Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:57

‘Abituriyentə’ görə həbs olunanlar bəraət aldılar


Azərbaycanda “Sədərək”, “Binə” kimi ticarət mərkəzlərində, mağazalarda satılan pirat (orijinal olmayan) dərsliklərin, “Abituriyent” jurnalı və test toplularının ora necə gəlib çıxmasıyla bağlı xeyli vaxtdır araşdırma gedirdi.

Yeddi nəfər cinayət məsuliyyətinə cəlb olunmuşdu. Onların işi iki yerə ayrılmışdı. Beş nəfərin işi Qaradağ Rayon Məhkəməsinə göndərilərkən, onlara CM-in 197.2 (külli miqdarda ziyan vurmaqla əmtəə nişanlarından qanunsuz istifadə) maddəsi ilə ittiham verilmişdi.

Bununla yanaşı, 204.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq) maddəsilə də ittiham olunandigər iki nəfərin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılırdı.

Yanvarın 23-də həmin iki nəfərə - Faiq Məmmədov və Şirzad Abdullayevə hökm oxunub. Onlar məhkəmə zalından azadlığa buraxılıblar. Hər ikisinə qaçaqmalçılıq ittihamı üzrə bəraət verilib. Onlar əmtəə nişanlarından qanunsuz istifadəyə görə isə şərti cəza alıblar.

Bu adamların cinayət məsuliyyətinə cəlb edilməsinin əsas səbəbi Dövlət İmtahan Mərkəzinin şikayəti olmuşdu.

Mərkəzin nümayəndəsi orijinal olmayan “Abituriyent” jurnalına, test toplularına görə Bakı Ağır Cinayətlər Məhkəməsində də 2 milyon manatlıq mülki iddia qaldırmış və təqsirləndirilən iki nəfərin hərəsindən 1 milyon manat tələb etmişdi.

Məhkəmə iddianı təmin etməyib

Nümayəndə məhkəmədə iddia edirdi ki, pirat dərs vəsaitlərinin, test toplularının hazırlanıb satılmasından Dövlət İmtahan Mərkəzinə 10 milyon manatdan çox ziyan dəyib.

O, ziyan məbləğinin yenidən hesablanmasından ötrü işin prokurorluğa qaytarılmasını da tələb etmişdi.

Məhkəmə Mərkəzin mülki iddiasını icraata götürsə də, sonda təmin etməyib. Təqsirləndirilən şəxslərin əmlakına həbs qoyulması barədə tələbə də “yox” deyilib.

İttihamda yazılıb ki, pirat dərsliklər, test topluları orijinal kitab nümunələrindən keyfiyyətinə görə fərqlənib.

Onlar müxtəlif vaxtlarda Türkiyədə nəşr edilərək Azərbaycana gətirilib, amma ölkəyə daxil olanda gömrük nəzarətinə düzgün bəyan edilməyib.

Təqsirləndirilən şəxslər ittihamı qəbul etmir və özlərini təqsirli bilmirlər.

Cinayət işinin materiallarında yazılıb ki, bu əməliyyat nəticəsində Bakıda müxtəlif ticarət yerlərindən 510 min manatlıq pirat dərs vəsaitləri və test topluları götürülüb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG