Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru Abel Məhərrəmov işdən çıxarılması və mətbuatda barəsində yazılanlara münasibət bildirib.
«Report»un xəbərinə görə, A.Məhərrəmov jurnalistlərə açıqlamasında deyib ki, prezident İlham Əliyevin sərəncamı müzakirə olunmur:
«Prezident sərəncamla kimisə vəzifəyə təyin edir, vəzifədən azad edir və s. Bu, təbii qəbul olunmalıdır. Mən 1969-cu ildən Heydər Əliyevçi olmuşam. Bu gün də dövlətçiliyə xidmət edirəm. Mən İlham Əliyev siyasətinə xidmət edən adamam. Həyatda hər şey ola bilir. Əfsuslar olsun ki, bəzi mətbuat orqanları mənim Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad olunmamı şouya çevirmək istəyirlər, bu da düzgün deyil. Ziyalılığı, milli mentalitetimizi qorumaq lazımdır. Elm zirvəsinə qalxan adamlara dəyər vermək lazımdır. Mediaya üzümü tutaraq deyirəm: Bu şoulardan əl çəkin! Bunun heç kəsə xeyri yoxdur. Bu, milləti geri çəkmək deməkdir. Allah prezidentimizin canını sağ eləsin. O, hər şeyə düzgün qərar verir, ona görə də sərəncamı doğru qəbul edirəm. 20 ilə yaxın idi ki, Bakı Dövlət Universitetinin rektoru vəzifəsində çalışmışam. Bu müddətdə şərəflə, ləyaqətlə işləmişəm. Amma indi məsləhət oldu ki, bir qədər də istirahət edim».
Xatırlatma
Bu il noyabrın 15-də A.Məhərrəmov Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib. Bununla bağlı ölkə başçısı sərəncam verib.
Həmin vaxt bir sıra mətbu orqanlarında dərc edilən yazılara görə, bu yaxınlarda İspaniyada tolerantlıq mövzusunda keçirilən bir konfransda A.Məhərrəmovun iştirakı ilə qalmaqal baş verib. O yazılarda A.Məhərrəmovun şərab biznesi ilə məşğul olduğu və başqa iddialar da yer alırdı.