Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:45

Rəşid Behbudovun Qu nəğməsi…


Mir Ələkbər Ağasıyev
Mir Ələkbər Ağasıyev
Dekabrın 14-ü Azərbaycan müğənnisi Rəşid Behbudovun doğum günüdür. Dünən o 95 yaşını tamamladı. «Can Bakı» proqramı müğənnini bu dəfə onunla ünsiyyətdə olmuş media təmsilçiləri ilə anmaq qərarına gəldi. Fotoqraf Mir Ələkbər Ağasıyevlə söhbəti həm oxuya, həm də dinləyə bilərsiniz:

- Ələkbər bəy, illər boyu Rəşid Behbudovu müxtəlif baxış bucağından əbədiləşdirmisiniz. Az qala, onun dostuna çevrilmisiniz...

- Az qala yox...Doğrudan! 22 il dostu olmuşam...

- İlk görüşünüz necə oldu?

NƏ İSTƏYİRSƏN, A BALA?

İlk görüşümüz 1967-ci il dekabrın son günlərində oldu. Opera Teatrının qarşısından keçəndə, gördüm ki, Mahnı Teatrının afişaları vurulub. Bilet də yox. Teatrın qapıçıları məni tanıdığına görə bir də gördüm amfiteatrda oturmuşam. Konsert mənə dəhşətli dərəcədə xoş gəldi. O vaxt sintezator yox idi. Xalq çalğı alətlərinin vəhdəti, Tahir Salahovun eskizləri əsasında səhnədə qurulan 3 böyük ekranda göstərilən slaydlar, filmlər, ən əsası, Rəşid Behbudovun ecazkar, təkrarolunmaz ifası məni ovsunladı. Uşaqlıqdan vallarını dinlədiyim, filmlərinə baxdığım adamı birdən-birə canlı gördüm. Konsert bitən kimi səhnə arxasına keçdim. Növbəyə dayandım. Mənə çatanda, soruşdu ki, «Nə istəyirsən, a bala?». Sonra konsertin proqramının arxasını yazıb mənə uzatdı. Bax, bu ilk görüşümüz idi. Amma sonralar həyatının sonuna kimi –1989-cu il iyunun 9-na iki ay qalmışa qədər mən onunla əməkdaşlıq, yaş fərqinə baxmayaraq dostluq etmişəm.

- Nə vaxtlar görüşürdünüz onunla?

- Özü dəvət edərdi. Ən çox da Mahnı Teatrının açılışında tez-tez çağırırdı məni. Bukletlərə, slaydlara görə. Onu da qeyd edim ki, bu 22 il ərzində mən ondan heç bir qonorar almamışam. Heyranı olduğuma görə təmənnasız işləmişəm. Bunu Teatrda da hamı bilirdi. İndi də deyirəm: Halal xoşu olsun...

- Rəşid bəyə bir fotoqrafın gözüylə baxılanda necə görünürdü—çəkilişlərdə problemsiz idi, yoxsa əksinə şıltaq idi?

- Yox. Mən şıltaq deməzdim. Çox tələbkar idi. Əvvəla, həyatda gülüb-danışan deyildi. Həddindən artıq ağır adam idi. Hər halda məndə belə təəssürat qalıb. Ancaq çəkilişlərə xüsusi tələbkarlıqla yanaşırdı. Mən indiyədək tanınmış adamlarla çox işləmişəm.
Bəzisi ətrafındakına tələbkar olub, özünə yox. Amma Rəşid Məcidoviç əksinə, özünə qarşı daha tələbkar idi.

KOLORİTLİ DANIŞIĞI VAR İDİ

Məsələn, 1982-ci il idi. Məni çağırdı ki, «Ələkbər, oğul! Sabah çəkilişdir...». Bir haşiyə çıxım ki, Rəşid bəy Qazax, Gəncə, Qarabağ ləhcəsinin qarışığında çox koloritli danışırdı və arasına da bir-iki kəlmə təmiz rusca kəlmələr qatırdı. Yəqin yadınızdadır, o vaxtlar sizin də sevdiyiniz bir mahnı var idi—«Unutdun beni zalim» türk mahnısı.

Xatırlayırsınızmı, Rəşid bəy o mahnını necə elan edərdi? Ya deyərdi ki, «Turetskaya narodnaya pesnya - «Unutdun beni zalim», ya da deyərdi ki, türk xalq mahnısı—«Pozabıla tı menya jestokaya». Hə, sonra teatrın işçilərini yığdı, dedi sabah saat 12-də çəkiliş olacaq. Hamı istirahətə getməlidir ki, sifətlərdə yorğunluq olmasın. Səhər də gələndə mənə dedi ki, Ələkbər, dünən üzümü 3 dəfə soyuq-isti su ilə yumuşam ki, yorğun görünməyim. Bax, onun işinə münasibəti belə idi. Hamı belə deyil, axı.

BELƏLƏRİ DƏ VAR...

Bir dəfə mən bir xalq artistinin çəkilişlərini edirdim. Teatrda hər şey hazırlandı, işıqlar quruldu, bu adam tapılmadı. Bir saatdan sonra qan-tər içində gəldi ki, qızıma mebel axtarırdım. Elə həmin yorğun sifətlə də çəkilişə oturdu. Dediyim odur ki, Rəşid Behbudov ona görə dahidir ki, elə xırdalıqlara, incəliklərə, nüanslara sahibdir.

FOTO HƏVƏSKARI İDİ

Mənzilindəki otaqlardan birini fotolaboratoriya eləmişdi. Çox professional bir fotoaparatı da vardı. O illərdə həmin aparatdan heç peşəkar fotoqraflarda yox idi. Konsertlərdə bəzən verirdi ki, mənim aparatımla çək. İşığın qanunlarını, kompozisiyanı bilirdi. Çəkilişə hazırlaşanda, soruşurdu ki, mən harada dayanacam? Deyirdim, bax bu küncdə. Gəlirdi, dayanırdı, işıqları qururdum, üzünü o tərəfə çevirirdi, obraza girirdi və birdən kəskin hərəkətlə aparata tərəf çevrilirdi. Həmin anı tutdum, ya tutmadım, o artıq məndən asılı idi...

- Tuta bilirdinmi?

- Xoşuna gəlirdimsə, demək tuturdum...

- Elə mənim özümdə sənin çəkdiyin çox gözəl fotoları var Rəşid bəyin. Ələkbər bəy, bəs evdə-eşikdə, məişətdə necə idi Rəşid bəy?

- Evlərində çox olmuşam. Ceyran xanımın da, Rəşidə xanımın da mənə münasibəti yaxşıdır. Amma mən bu mövzuda danışmaq istəməzdim. Ancaq onu deyə bilərəm ki, çox ailəcanlıydı. Onların maraqlı sevgi tarixçələri olub. Rəşid Behbudov gec evlənib. Amma axırda öz yarını tapıb. Özü də çox yaraşırdılar bir-birinə. Gözəl cütlük idi. Rəşid müəllim ölən günə kimi yaraşığını saxlamışdı. Qəribə aura vardı onda. Elə bil ki, işıq saçırdı...

İŞIQLI ADAM...

- O, işıqlı adam idi! Bir dəfə bu ifadəni mənə Ceyran xanım söyləyib. Rəşid bəyin xatirə günündə məzarı başında ondan müsahibə alırdım, onda dedi. Mən hətta bu adda yazı yazmaq fikrindəydim...

- Sevda xanım, onu da deyim ki, o işığı həmişə hiss etmirdin. Adi vaxtlarda əsəbi, qayğılı olurdu. Amma müəyyən vaxtlarda elə bil işıq saçırdı. Heç yadımdan çıxmaz, 1985-ci ildə Qərbi Almaniyada Azərbaycan mədəniyyəti günləri keçirilirdi. Böyük nümayəndə heyəti getmişdi. Mahnı Teatrı da orda idi. Birinci konsert günü mənə çox maraqlı idi ki, onu necə qarşılayacaqlar? Əvvəlcə başqaları oxudu, axırda Rəşid Behbudov çıxdı, əlində dəf, başında tacir Əskərin papağı...Tofiq Quliyevin «Neftçilər mahnısı»nı üç dildə - rusca, almanca, Azərbaycanca oxumağa başladı. İnandırım sizi ki, ən çox alqışlayan almanlar idi.

MANHI TEATRI ONUN ƏNƏNƏLƏRİNİ DAVAM ETDİRMİR

- Ələkbər bəy, bütün bunlardan sonra onun yoxluğunu necə qarşıladınız?

- Mənə çox pis təsir elədi...Həyatımın müəyyən mərhələlərində 4 şəxsiyyət - Rəşid Behbudov, Mikayıl Abdullayev, Nəbi Xəzri və tanınmış jurnalist Hacı Hacıyev - ata-anamdan sonra mənim mənəvi istinad nöqtələrim olub. Rəşid Behbudovun yoxluğu məni çox üzdü. Dəfndə fəxri qarovulda mən də dayanmışdım. Amma inanmırdım dünyadan getdiyinə...Və bir də məni üzən odur ki, Rəşid Behbudovun qurduğu Mahnı Teatrı onun ənənələrini davam etdirmir. İnciməsinlər, gördüyümü deyirəm. O kollektivi ki, mən görmüşdüm, indi o yoxdur.

- Deyirlər ki. Rəşid bəyi həyatının son illərində Mahnı Teatrına qoyduğu zəhmət əldən saldı, onun ölümünü yaxınlaşdırdı. Bu fikirdə həqiqət payı nə qədərdir?

- Təsəvvür edin ki, teatrın pərdələri üçün o Leninqraddan (indiki Sankt-Peterburq –S.İ.) xüsusi usta çağırtdırdı. Parketin vurulmasınacan nəzarət edirdi. Deyirdi, olmaz, bunu çıxar, təzədən vur. Həm də istəyirdi ki, teatr tez açılsın. Onu da tələsdirirdilər. Əsəbiləşirdi işlər düz getməyəndə. Səhhəti də əvvəlki kimi deyildi. Amma səsi, təravəti necə var o cür qalmışdı...

RƏŞİD BƏYİN QU NƏĞMƏSİ...SƏNƏ DƏ QALMAZ

Ölümündən iki-üç ay qabaq girdim teatrın zalına, gördüm məşq gedir. Rəşid müəllim oturub, qarşısında mikrofon, məşqi idarə edir. Çevrildi məni gördü, istədim çıxam, dedi gəl. Yanında oturtdu. Repertuara əsasən sonda «Sənə də qalmaz»ı oxumalıydı, rəqqasə Zita Babazadə də oynamalıydı. Rəşid müəllim oturduğu yerdən canlı «Sənə də qalmaz» oxudu. Təəssüf ki, onu lentə almadılar. İnandırım sizi, heç bir səs yazısında o cür oxumayıb...Buna Qu nəğməsi deyirlər. Sonuncu eşitdiyim o mahnı oldu...

ÇOX KÖVRƏK OLMUŞDU...

Ölümünə bir az qalmış çox kövrək olmuşdu. Bir dəfə yazı stolunun üstündə ata-anasının şəklini gördüm. Göstərdi, dedi, bax ey, cinsə bax! Deməyə əsası da var idi. Anası Firuzə xanım ziyalı qadın olub, rus məktəbində dərs deyib. Atası dövrün məşhur xanəndəsi olub.

BU RƏŞİDƏ NƏ OLDU, NİYƏ BELƏ QOCALDI?

- Rəşid bəyin 95 yaşı oldu. Təəssüf ki, illərdir onsuz qarşılayırıq doğum günlərini...

- Qəribədir, özü də bu barədə danışanda zarafatla deyərdi ki, 80 yaşım olanda, bığ-saqqal yapışdıracam, əlimə əsa götürəcəm, uşaqlar qoluma girib məni səhnədən düşürəcəklər. Camaat pıçhapıç edəcək, deyəcəklər bu Rəşidə nə oldu ə? Niyə belə qocaldı? Bax, onda bığı, saqqalı, əsanı atıb başlayacağam oxumağa...

«VTOROQO BEYBUTOVA NE BUDET!»

Bir dəfə teatrda konsert zamanı qapıçı qadınlardan biri öz işini unudub Rəşid Behbudova qulaq asırdı. Birdən qayıdıb hündürdən dedi: «Vtoroqo Beybutova ne budet!». İllər keçib. Bu söz yadımdan çıxmır...
XS
SM
MD
LG