞ Milli Kəşfiyyat Direktorunun Aparatının (ODNI) da hücuma məruz qaldığı bildirilir. Qəzetin yazdığına görə, məlumat sızması ABŞ-nin digər dövlət qurumlarına da təsir göstərə bilər.

Hakerlər açıq mənbələrdən kəşfiyyat məlumatlarının toplanması və təhlili sistemi olan OSINT-ə də çıxış qazanıblar. Konkret hansı məlumatların ələ keçirildiyi hələlik bilinmir. Nəşrin həmsöhbətlərinin sözlərinə görə, kiberhücum məxfi materiallara zərər vurmayıb. Mənbələrdən biri problemin artıq aradan qaldırıldığını deyib.

ODNI "Reuters"in sorğusuna cavab olaraq bildirib ki, insident kritik sistemlərin və ya məxfi məlumatların saxlandığı bazaların işində pozuntu yaratmayıb. CIA isə agentliyin şərh sorğusuna dərhal cavab verməyib.

"The New York Times"ın məlumatına görə, hakerlər çinli mühəndisin hazırladığı "Artex" proqram alətindən yararlanıblar. Təşkilatların kibertəhlükəsizliyini qorumaq üçün yaradılan bu alət 2026-cı ilin iyulunda açıq istifadəyə verilib. Sonradan hakerlər onu kiberhücumlar üçün uyğunlaşdırıblar.

Mütəxəssislər "Artex"i dünyada şirkətlərə qarşı törədilən onlarla hücumla əlaqələndirirlər. ABŞ kəşfiyyat qurumlarına kiberhücumun arxasında kimin dayandığı hələ müəyyənləşməyib. Qəzetin mənbələri bildiriblər ki, bəzi əlamətlər hücumda Çin hakerlərinin mümkün iştirakına işarə vurur.

"Reuters" yazır ki, ABŞ dövlət qurumlarında indiyədək müxtəlif kiberhücumlar və texniki nasazlıqlar qeydə alınıb. Son vaxtlar Kənd Təsərrüfatı Nazirliyində, Pentaqonda və Daxili Təhlükəsizlik Nazirliyində kiberinsidentlər barədə xəbərlər yayılıb.

Federal Təhqiqat Bürosu (FTB) da iki haker hücumuna məruz qalıb. Noyabrda bəlli olub ki, ABŞ hüquq-mühafizə orqanlarının yararlandığı Milli Cinayət İnformasiya Mərkəzinin məlumat bazasına ehtimal olunan kiberhücum araşdırılır. Sentyabrda isə "ShinyHunters" haker qrupu FTB əməkdaşlarının tibbi məlumatlarını ələ keçirib.

​
XS
SM
MD
LG