Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:14

Qazaxıstan polisi mavi şar ‘ovuna’ niyə çıxmışdı?


Qazaxıstan polisi Novruz bayramının qeyd olunduğu bir vaxtda, martın 22-də əllərində mavi rəngli hava şarları olan şəxslərin “ovuna” çıxıb.

Bundan az əvvəl qaçaq müxalifət siyasətçisi Muxtar Ablyazov özünün Facebook səhifəsində qazaxları onun qadağan edilmiş siyasi hərəkatına mavi şarlarla dəstək bildirməyə çağırmışdı.

AzadlıqRadiosunun müxbiri Astananın mərkəzi meydanında bir neçə mavi şarlı şəxslərin polis tərəfindən dayandırıldığının və polis avtobuslarına aparılmasının şahidi olub. Avtobuslarda onların kimliyini müəyyənləşdirdikdən və şarlarını əlllərindən aldıqdan sonra sərbəst buraxırdılar. Polis zabitləri şarların niyə müsadirə edildiyi barədə məlumat vermirdilər.

Saxlananlardan bir çoxları deyirdilər ki, mavi şarları ölkənin dövlət bayrağının rəngində olduğuna görə gəzdirirlər. Şarların üstündə doğrudan da Qazaxıstanın gerbi həkk olunmuşdu.

Polis və saxlananlar arasındakı söhbəti çəkən AzadlıqRadiosu müxbiri Erzhan Amirzhanovu da əvvəlcə saxlasalar da, sonradan sərbəst buraxıblar.

Bəzi hallarda polis mavi şarları uşaqların əllərindən alır və ya onların valideynlərindən bu şarları elə oradaca partlatmağı tələb edirdilər.

Keçmiş bankir və prezident Nursultan Nazarbayevin qatı tənqidçisi Ablyazov martın 21-də Facebook vasitəsilə tərəfdarlarını Novruz şənliklərinə mavi hava şarları ilə qatılmağa çağırmışdı. O yazırdı ki, bununla da qazaxlar qadağan edilmiş Qazaxıstan üçün Demokratik Seçim (QDS) hərəkatına dəstək bildirmiş olacaqlar.

Ablyazov sonradan özünün Facebook səhifəsində Qazaxıstan polisinin mavi şar ovuna çıxdığını göstərən videoları yerləşdirib.

Martın 13-də Qazaxıstan hökuməti Ablyazovun QDS hərəkatını ekstremist təşkilat elan edib və onun ölkədəki fəaliyyətini yasaqlayıb.

Ablyazov və xaricdə yaşayan bir neçə müxalifət fiqurları müxalif QDS hərəkatını 2017-ci ilin aprelində elan etmişdilər.

Qazaxıstan, Rusiya və Ukrayna tərəfindən axtarışa verilmiş Ablyazov 5 milyard dolları mənimsəməkdə şübhəli bilinir. O 2009-cu ildən bəri xaricdə yaşayır. Ablyazov heç bir cinayətə yol vermədiyini və onun barəsində ittihamların siyasi motivli olduğunu deyir.

Ötən iyunda Qazaxıstan Ablyazovu cinayətkar dəstəyə rəhbərlik etmək ittihamı ilə qiyabi olaraq 20 il müddətinə azadlıqdan məhrum edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG