Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:53

ABB-nin yeni təkliflərinə kreditorlar nə deyir


Azərbaycan Beynəlxalq Bankı
Azərbaycan Beynəlxalq Bankı

Azərbaycan Beynəlxalq Bankı 3.3 milyard dollarlıq borcunun restrukturizasiya planına dəyişiklik edərək, kreditorlarına bəzi güzəştlər irəli sürüb.

«The Financial Times» qəzeti həmin kreditorlardan bəzilərinin bu plana münasibətini öyrənib.

ABŞ-da məhkəməyə müraciət etmiş ABB ötən həftə investorlarla danışıqlara getməyə məcbur olub. İndi kreditorlara təklif olunan yenilənmiş plana Azərbaycanın buraxacağı yeni istiqrazların ödəniş şərtlərində dəyişiklik, kreditorlara müxtəlif şərtli dövlət istiqrazlarını seçmək imkanının verilməsi daxildir. Həmçinin, bu il sentyabrın 1-nə kimi sözügedən öhdəliklərlə bağlı hesablanmış faiz ödənişləri uyğun paylanma tarixində nağd olaraq iddiaçılara ödəniləcək. Lakin bu tarixə qədər bütün digər hesablanmış, lakin ödəmə vaxtı çatmamış faizlər isə kapitalizasiya ediləcək. Kapitalizasiya faizlərin toplanması deməkdir. Bu, iddiaçıların yeni istiqrazlarının əsas məbləğinin hesablanmasında nəzərə alınacaq.

***Buna da bax-ABB restrukturizasiya planına dəyişikliklər edib

Ancaq «The Financial Times» bəzi istiqraz sahiblərinin yenə də narazı qaldığını yazır. Onların fikrincə, ABB borcun 20 faizinin silinməsi, ödənişlərdə yubanmalar, istiqrazların suveren qiymətli kağızlara məcburi dəyişdirilməsini qüvvədə saxlamaqla ölkə iqtisadiyyatının nüfuzuna zərbə vurur.

«ZİYANI ÖZÜNÜZ HESABLAYIN»

«Yeni təklif də əvvəlki kimi məyusedicidir. Beynəlxalq investorlar bir məsələni anlamırlar – niyə axı neftlə zəngin, nəhəng suveren ehtiyatı olan bu ölkə investorlara ödəniş etməyə pul tapmır», – ABB-də istiqraz sahibi olan «Landesbank Berlin»in portfel meneceri Lutz Roehmeyer deyir.

«İndi özünüz dəyə biləcək ziyanı hesablayın. Gələcəkdə Azərbaycana ayrılacaq maliyyədə azacıq artım daha baha başa gələcək, nəinki indi qənaət etdiyiniz məbləğ», – o, sözlərinə əlavə edib.

***Buna da bax-ABB defolta gedərkən 900 milyon dollar da borclanıb

Ötən həftə «Fidelity» və «Franklin Templeton»un rəhbərlik etdiyi investorlar qrupu ABŞ məhkəməsinə müraciət edib, restrukturizasiya planına qarşı çıxıblar. Həmin qrupun ABB-də 220 milyon dollarlıq istiqrazı var. 400 milyon dollarlıq istiqraz sahibi olan başqa bir qrupsa bu həftə ABB ilə görüşərək daha yaxşı şərtlər tələb edib.

«Yenilənmiş şərtlərin ədalətli olmasına inanırıq. Adamlar önə görə məmnun deyildilər ki, ABB-nin suveren risk (ölkə riski) olacağını gözləyirdilər. Ancaq elə deyil», – ABB-yə restrukturizasiya üzrə məsləhət verən, «Lazard Freres» şirkətindən Eric Lalo deyib.

«ORİJİNAL TƏKLİFİN MAHİYYƏTİ DƏYİŞMƏYİB»

ABB-nin daha bir borclusu – «Allianz Global Investors»un baş investisiya rəsmisi Greg Saichin-in fikrincə, dəyişikliklər «istiqraz sahiblərindən ötrü müəyyən qədər müsbətdir, di gəl, orijinal təklifin mahiyyəti əslində dəyişməyib».

3.3 milyard dolların 40 faizini təmsil edən kreditorlar planı dəstəkləyəcəklərini deyiblər. ABB-yə digər istiqraz sahiblərindən də bəzilərinin səsi lazımdır.

Yeni şərtləri dəstəkləyən kreditorlara illik faizdə əlavə 0.37 faizlik artım təklif olunur.

«Bunu güzəşt adlandırmaq olar. Böyük qazanc olmasa da, Azərbaycanın Maliyyə Nazirliyi və kreditorların heç biri uduzmur», – Eric Lalo deyib.

***Buna da bax-'Milyonları görmədilər, gözəllik salonuna xərclənmiş 100 manatı qabardırlar'

ABB həmçinin, «ilk gələn - ilk seçən» mexanizmini də «ilk 11 iş günü müraciət» edənlərin üstünlüyü mexanizminə dəyişdirib. Bu müddət ərzində səsvermədə iştirak edən kreditorlar seçimlərinin reallaşmasında müəyyən üstünlüklərə malik olacaqlar.

XATIRLATMA

Azərbaycan Beynəlxalq Bankı (ABB) bir müddət öncə 3.3 mlrd. dollar borcunun restrukturizasiyasından ötrü Nyu-Yorkda məhkəməyə müraciət etmişdi. Onun öhdəlikləri dövlətə ötürülür.

ABB-nin sağlamlaşdırılması ilə bağlı dövlətin 10 milyard manat vəsait xərclədiyi bildirilir.

Mayın 23-də isə xarici öhdəliklərin könüllü restrukturizasiyası ilə əlaqədar Londonda bankın xarici kreditorları ilə görüş keçirilib. Toplantıda bankın xarici borclarının restrukturizasiya planı təqdim olunub.

Planda üç həll variantı təklif olunmuşdu.

Birinci varianta əsasən, əsas 2.38 milyard dollar borc 20 faiz güzəştlə 12 illik dövlət istiqrazları ilə əvəzlənməlidir. İstiqrazların gəlirliliyi illik 5.125 faiz təşkil edəcək.

İkinci varianta görə, borc illik gəlirliliyi 3.5 faiz olan 15 illik istiqrazlarla əvəzlənir.

Üçüncü variant isə borcun gəlirliliyi 3.5 faiz olan 7 illik istiqrazlar ilə əvəzlənməsini nəzərdə tutur.

ABB-nin kreditorları təklif edilən plandan narazı qalmışdılar.

ABB-nin İdarə heyətinin keçmiş sədri Cahangir Hacıyev mənimsəmə və qulluq səlahiyyətlərini aşmaqda ittiham edilərək, 15 il həbs cəzası alıb. C.Hacıyev 2015-ci ildə həmin vəzifədən uzaqlaşdırılsa da, bankın ətrafında qalmaqallar bitməyib.

XS
SM
MD
LG